DTX İŞİD-in mühasibi və qardaşını saxladı – Rəsmi

0

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.

DTX-dən verilən məlumata görə, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində İŞİD terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilmiş, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnmişdir. Daha sonra o, İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilmişdir ki, Salahov Mircavad Seyidağa oğlu İŞİD terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunmuşdur. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »