Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq

0

Ermənistanın məğlubiyyəti ilə başa çatan 44 günlük müharibənin bitməsinin üzərindən iki ildən çox vaxt keçsə də, lakin bu ölkənin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsi isə bütün gücü ilə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibə dönəmində olduğu kimi postmüharibə mərhələsində də sözügedən informasiya müharibəsinin dayandırılması, ermənilərin və onların havadarlarının anti-Azərbaycan isteriyasının fəsadlarının zərərsizləşdirilməsi istiqamətində kifayət qədər fəal iş aparır. Onun xarici ölkələrə səfərləri və beynəlxalq tədbirlərdə (o cümlədən Münhen Təhlükəsizlik konfransındakı) çıxışları həm də bu məqsədə xidmət edir. Bu səfərlərin, çıxışların hər biri Azərbaycanın haqlı mövqeyini dünya birliyinin diqqətinə çatdırmaq baxımından çox önəmlidir.

Dövlət başçımızın 13-14 mart tarixlərində Almaniyada səfərdə olmasına və onun bu səfər çərçivəsində Almaniya prezidenti ilə, kansler ilə, aparıcı alman şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərə də ilk növbədə bu kontekstdən yanaşmaq lazımdır. Prezidentin Almaniya səfərinin hazırkı həssas məqamda uğurla baş tutması mühüm əhəmiyyətə malikdir. Bu səfərin nəticələri Ermənistanın “bacı”sı və əsas himayədarlarından biri olan Fransanın yürütüdüyü anti-Azərbaycan siyasətini bloklamaq baxımından olduqca önəmlidir. Bu mənada, dövlət başçımız həqiqətən də uğurlu istiqamət seçib. Avropa İttifaqında (Aİ) hegemon mövqeyə yiyələnməyə çalışan Fransa daim Almaniyanın ciddi rəqabəti ilə üzləşir. Emmanuel Makronun Ermənistan-Azərbaycan sülh danışıqları prosesinə vasitəçi rolunda müdaxilə etmək cəhdləri də Fransanın özünü Aİ lideri kimi təsdiqləməsinə hesablanıb.

Lakin Prezident İlham Əliyevin Almaniya səfərinin nəticələri və rəsmi Berlin tərəfindən ölkəmizin ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi onu göstərdi ki, Azərbaycan Almaniyanın timsalında Fransanın ən güclü rəqibinin dəstəyini qazanıb və Fransanın Ermənistanı sülh prosesindən yayındırmaq, Qarabağdakı erməni separatçılarını qızışdırmaq cəhdləri sonda iflasa məhkumdur. Azərbaycan lideri istər Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, istərsə də mətbuat konfransında çıxışları zamanı Almaniya liderlərini, alman siyasi elitasını və ictimaiyyətini Ermənistanın işğalçılıq siyasəti, 30 illik işğal və postmünaqişə dövrünün reallıqları barədə müfəssəl məlumatlandırdı.

Bu səfər Azərbaycanın sülhsevərlik mövqeyni bütün Aİ ölkələrinin diqqətinə çatdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. İlham Əliyev bu səfərin gedişində bir daha bəyan etdi ki, indi sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik və ümid edirik ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq. Azərbaycanın bu mövqeyini dəstəkləyən Almaniya Kansleri Olaf Şols da mətbuata bəyanatında Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini diqqətə çatdırdı.

Ümumilikdə İlham Əliyevin bu səfəri Almaniyanın Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olduğuna əmin olmaq baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan Almaniyanın simasında kifayət qədər etibarlı müttəfiq və tərəfdaş qazanıb. Almaniya ilə münasibətlərimizin daha da sıxlaşması heç şübhəsiz ki, İrəvanda da, Yelisey Sarayında da qıcıq doğuracaq. Lakin rəsmi Bakının yürütdüyü çevik və çoxşaxəli siyasət düşmənlərimizin həmlələrini faktiki olaraq puça çıxarır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »