Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına etdiyi müraciətdən sonra Bakı şəhərində yardımtoplama məntəqəsi yaradılıb. Azərbaycan Skautlar Assosiasiyası bu kampaniyaya qoşulmuşdur. Belə ki, təşkilatın Bakı şəhəri, Ceyhun Hacıbəyli 30L ünvanında yerləşən baş ofisi bir müddət həm də zəlzələdən zərərçəkənlər üçün yardım məntəqəsi kimi fəaliyyət göstərəcək. Bu məntəqəyə yardımlar həm Bakı şəhərindən, həm də rayonlardan gətirilir.

Prosesin optimallaşdırılması və səmərəliləşdirilməsi məqsədilə Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət göstərdiyi 14 rayon və şəhərlərdə ( Bakı, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, Göygöl, Xaçmaz, Qax, Quba, Lənkəran, Salyan, Şəki, Tovuz və Yevlax) yardım dayaq məntəqələri formalaşdırılmışdır. Dayaq məntəqələrində bu gün səhər saatlarından etibarən həmvətənlərimizin izdihamı müşahidə olunur. Yardım edənlər əsasən qış paltarları – gödəkçə, şalvar, əlcək, corab, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri ilə dəstək olmağa çalışırlar.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Skautlar Assosiasiyasının baş katibi Ülvi Məmmədov bildirib. O, həmçinin qeyd edib ki, toplanmış humanitar yardımlar rayonlarda fəaliyyət göstərən böyükyaşlı skautlardan ibarət formalaşdırılmış müvəqqəti qruplar tərəfindən çeşidlənərək, qablaşdırılaraq göndərilmək üçün hazır vəziyyətə gətirilir. Bu qruplar 14 rayon və şəhərdə növbəlilik prinsipi ilə çalışırlar. Dayaq məntəqələri əsasən skaut ofisləri, komanda üzvlərinin şəxsi məkanlarında yaradılmışdır.

Dayaq məntəqələrinin yarısı gün ərzində növbəlilik prinsipi üzrə fasiləsiz fəaliyyət göstərir. Yardım etmək istəyən həmvətənlərimiz Azərbaycan Skautlar Assosiasiyası tərəfindən rayon və şəhərlərdə yaradılmış məntəqələr barədə məlumat almaq üçün https://scout.az/support internet ünvanına daxil ola və əlaqələri tapa bilərlər. Proseslə bağlı ümumi zəng və WhatsApp xidməti mövcuddur: +994 55 484 37 38