ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyaların, xüsusən də neft məhsullarına qiymət məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə edirlər.
Bu barədə The Wall Street Journal məlumat yayıb. Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada görüşlər keçirir. Onlar Rusiya Federasiyasından neft məhsullarına qarşı qarşıdan gələn məhdudlaşdırıcı tədbirlərin təfərrüatlarını müzakirə edirlər. Məhdudiyyətlər fevralın 5-dən qüvvəyə minməlidir. Rusiya neftinin qiymətinin məhdudlaşdırılması vəziyyətində olduğu kimi, Rusiya neft məhsullarını maliyyələşdirən, sığortalayan və ya daşıyan Qərb şirkətləri də sanksiyalar rejiminə tabe olacaq. G7 ölkələrində və Avstraliyada yerləşən şirkətlər Rusiya neft məhsullarının limitdən yuxarı qiymətlərlə satışını asanlaşdırsalar, cərimələnəcəklər.