“Dostlarımız da, düşmənlərimiz də gerçək gücümüzə, qəhrəmanlığımıza şahidlik etdilər”

0

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndindən Azərbaycan xalqına müraciəti postmüharibə dönəminin hazırkı mərhələsi və perspektivlərlə bağlı qəti mövqeyimizin, milli iradəmizin nümayiş etdirilməsi baxımından olduqca önəmlidir. Dövlət başçımızın bu il xalqımıza Novruz müraciətini Talış kəndindən ünvanlanması böyük mənəvi və siyasi əhəmiyyəti olan bir hadisədir. Ulu Öndər Heydər Əliyevin illər öncə, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalının davam etdiyi bir zamanda uzaqgörənliklə söylədiyi fikirlər indi Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa, Şərqi Zəngəzura bayram ziyarətləri ilə gerçəyə çevrilir.

Ulu Öndər çıxışlarından birində qəti əminliklə söyləmişdi ki, “gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belədə olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Talış kəndinin sakinləri ilə görüşməsi və oradan bütün Azərbaycan xalqına müraciət etməsi Ulu Öndərimizin müdrik uzaqgörənliyinin təsdiqidir.

Prezident çıxışında artıq üçüncü dəfədir ki, Azərbaycan xalqının Novruz bayramını doğma Qarabağda qeyd etdiyini bildirdi və bunun şəxsən onun özüyçün də böyük bir xoşbəxtlik olduğunu xüsusilə vurğuladı: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.

Bu xoşbəxtliyin işartılarını bugünlərdə Talış kəndinə köçən keçmiş məcburi köçkün soydaşlarımızın üzlərindəki, gözlərindəki ifadələrdən hiss etməyin özü də ikiqat fərəh hissi doğurur. İnsanlarımız bu möhtəşəm qayıdış anını uzun illər həsrətlə gözləyiblər. 30 il davam edən işğalın və məcburi köçkünlüyün ağrı-acılarından sonra indi Böyük Qayıdışın ilkin mərhələsinin sevincini yaşamaq həqiqətən də tarixi hadisədir.

Çox təəssüflər olsun ki, bəzi anti-Azərbaycan qüvvələr Ermənistanın son 30 ildə xalqımıza, ölkəmizə qarşı yürütdüyü təcavüzkar, işğalçı siyasəti indi prədələməyə, ört-basdır etməyə çalışırlar. Lakin dövlət başçımızın da qeyd etdiyi kimi, həqiqətləri unutmaq olmaz: “Biz bəzi hallarda görürük ki, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq”.

Maraqlıdır ki, bu gün 30 illik müharibə və işğal reallıqlarını bizə unutdurmağa çalışan dairələr də vaxtilə işğalın nəticələrini dondurmaq, mənfur “status-kvo”nu ermənilərin xeyrinə qoruyub saxlamaq istəyən eyni dairələrdir. Heçnə dəyişməyib. Nə bizə qarşı ədalətsiz və düşmən münasibət dəyişməyib, nədəki taktikalar dəyişib. Otuz ilə yaxın müddət ərzində torpaqlarımız işğal altında idi. Ermənistan rəhbərliyi və separatçı canilər bu illər ərzində xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Xalqımıza qarşı soyqırımı törədilib, hərbi cinayətlər törədilib, misilsiz ədalətsizliyə yol verilib.

Lakin ATƏT-in Minsk Qrupunun bədnam həmsədrləri başda olmaqla bütün beynəlxalq vasitəçilər xalqımızın başına gətirilən müsibətləri, işğalın doğurduğu faciələri görməzdən gəlirdi. İşğalı dondurmaq üçün davamlı cəhdlər edilirdi. Otuz il ərzində Ermənistan və onun havadarları, onun arxasında duran müttəfiqləri bizi haqq işimizdən çəkindirmək üçün müxtəlif imkanlardan, müxtəlif vasitələrdən istifadə etməyə çalışırdılar, bizi mənasız danışıqlarla yormaq istəyirdilər, bizi işğalla barışdırmaq istəyirdilər. Lakin onların bütün cəhdləri sonda iflasa uğradı. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etməyi bacardı.

Hamıya məlumdur ki, Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz öz doğma torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcəyik. Lakin Ermənistanın rəhbərləri və onların havadarları bizim bu mesajlarımızı, xəbərdarlıqlarımızı qulaqardına vururdular. Bu da onların ən böyük səhvi idi. Nəticədə biz öz torpaqlarımızı, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərini güc tətbiq edərək azad etməli olduq. BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyümüzü hərbi yolla təmin etdik, düşməni ərazilərimizdən qovduq və beləliklə də tarixi ədalətsizliyə son qoyduq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib, əsl milli həmrəylik nümayiş etdirdi. Dostlarımız da, düşmənlərimiz də gerçək gücümüzə, qəhrəmanlığımıza şahidlik etdilər.

Cənab Prezidentin də qeyd etdiyi kimi bizim torpaqlarımızın 30 il ərzində işğal altında olması faktını bu gün heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”. Bu Azərbaycanın haqlı və qəti tələbidir. Nikol Paşinyan hökuməti dünyanın böyük güc mərkəzləri arasında ziddiyyətli manevrlər etmək və özü üçün yeni ağalar axtarmaq əvəzinə Azərbaycanın diktə etdiyi sülh şərtlərini qəbul etməli, bölgədə qalıcı sülhün bərqərar olması üçün Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Ancaq əfsuslar olsun ki, biz görürük ki, 44 günlük İkinci Qarabağ müharibəsinin ağır nəticələri Ermənistana hələ də dərs olmayıb. Bu gün Ermənistanda yenə də Azərbaycan xalqına qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları səsləndirilir, revanşist qüvvələr baş qaldırır. Ermənistan rəhbərliyi də, erməni müxalifəti də sağlam təfəkkürdən məhrum olmuş qüvvələr kimi hərəkət edir. Və belə çıxır ki, 44 günlük müharibə dönəmində olduğu kimi Ermənistan rəhbərliyini, davakar erməni toplumunu reallıq hissinə yenə də biz özümüz qaytarmalıyıq. Biz Ermənistanın arxasında dayanan Fransa kimi, İran kimi bəzi katalizator ölkələrin və eləcə də beynəlxalq təşkilatların Ermənistan rəhbərliyini qeyri-konstruktiv və çirkin əməllərdən çəkindirmək niyyətini müşahidə etmirik.

Ona görə də Ermənistanı çirkin əməllərdən çəkindirmək missiyası bizim üzərimizə düşür. Azərbaycan Prezidenti də məlum müraciətində məhz bu məqama toxunaraq birmənalı şəkildə bəyan etdi ki, “əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var”.

Prezidentin işğaldan azad edilmiş Talış kəndindən verdiyi bəyanat revanşist Ermənistanı sülhə məcbur etməyə hesablanıb. Çünki Ermənistan rəhbərliyinin hazırda yürütdüyü avantürist və pozucu siyasət bizim üçün başqa yol saxlamır. Paşinyanın qızışdırıcı və kütbeyin siyasəti Azərbaycanı növbəti dəfə dəmir yumruğu işə salmağa məcbur edir. Bu gedişlə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yerləşən ərazilərimizdə antiterror əməliyyatının keçirilməsi qaçılmaz olacaq.

Novruz sülh bayramıdır. Prezident İlham Əliyev də hələ ki, sülh siyasətini təmkinlə davam etdirir. Onun Talış kəndindən səsləndirdiyi mesajlar da sülh çağırışları idi. Ermənilər İlham Əliyevin sülh çağırışlarını düzgün dəyərləndirməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »