Türkiyənin Bakıya mühüm təklifi… – Polkovnik

0

Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir rəhbərlik etdiyi qurumun cari il üçün plan və hədəfləri haqqında danışarkən milli döyüş təyyarəsinin Azərbaycan, Pakistan, İndoneziya və Malayziya kimi dövlətlərlə birlikdə istehsal edilə biləcəyini qeyd edib. O, eyni zamanda artıq adını çəkdiyi dövlətlərin dəvət edildiyini də vurğulayıb.

Bu sözləri Axar.az-a açıqlaması zamanı Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Polkovnik bu təklifi Şuşa və Bakı bəyannamələrindən irəli gələn vəzifə kimi dəyərləndirib:

“Əlbəttə, belə bir dəvət bütün bəhs olunan qardaş və dost ölkələrdə, xüsusilə Azərbaycanda müsbət mənada yeni bir həyəcana səbəb oldu. Sözügedən addımın ölkələrimiz üçün siyasi, strateji və müdafiə sənayesinin inkişafı baxımından əhəmiyyətindən bəhs etmədən öncə, ümumi şəkildə Türkiyənin bütün adıçəkilən dövlətlərlə əlaqələrinə toxunmaq istəyirəm. Türkiyə Azərbaycan ilə uzun müddətdir ki, birlikdə hərəkət edir. Bu, 44 günlük Vətən müharibəsində də belə oldu. Daha sonra imzalanan Şuşa Bəyannaməsində müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi öz əksini tapıb. Dolayısı ilə Azərbaycana dəvət çox təbiidir. Şuşa Bəyannaməsinin imzalanmasından təxminən bir ay sonra, yəni 27 iyul 2021-ci ildə Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində də müdafiə sənayesi sahəsində üçtərəfli sıx əməkdaşlıq nəzərdə tutulub. Bu təklif həm də imzalanan bəyannamələrin icrasının təzahürüdür”.

Alim Türkiyənin layihədə iştirak edəcək ölkələrlə müdafiə sənayesi sahəsində mövcud əlaqələrindən də bəhs edib:

“MİLGEM döyüş gəmilərinin istehsalı Türkiyə və Pakistanın bu sahədə birgə göstərdiyi fəaliyyətin ən bariz nümunəsidir. Digər tərəfdən ölkələrimiz arasında pilotların yetişdirilməsi, zabitlərin və başqa hərbi mütəxəssislərin hazırlanması istiqamətində uzun müddətdir ki, sıx əməkdaşlıq var. Malayziya ilə də əlaqələr artıq müəyyən bir səviyyəyə çatıb. Hətta Malayziyanın təlim qırıcısına olan ehtiyacının qarşılanması üçün Türkiyə “Hürjet” qırıcılarının göndərilməsini təklif edib.

İndoneziya ilə bu yaxınlarda müdafiə sənayesi sahəsində Anlaşma Memorandumu imzalanıb”.

Sadiq Akyar bu layihənin Azərbaycanın dünyada və regionda təsirini artıracağını vurğulayıb:

“Azərbaycan Ordusunun əlində olan qırıcıların və döyüş helikopterlərinin bir çoxu Rusiya istehsalıdır. Türkiyə və digər NATO ölkələri ilə əlaqələrini genişləndirən Azərbaycan tədricən öz inventarını müasirləşdirməyə başlayıb. Hazırda milli güc və imkanlar ilə yeni silah sistemləri, döyüş təyyarələri və s. istehsal etmək dövlətin effektiv xarici siyasət həyata keçirməsi, eyni zamanda milli maraqları qoruması baxımından xüsusi önəm daşıyır. Türkiyə ilə birlikdə milli qırıcı təyyarənin istehsalı Azərbaycanı bu sahədə asılılıqdan qurtaracaq. Azərbaycan Qarabağ Zəfəri ilə yerləşdiyi bölgədə güclü ölkə olduğunu sübut edib və birgə döyüş təyyarəsi istehsalı ilə də bunu konsolidasiya etmiş olacaq. Ölkələrimiz arasında əməkdaşlıq Azərbaycanı Türk Dövlətləri Təşkilatı üçün nümunə dövlətə çevirə bilər. Bu da rəsmi Bakının strateji mövqeyini gücləndirəcək faktor kimi özünü göstərəcək”.

Polkovnikin sözlərinə görə, müdafiə sənayesinin inkişafı bir sıra problemlərin həllini sürətləndirəcək:

“Siyasi nəticə isə odur ki, ölkələrimiz arasında daha da möhkəmlənən əməkdaşlıq İran və Ermənistanla yaşanan problemlərin həllinə töhfə verəcək. Hətta Qarabağ məsələsi ilə bağlı sülh müqaviləsinin imzalanması prosesi də sürətlənə bilər. Eyni zamanda Türkiyənin meqa enerji layihələrinin həyata keçirilməsində tranzit ölkə kimi önəmi artacaq”.

Akyar müdafiə sənayesindəki inkişaf ilə Azərbaycanın öz ehtiyacını ödəməklə bərabər, dünya bazarı üçün hərbi texnika istehsal edən ölkəyə çevriləcəyinə də diqqət çəkib:

“Ötən ilin yayında Bakıda “Texnofest”də iştirak etdiyim zaman da bunu vurğulamışdım. Dövlətlərimizin müdafiə sənayesi sahəsində yaxın əməkdaşlığı enerji təhlükəsizliyi, güclü xarici siyasət faktorları ilə inkişaf edən Azərbaycanı həm də öz silahını, texnikasını istehsal edən dövlətə çevirəcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »