“Bakı sülh və diplomatiya xəttini təmkinlə yürütməyə davam edir”

0

Aqressivliyini gün-gündən artıran Ermənistanın son təxribatları göstərir ki, bu ölkənin hərbi birləşmələrinin və Rusiya sülhməramlı kontingentinin havadarlığına arxalanan erməni separatçılarının Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması üçün Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması şübhəsiz ki, zəruridir. Lakin bu yetərli deyil. Ermənistan tərəfindən Azərbaycan ərazilərinə torpaq yollarla silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirilməsi Azərbaycanla Ermənistan arasında şərti sərhədin Laçın-Kəlbəcər istiqamətlərini bütünü ilə nəzarət altına almağımızı qaçılmaz edir.

Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni silah-sursat daşınmasının və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə bu gün Azərbaycan Ordusunun bölmələri tərəfindən bəzi lokal zəruri nəzarət tədbirləri həyata keçirilib. Eskalasiyaya yönəlmiş rəsmi açıqlamaları ilə durumu hər gün biraz da gərginləşdirən rəsmi İrəvan təəssüf ki, bizim üçün sərt tədbirlər görməkdən başqa bir yol saxlamır.

Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi məsələsinə Prezident İlham Əliyev də martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı toxunub. Prezident Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb, lakin eyni zamanda Ermənistan rəhbərliyinin revanşizmə aparan addımlarının və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarının sülhə xidmət etmədiyini də diqqətə çatdırıb. Ermənistan vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürüdür.

Bütün bunlar əlbəttə ki, Azərbaycana öz təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirlər görmək üçün əsas verir. Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Brüssel formatında əldə olunan razılaşmaları ona xatırlatsa da və Paşinyanı təxribatlardan çəkinməyə çağırsa da, lakin görünən budur ki, bu çağırışlar Ermənistanın təxribatlarının qarşısını almağa qadir deyil. Odur ki, Azərbaycan masada olduğu kimi sahədə də gərəkən tədbirləri almaq haqqına sahibdir. Ermənistanı sülhə məcburetmə əməliyyatının həyata keçirilməsinə lap kritik məqamda start verilə bilər. Hələlik isə Bakı sülh və diplomatiya xəttini təmkinlə yürütməyə davam edir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »