“Bu gün Azərbaycanda vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır”

0

2 Fevral Azərbaycan Gəncləri gününün elan olunmasının 26 ili tamam olur. Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Gənclər Günü ilə bağlı Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov “Xalq Cəbhəsi”nə bildirib ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsilə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Ümumiyyətlə, ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Dövlət gənclər siyasətinin əsas məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir: “Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də heç şübhəsiz onun gələcəyimizə – Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfədir. Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yaşandı. Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsaslarının formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri vardır.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. Ölkə iqtisadi tənəzzül yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən böyük təhdidlər var idi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Təlatümlü bir şəraitdə öz xalqının çağırışına biganə qalmayaraq müstəqil Azərbaycanın idarəetmə sükanının arxasına keçən Ulu Öndər gənclərə olan böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi. Dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlət qayğısını hiss etdirdi. Bununla yanaşı digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılıb, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınıb. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi və Forumda Heydər Əliyev şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər”.

N.Məmmədov deyib ki, ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr kimi İlham Əliyev cənablarını yetişdirməsi oldu. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: “Həm Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.

Azərbaycan gənci müzəffəz Ali Baş komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı. Gəncliyimiz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaqla, şəhid olmaqla, qazi olmaqla vətənə olan bağlılıqlarını göstərdilər. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti dövlətin təməlini möhkəmləndirir, gənc nəslin inkişafında müstəsna rol oynayır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil alan tələbələrə verilən təqaüdlərin artırılması bu siyasətin mühüm tərkib hissəsidir. Regionlarda Gənclər evinin yaradılması, gənclər arasında sağlam həyat tərzinin təşviqi, bu istiqamətdə həyata keçirilən tədbirlər, Gənclər üçün Olimpiya mərkəzlərinin yaradılması da gəncliyin inkişafına öz töhfəsini verir. Gənclər siyasətinin məqsədi Azərbaycanda istedadlı, bacarıqlı, savadlı, sağlam gənclərin yetişdirilməsini formalaşdırmaqdır. Bütün bunlarla yanaşı dövlət başçısı tərəfindən Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Ölkə başçısı İlham Əliyevin çıxışlarında hər zaman Azərbaycan gəncliyinə göstərilən yüksək inam və etimad kimi çağırışların olması da daim diqqət çəkir.

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyə gənclərə çağırışlar edən dövlətimizin başçısı onların rifahına xidmət edən mühüm Dövlət proqramlarını təsdiq edərək, gəncliyin inkişafını stimullaşdıran Fərman və sərəncamlar imzalayır. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir”.

Məlum olduğu kimi 2023-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Bununla bağlı Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən il ərzində müxtəlif müsabiqələrin, görüşlərin, intellektual oyunların, sərgilərin, ekskursiyaların, dəyirmi masaların, idman yarışlarının və digər tədbirlər keçiriləcəkdir. Keçilləcək tədbirlər yeniyetmə və gənclərin böyük kütləsini əhatə edəcəkdir: “Son olaraq gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük əminlik yaradır. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »