“Ölkə gənclərinin uğurlarına sevinirik”

0

Bu gün əlamətdar bir gündür. Artıq 26 ildir ölkə gəncləri hər il fevralın 2-ni Azərbaycan Gəncləri Günü kimi qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Son 3 ildə isə gənclərimiz öz bayramlarını həm də qalib ölkənin vətəndaşları kimi böyük qürur hissilə qeyd edirlər. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda xüsusi fədakarlıq və mübarizə ruhu ilə vuruşan gənclərimiz öz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar.

Şanlı Zəfərin qazanılmasında, torpaqlarımızın düşmən işğalından azad edilməsində şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin əvəzsiz rolu var. İkinci Qarabağ müharibəsi göstərdi ki, Vətənimizi göz bəbəyi kimi qorumaq bu ölkənin hər bir gənci üçün şərəf, namus məsələsidir. Bu müqəddəs müharibədə 3 minə yaxın gəncimiz düşmən qarşısında öz canını sipər etdi, şəhidlik zirvəsinə ucaldı. Bu cür qəhrəman gənclərimizlə həqiqətən də fəxr etməyə dəyər.

Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsində, müstəqilliyimizin qorunub saxlanmasında, ölkəmizin yeni reallıqlara və çağırışlara adaptasiya olunmasında, informasiya-kommunikasiya texnologiyaları əsrinin tələblərinə uyğunlaşmasında da gənclərimizin rolu əvəzsizdir. Ölkəmizin gələcəyinin etibarlı təminatı məhz bilikli, sağlam, işgüzar gənclərimizin aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Ona görə də, biz gənclərimizin potensialından həm onların özlərinin fərdi inkişafları üçün, həm də ümumən ölkənin mənafeyi naminə səmərəli, düzgün istifadə olunması üçün əlimizdən gələni etməliyik. Gənclərimizin peşə yönümlü məşğulluğunun təmin edilməsi, onların milli-mənəvi dəyərlərimizə bağlılığının möhkəmləndirilməsi və ölkənin ictimai-siyasi həyatında aktiv rol alması, hər bir Azərbaycan gəncinin cəmiyyətdə layiqli yer tutması üçün dövlət səviyyəsində zəruri tədbirlərin görülməsi həmişə əsas prioritetlərimizdən biri olmalıdır.

Biz Milli Həmrəylik Partiyası olaraq ölkə gənclərinin uğurlarına sevinir və gənc nəslin problemlərinin həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik. Fürsətdən istifadə edib Azərbaycanın bütün gənclərini Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, onların hər birinə həyatda və işlərində uğurlar diləyirik. Bayramınız mübarək olsun, əziz gənclər!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »