Qayınata gəlinini yataq otağında öldürdü – “Ya boşan, ya da…”

0

Daşkəsən rayonunda 1964-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəminində 1993-cü il təvəllüdlü gəlini Naziləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com məlumat verir ki, qətl hadisəsi ötən il avqustun 22-də baş verib. Salman fərdi yaşayış evinin yataq otağında gəlini Naziləyə mütəmadi olaraq anasının İmişli rayonunda yerləşən evinə gedərək anası və bacısı ilə birlikdə bir müddət qalmasını irad bildirib.

Onların arasında mübahisə yaranıb. Nazilənin təhqir edərək söyüş söyməsindən əsəbiləşib. Bıçaqla gəlinin boğazını kəsməyə cəhd edib.

Nazilənin qışqırıq səslərinə otağa daxil olmuş yetkinlik yaşına çatmayan nəvəsinin gözləri qarşısında ona 10 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, özünü Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Salmanın sözlərinə görə, gəlininin bacısı Səbinə və anası Gülgəz mütəmadi olaraq müxtəlif bəhanələrlə Naziləni evlərinə apardıqları üçün həmişə aralarında narazılıq olub:

“Onlar Naziləyə özlərinin baxacaqlarını deyirdilər. Dəfələrlə onu öz evlərində saxlayıblar. Nazilənin yaşadığı Daşkəsən rayonundakı evin şəraitinin pis olduğunu səbəb gətirirdilər. Nazilənin oğlum Sərxanla Bakı şəhərində yaşamalarını istəyirdilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Nazilə və oğlu Sərxan bir neçə ay Bakı şəhərində kirayədə qalıblar:

“Sonra Nazilənin kirayədə qalmasına razı olmadıq və onu yenidən öz evimizə gətirdik. Nazilənin bacısı Səbinə bir neçə dəfə ailə quraraq boşanıb. Son zamanlar tanımadığım hərbi qulluqçu ilə qeyri-rəsmi birgə yaşayırdı. Mən də bu səbəbdən Nazilənin tez-tez atasıgilə getməyindən, ailəmin adına ləkə gətirəcək hərəkət etməsindən narahat olurdum”.

Salman deyib ki, sonuncu dəfə Səbinə Sərxana zəng edərək anasının xəstələndiyini, Nazilənin gəlməli olduğunu bildirib:

“Səbinə ilə telefonda özüm danışdım və yalan dediyini anladım. Səbinə isə mənimlə kobud danışdı, Naziləni göndərməyimi istədi. Sərxan Naziləni anasıgilin yaşadığı evə apardı. Növbəti gün Sərxanla telefonda əlaqə saxladım. Oğlum Nazilənin anasının sağlam olduğunu, Səbinənin yalan danışdığını dedi.

Mən Sərxana Naziləni gətirməyi tapşırdım, amma anası və bacısı buna razı olmadılar”.

Salman qeyd edib ki, daha sonra Sərxan Bakı şəhərində kirayədə yaşadıqları evə gedib:

“Nazilə isə anası və bacısı ilə İmişli rayonunda qaldı. Təxminən iki ay anası və bacısı ilə birlikdə yaşadıqdan sonra yenidən Bakı şəhərinə Sərxanın yanına getdi. 2022-ci ilin avqustun 19-da birgə kəndə gəldilər.

Avqustun 22-də səhər saatlarında Naziləni həyətdən evə çağırdım. “Ananla bacın bizi aldadaraq səni evlərinə apardılar, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy” dedim. Mübahisə zamanı Nazilə mənə söyüş söydü. Mən də əsəbiləşərək mətbəx bıçağı götürdüm və Naziləyə zərbələr endirdim. Vurduğum birinci zərbəni xatırlayıram, digərlərini isə özümü itirdiyimdən xatırlamamışam.

Hadisədən sonra Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək gəlinimi öldürdüyümü dedim. Bu zaman nəvəm mənim danışığımı eşitdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Naziləni vurarkən evdə heç kimin olmayıb, hadisəni heç kim görməyib, nəvələri digər oğlu Vaqifin evində olublar.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Gülgəzin sözlərinə görə, Sərxanla ailə həyatı qurduqdan sonra qızı Nazilə ilə çətinliklə əlaqə saxlayıb:

“Nazilənin mobil telefonu olmayıb. Onunla ancaq Sərxanın və ya övladlarının mobil telefonu vasitəsilə əlaqə saxlamışam. Biz telefonla danışan zaman həmişə Sərxanın ailə üzvləri Nazilənin yanında olublar. Yaşadıqları evin şəraiti yaxşı olmadığı üçün Nazilə Sərxanla birlikdə ayrı evdə yaşamaq istəyib. Amma Sərxanın atası buna razı olmayıb. Bu səbəbdən Nazilə mütəmadi olaraq Sərxan və Salman tərəfindən döyülüb”.

Gülgəz qeyd edib ki, 2022-ci ilin martın əvvəllərində mobil telefonla danışan zaman Nazilə Salmanın onu möhkəm döydüyünü və huşunu itirdiyini deyib:

“Bundan sonra Səbinə mənim istəyimlə Naziləyə zəng etdi, yalandan mənim xəstə olduğumu dedi və Nazilənin bizə gəlməsini istədi.

Sərxan Naziləni yaşadığınız evə gətirdi. Bundan sonra Sərxana Nazilənin ya bizim evimizdə qalacağını, ya da birlikdə ayrı evdə yaşayacaqlarını dedim.

Sərxan da Nazilə ilə birlikdə Bakı şəhərində kirayədə yaşayacaqlarına söz verdi. Nazilə təxminən 15 gün bizdə qaldıqdan sonra Sərxan yenidən gəldi. Naziləni Bakı şəhərinə kirayədə qaldığı evə apardı. Onlar 2022-ci ilin avqustun 19-da övladlarının sənədlərinin düzəlməsi üçün Daşkəsən rayonundakı kəndə gediblər. Avqustun 22-də, günorta saatlarında bacımgildə olarkən bibim oğlu mənə zəng etdi, Nazilənin öldüyünü dedi”.

İş üzrə şahid qismində ifadə verən Sərxanın sözlərinə görə, baldızı Səbinə və qaynanası Gülgəz arvadı Naziləni tez-tez müxtəlif bəhanələrlə İmişli rayonundakı evlərinə apardıqları üçün aralarında narazılıqlar olub:

“Baldızım Səbinə yüngül həyat tərzi keçirdiyindən Nazilənin onunla ünsiyyətdə olmasını istəməmişəm. Sonuncu dəfə Səbinə zəng edərək anası Gülgəzin xəstələndiyini, ölüm ayağında olduğunu, Naziləni görmək istədiyini dedi. Atam Səbinə ilə danışanda onun yalan dediyini başa düşdü, bizim ailəmizdən uzaq durmağı tapşırdı. Onların arasında telefonda mübahisə oldu.

Naziləni anasının yaşadığı evə apardım, onun ciddi xəstələnmədiyini gördüm. Nazilə mənə Səbinənin yalan söylədiyini, onu gətizdirmək üçün oyun oynadıqlarını dedi. Mən də bu barədə atama danışdım, Nazilə təxminən 15 gün anasına məxsus evdə yaşadıqdan sonra Xırdalan şəhərinə mənim yanıma gəldi”.

Sərxan qeyd edib ki, avqustun 19-da övladlarının sənədlərini məktəbə təqdim etmək üçün Daşkəsən rayonuna qayıdıblar:

“Hadisə baş verən gün evdə olmamışam. Atamın Naziləni öldürdüyünü kəndə qayıdanda bilmişəm. Sonradan qardaşım oğlundan hadisə barədə soruşdum. O, hadisə vaxtı evin həyətində olduğunu, Nazilənin qışqırdığını eşitdiyini, daha sonra bizə məxsus yataq otağına girəndə atamın Naziləni bıçaqla vurduğunu gördüyünü dedi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Salman 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »