İH rəsmisi külli miqdarda pul yeyib – İttiham

0

Hazırda kəndimizdə icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samiq Şahmarov külli miqdarda dövlət əmlakını qanunsuz mənimsəməklə məşğuldur.

Bu sözləri Axar.az-a Saatlı rayonu Əhmədbəyli kəndinin İƏD üzrə nümayəndəsi Samiq Şahmarovun qanunsuz əməlləri haqqında şikayət edən sakinlər Novruzəli Əliyev və Şahin Əsgərov deyib.

Şikayətçi Novruzəli Əliyevin sözlərinə görə, S.Şahmarov saxta sənədlə dövlət büdcəsindən ayrılan külli miqdarda subsidiyanı mənimsəyib:

“Samiq Şahmarov 2010-2022-ci illərdə saxta yollarla öz adına keçirdiyi 400-500 hektarlıq əkin sahəsində və ayrı-ayrı kənd sakinlərinə verilən bələdiyə torpaqlarında guya taxılçılıq, toxumçuluqla məşğul olduğu haqda sənədlər təqdim etməklə qanunsuz vəsait əldə edib. Lakin ortada belə bir şey yoxdur. Hər şey kağız üstündədir. Digər tərəfdən kəndimizdə əhaliyə verilməli olan fermanı və ərazisini ələ keçirib, orada iki yüzə yaxın mal-qara, üç yüzə yaxın isə qoyun saxlayır. 2021-ci ilin fevral ayında icra başçısı Elmir Bağırovun qəbulunda da olduq.

Əlimizdə rayonun Aqrar İslahat Komissiyasından əldə etdiyimiz 2018-ci ilə aid sənəd var. Sənəddə Samiq Şahmarovun adına 195 hektar sahənin olduğu qeyd olunub. Biz eyni zamanda bəzi kənd sakinlərinə sənəddə göstəriləndən əlavə də torpaqların qanunsuz verildiyini üzə çıxardıq. 2010-cu ildən 2015-ci ilə kimi məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məktubla müraciət etmişik. Lakin aramızdakı bir neçə nəfər müxtəlif təzyiqlər səbəbindən geri çəkilməli oldu”.

Şikayətçi Şahin Əsgərov isə bildirib ki, S.Şahmarov həm onun adına olan pay torpağına görə öz adına subsidiya yazdırıb, həm də qanuni şəkildə ayrılan subsidiyanın bir qismini mənimsəyib:

“Sizə də göstərdiyimiz siyahıda adım yoxdur. Lakin mən şəxsən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişəm. Müraciət nəticəsində adıma 1047 və 1305 manat subsidiya vəsaitinin yazıldığını öyrənmişəm. Samiq Şahmarovun müavini Bəxtiyar Manafov mənə zəng edib subsidiya vəsaitinin köçürüldüyü kartı nümayəndənin adından istəyib. Mən də inanıb verdim. Kartımı geri alanda isə mənə verilən pulun az olduğunu gördüm.

Digər tərəfdən, S.Şahmarov əmim Abbas Bayram oğlu Əsgərovun mülkiyyətində olan torpaq sahəsini satış haqqında qiyabi qətnamə almaq yolu ilə mənimsəyib. Əmim torpağı ona əkmək üçün vermişdi, lakin o, həm torpağı öz adına saxta sənədlə keçirib, həm də ayrılan səkkiz yüz yetmiş üç manatı mənimsəyib. İndi əmim torpağını əkmək üçün geri istəyir, ancaq sahə saxta yolla onun mülkiyyətindən çıxarılıb. Əmim öz qızı ilə onun qəbuluna gedərək torpağını geri verməsini istəyib. Ancaq S.Şahmarov “Torpağı verməyəcəm. Get, Paşinyandan, Sərkisyandan al” deyərək onları təhqir edib.

Samiq Şahmarov mənə də iftira atıb və saxta ittihamlarla 15 günlük həbs cəzası almışam.

Biz baş verən qanunsuzluqlarla bağlı millət vəkilimiz Əziz Ələkbərova, Baş prokuror Kamran Əliyevə, Baş nazir Əli Əsədova, DTX-nin rəisi Əli Nağıyevə, maliyyə naziri Samir Şərifova, cənab Prezidentə və Mehriban xanım Əliyevaya məktubla müraciət etmişik”.

Şikayətçinin sözlərinə görə, Hilal Behbudov adlı şəxs 2017-ci ildə kənddə fəaliyyət göstərən tibb məntəqəsinə bitişik mal tövləsi tikib:

“Hazırda pandemiya dövründə əhalinin sağlamlıq məsələsinin aktuallıq kəsb etdiyi bir vaxtda bu, inanılmaz bir hadisədir və yolverilməzdir. Bu hal sağlam şəkildə ətraf mühitdə yaşamaq hüququna ziddir. Bu şəxs də Samiqin yaxın qohumudur və icazə onun dövründə verilib”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »