“Sülh danışıqları növbəti dəfə “dalan”a dirənib”

0

Martın 5-də törətdikləri növbəti təxribatla kifayətlənməyən ermənilər ötən gecə yenə də gərginliyi məqsədyönlü şəkildə artırmağa davam etdilər. Belə ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Şübhəsiz ki, bu cür təxribatların arxasında hiyləgər məqsədlər dayanır.

Belə ki, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi atəşə tutmaqla Azərbaycan Ordusunu cavab atəşi açmağa təhrik etməsi və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, Azərbaycanı təcavüzkar tərəf kimi göstərməyə çalışması artıq heç kimdə şübhə doğurmur. Havadarlarına arxalanan Ermənistanın bu davranışları çox təəssüf ki, sülh prosesinə ağır zərbə vurur.

Lakin davamlı olaraq ziddiyyətli siyasət aparan Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən İrəvanın sülh gündəmini reallaşdırmaqda maraqlı olduğunu söyləyir, digər tərəfdən isə martın 5-də Qarabağda erməni separatçılarının hərbçilərimizə hücum təxribatının məsuliyyətini Azərbaycanın üzərinə yıxaraq bizi təxribatda ittiham edir, özlərinin terror cəhdini bizim ayağımıza yazmağa çalışır.

Paşinyanın hökumətin iclasında sərt anti-Azərbaycan ritorikasına əl atması nə Ermənistan iqtidarında, nədəki erməni müxalifətində adekvat, sağlam düşüncəli siyasətçilərin olmadığını göstərir. Məhz bunun nəticəsidir ki, Ermənistan real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıb. Və bu həqiqəti Azərbaycan Prezidenti İlham Əliyev də martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında ayrıca qeyd etdi.

Dövlətimizin başçısı onu da vurğuladı ki, biz Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik. Lakin Ermənistan rəhbərliyi isə fərqli güc mərkəzlərinin havadarlığına və şirnikləndirici vədlərinə uyaraq ziddiyyətli və təhrikçi siyasət yürütməyə, sülh prosesinə zərbə vurmağa davam edir. Paşinyanın qeyri-adekvat davranışları nəticəsində sülh danışıqları növbəti dəfə “dalan”a dirənib.

Rusiya sülhməramlılarının Ermənistanın təxribatlarına göz yumması, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsinə şərait yaradılması və hətta Rusiya sülhməramlı kontingentinin bu daşımaları bilavasitə müşayiət etməsi faktları isə onsuz da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır. Bütün bunlar onu göstərir ki, “sülhməramlı” kimi təqdim olunan Rusiya silahlı kontingenti birmənalı surətdə həm separatçıların, həm də bütövlükdə Ermənistanın yanındadır.

Belə bir kritik durumda Azərbaycan Prezidenti X Qlobal Bakı Forumunun kürsüsündən burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçıların Ermənistanı sülhə nail olmaq şansını itirməmək üçün dilə gətirəcəklərinə ümid etdiyini bildirməklə siyasi-diplomatik səylərini davam etdirməklə yanaşı, Ordumuz da Qarabağda qısamüddətli çevik antiterror əməliyyatı aparmaq üçün tam hazırdır.

Çünki baş vermiş son hadisələr, o cümlədən sülhməramlıların müşayiətilə separatçılara silah-sursat daşınması, erməni separatçılarının gün-gündən azğınlaşması, sülhməramlıların komandanı general Volkovun erməni təxribatlarının qarşısının alınması üçün heç bir cəhd göstərməməsi kimi neqativ hallar “Qisas-2” antiterror əməliyyatının keçirilməsini labüd edir. Lakin biz bu əməliyyatın gözlənilən müvəffəqiyyətlə nəticələnməsi üçün maksimum dərəcədə əlverişli məqam seçməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »