İranla sərhəddə atəş açıldı, yaralanan var

0

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, yanvarın 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar.

Xidməti ərazidə pilotsuz kəşfiyyat uçuş aparatı vasitəsi ilə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada 21 kiloqram 600 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Həmin gün saat 20:20-də Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmiş sərhəd pozucusu sərhəd naryadı tərəfindən verilən “Dayan” komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib.

Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq edib və sərhəd pozucusunu ayağından yaralayıb. Saxlanılan şəxsin üzərindən 1 (bir) ədəd xəncər aşkar edilib. Yaralanmış şəxsə sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində qamışlıqda gizlənmiş digər sərhəd pozucusu saxlanılıb, baxış zamanı 1 (bir) ədəd bağlamada 6 kiloqram 400 qram narkotik vasitə “marixuana” (xırda bükümlərdə “metamfetamin”, 1000 (min) ədəd psixotrop tərkibli “gapaprel” həbləri) və 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxlərin İranın Parsabad şəhər sakinləri 1989-cu il təvəllüdlü Şeyxniya Əli Cəmşid oğlu və Əlipur Poya Qəşəm oğlu olduqları müəyyən edilib.

Yanvarın 6-da saat 00:15-də Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Həsənova Solmaz Saləddin qızı saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 15 kiloqram 100 qram narkotik vasitə (14 kq 500 qram “marixuana”, 600 qram “tiryək”, 1300 ml maye halında “metadon M-40”, 1560 ədəd psixotrop tərkibli həblər və 10 ədəd “sinarolac” göz damcısı)aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »