Enerji diplomatiyası

0

Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Yaxın münasibətlərin olduğu bu dövlətlər içərisində Bolqarıstanın xüsusi yeri vardır. Bu baxımdan Azərbaycanla Bolqarıstan uğurlu əməkdaşlıq quran dost ölkələrdir. Yüksək səviyyədə olan münasibətlər hər zaman müsbət dinamikası ilə seçilib. İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi də strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır.

Cari ilin aprel ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Bolqarıstan Respublikasına növbəti səfəri iki dövlət arasında mövcud olan çoxşaxəli münasibətləri daha da dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycanla Bolqarıstan arasında bu günə kimi imzalanmış ikitərəfli sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamə qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Qeyd etməliyik ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Sevindirici haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Azərbaycanla Bolqarıstanın uğurlu əməkdaşlıq etdiyi əsas sahələrdən biri enerji sahəsidir. Məhz cənab Prezidentin Bolqarıstana son səfəri Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmli idi. Səfər çərçivəsində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir.

Mərasimdə iştirak edən dövlət başçımız çıxışı zamanı Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, “bu anlaşma enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır”. Cənab Prezident çıxışı zamanı bir sıra məsələlərlə yanaşı son illərdə ən aktual məsələlərdən biri olan enerji məsələsinə xüsusi olaraq toxunmuş və qeyd etmişdir ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etmişdir. Ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik, ona görə də əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Daha sonra cənab Prezident bildirmişdir ki, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.

Xüsusi olaraq qeyd etməliyik ki, dünyada 1 ildən çoxdur ki, davam edən mövcud geosiyasi vəziyyət, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yaşanan enerji böhranından sonra etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verilir. Cənub Qaz Dəhlizinin işə düşməsi ölkəmizi Avropanın enerji təminatında mühüm tərəfdaşa çevirib. Cənab Prezident də çıxışı zamanı qeyd etmişdir ki, bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq. Azərbaycanı özləri üçün arzuolunan etibarlı tərəfdaş kimi görən Bolqarıstan iki ölkə arasında mövcud olan praqmatik və səmərəli əməkdaşlığı daha da inkişaf etdirmək arzusundadır. Enerji məsələləri ilə yanaşı iki ölkə arasında mövcud olan əlaqələr bir çox sahələri əhatə etməkdədir.

İnanırıq ki, Bolqarıstanla ölkəmiz arasında hazırda bütün sahələrdə olan möhkəm əlaqələr daha da inkişaf edəcək və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimiz xalqlarımızın rifahına xidmət edəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »