İran ayətullahlarının “kəşfi” budur – Cavanşir

0

1989-cu ildə Xamenei ayətullah idi, Xomeyninin istəyi ilə bir günə mərceyi-təqlid (Böyük müctəhid) elan edilmişdi. Ali rəhbər olmaq üçün mərcəyi-təqlid olmaq lazımdır. Görünür ki, islamda ruhani məqam, xüsusən şiə məzhəbində siyasi məzmunludur. Lazım olanda o məqam verilir və lazım olanda alınır.

Bu sözləri Axar.az-a tanınmış güneyli publisist Abdulla Əmir Haşimi Cavanşir deyib.

O hesab edir ki, bu məqamlar ruhani zümrəsinin mənfəətlərinə uyğun olaraq verilir:

“Dini rütbənin ardıcıllığına görə birinci tələbə olmalısan, sonra şeyx, şeyxülislam, höccətül-islam, ayətullah və ayətullah-uzma… Ayətullah-uzmadan sonra “imam” ləqəbi verilir. Bu dini rütbələrə nail olmaq üçün təzkirələr yazmaq lazımdır. Təzkirələrin məzmununu oxuyarkən bir elmi kəşf və ya yeniliyə rast gəlmək olmur. Hətta ibtidai sinif şagirdi onlardan daha artıq məntiq və düşüncə ortaya qoya bilər. Misal üçün biri yazır ki, bir günahsız heyvanı öldürən bir misqal qızıl verməlidir. Digəri hesab edir ki, üç misqal vermək olar. Yəni elə bir əsaslı məntiq tapmaq olmur”.

Güneyli yazar ölkənin dini əsaslarla idarə olunmasının doğru olmadığını bildirib:

“İran ayətullahları 44 ildir ki, ölkənin heç bir tərəqqisinə nail ola bilməyib. Vilayəti-fəqih əsası ilə nəinki ölkəni, hətta dünyanı idarə etməyə iddialıdırlar. Həmçinin, bu günlərdə Xamenei ilə müctəhidlər ordusu müxalifdirlər. Onlar islam dininin siyasətdən ayrı olmağının tərəfdarıdır. İslam qaydası ilə ölkəni idarə etmək Xomeyninin nəzəriyyəsi idi. Son 44 ildə bu nəzəriyyə iflasa uğrayıb. Dünyada qəbul olunmayan bir şeydir və bir çox böhrana səbəb olub. Əfqanıstanda, Yəməndə, İraqda bunun şahidi oluruq. Xamenei çox israrla bu hökumətin davam etməsini istəyir, bu yolda həbs və qətllər törətməkdən belə çəkinmir”.

Abdulla Əmir Haşimi Cavanşir İranda müctəhidlər arasında ixtilafların olduğunu diqqətə çatdıraraq, bəzilərinin Xameninin idarəçiliyini qəbul etmədiyini bildirib:

“Müctəhidlər İran İslam İnqilabından sonra xeyli var-dövlət qazanıblar. Onların himayədarı Xameneidir. Bu səbəbdən də onlar Xameneini dəstəkləyirlər. Amma bəziləri də dinin siyasətdən ayrı olmağının tərəfdarıdır. Elə ona görə də İran müctəhidlərinin arasında vaxtaşırı ixtilaf üzə çıxır. İndi İranda müctəhidlər arasında da mübarizə davam edir. Bir sıra islahatçı dəstə Xameneiyə qarşı mübarizə aparır. Mübarizə formaları kütləninkindən fərqlidir”.

Azərbaycanın ilahiyyatçı alimlərindən biri olan Elşad Miri isə mövzu ilə bağlı danışarkən bildirib ki, Xameninin müctəhid məqamına sahib olmasının islam dini ilə heç bir bağlılığı yoxdur:

“Belə bir dini iyerarxiya sonradan ortaya çıxarılmış bir məsələdir. Azərbaycanın özündə şeyxülislam, müfti, qazi və digərlərinin islama aiddiyəti yoxdur. Sadəcə, islam adı altında ortaya atılmış bir dini iyerarxiyadır. Bunu da başqa dini adlardan olduğu kimi kopyalayıblar, sadəcə, adlarını dəyişiblər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »