“Hindistanla Azərbaycan arasında çox geniş iqtisadi-ticarət əlaqələr var”

0

Hindistanın Respublika Gününün 74 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub. Dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə öncə Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirilib.

Açılış nitqində çıxış edən Hindistan Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar Respublika Gününün tarixindən, geridə qalan 74 il ərzində ölkəsinin qazandığı uğurlardan söz açıb.

Diplomat Hindistanla Azərbaycan arasında çox geniş iqtisadi-ticarət əlaqələrinin olduğunu qeyd edib. Bildirib ki, Hindistan Azərbaycanla ticarət əlaqələrini gələcəkdə daha da genişləndirməyə ümid edir.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2005-ci ildəki təqribən 50 milyon dollardan 2021-ci ildə 739 milyon dollara, 2022-ci ildə isə daha da yüksələrək 1,9 milyard dollaradək yüksəlib.

“Bu müddət ərzində Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub”, – o əlavə edib.

Cənab Kumar Hindistanla Azərbaycan arasında səmimi münasibətlərin və dərin tarixi bağların olduğunu qeyd edib. Bildirib ki, ölkələrimizi və xalqlarımızı multikulturalizmə və tolerantlığa ümumi hörmət bağlayır. Diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimiz bir çox sahələrdə genişlənib və şaxələnib.

O, həmçinin Azərbaycan Hava Yollarının 2022-ci ilin avqust ayından etibarən Delhi ilə Bakı arasında həftədə iki dəfə birbaşa reyslər həyata keçirdiyini vurğulayaraq, bunu turizm sahəsində uğurlu əməkdaşlığa nümunə kimi göstərib.

Azərbaycan hökuməti adından çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov təbriklərini çatdırıb və qeyd edib ki, Azərbaycanla Hindistan arasında tarixən ən yüksək səviyyədə dost münasibətlər mövcud olub və çox sevindirici haldır ki, ölkələrimiz arasında əlaqələrin tarixi Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan çox-çox əvvələ uzanır.

Cənab Qurbanov deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onu beynəlxalq hüququn tanıdığı sərhədləri daxilində ilk tanıyan ölkələrdən biri məhz Hindistan olub və aradan çox keçmədən – 1992-ci il fevralın 28-də ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. “Ötən il diplomatik əlaqələrimizin 30 illiyinin tamam olması ilə əlaqədar Azərbaycanda və Hindistanda bir sıra mədəni tədbirlər təşkil olunub. Çox şadıq ki, Azərbaycan və Hindistan hər zaman ikitərəfli və beynəlxalq müstəvilərdə əməkdaşlıq edib, bir-birinin mövqeyinə hörmət göstəriblər. Son olaraq Azərbaycan Xarici İşlər Nazirliyi heyətinin Dehliyə səfəri çərçivəsində keçirilən görüşlər, eləcə də Hindistan parlament nümayəndə heyətinin 2018-ci ildə Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafına öz təsirini göstərib. Biz çox arzu edirik ki, tezliklər iki ölkə parlamentləri arasında dostluq qrupları formalaşsın və bu hadisənin yaxın vaxtlarda baş verəcəyinə inanırıq”, – deyən F.Qurbanov onu da bildirib ki, Hindistanla iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycan hökuməti üçün prioritet məsələdir.

XİN rəsmisi qeyd edib ki, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət sektoru ilə yanaşı həm də özəl sektor da öz töhfələrini verirlər. O, hökumətlərarası komissiyanın Azərbaycan-Hindistan iqtisadi-ticarət əlaqələrinin güclənməsində daha böyük rol alacağına əminliyini ifadə edib.

F.Qurbanov deyib ki, hər iki ölkənin ortaq maraqlarına cavab verən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında təhlükəsiz, sərfəli marşrut olaraq Avrasiya məkanında nəqliyyatın inkişafına böyük töhfə verəcək. Onun sözlərinə görə, layihə çərçivəsində 2021-ci ilin iyun-iyul aylarında ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə Finlandiyanın Helsinki şəhərindən Hindistanın Mumbay şəhərinə yük daşınıb. Üstəlik, ötən il Bakı-Dehli və Bakı-Munbay birbaşa hava reyslərinin açılması da Azərbaycan-Hindistan hərtərəfli əlaqələrinin inkişafında müstəsna rol oynayacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »