“Bu hadisə sıradan bir vətəndaşın törədə biləcəyi adi cinayət deyil”

0

Martın 4-də paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı hücum bütün cəhətləri ilə məhz terror aktı kimi dəyərləndirilməlidir. Bu cür yüksək hazırlıq və peşəkarlıqla həyata keçirilən qanlı hadisəni başqa cür tövsif etmək mümkün deyil. Hadisəni törədənlərin “Kalaşnikov”dan arxayın surətdə istifadə etməsi, inkassatora hücumun xüsusi soyuqqanlılıqla icra edilməsi və daha sonra isə onların heç bir çətinlik çəkmədən şəhərin izdihamlı yerlərindən birində gizlənməsi də bir daha onu göstərir ki, bu hücum öncədən diqqətlə və xüsusi plan əsasında hazırlanıb.

Hiss olunur ki, bu teraktı törədənləri xüsusi olaraq təlimatlandırıb hazırlaşdıran hansısa gizli bir mərkəz var. Diqqəti cəlb edən ilkin əlamətlərdən də görünür ki, bu hadisə sıradan bir vətəndaşın, hansısa bir xırda xuliqanın törədə biləcəyi adi cinayət deyil. Onu da nəzərə almalıyıq ki, bir sıra qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda ümumiyyətlə, silahlı hücum şəklində cinayət törətmək ənənəsi demək olar ki, yoxdur.

Bu arada dünənki hücumu həyata keçirən cinayətkarlardan birinin sosial şəbəkə hesabındakı iranpərəst paylaşımları da diqqətdən yayınmamalıdır. Azərbaycanda hökm sürən sabitliyi və əminamanlığı pozmaq istəyən bədxah qonşularımız öz mənfur niyyətlərini həyata keçirmək üçün hər an əlverişli məqam gözləyirlər. Ona görə də önləyici tədbirlərin görülməsinə, təhlükəsizlik məsələlərinə diqqəti daha da artırmalıyıq.

Hüquq-mühafizə orqanlarımızın operativ əməliyyat tədbirləri sayəsində silahlı hücumu törədən cinayətkarlardan birinin zərərsizləşdirilməsi, digərinin isti izlərlə həbs edilməsi isə təqdirəlayiq haldır. Silahlı hücum nəticəsində həyatını itirən qazi Rüfət Həşimovun yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanan şəxsə isə Allahdan şəfa diləyirik.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »