Quranda hicab: qadın necə geyinməlidir? – Hacı Şahin

0

Bir zamanlar emansipasiya gündəmdə olanda şalvar qadının cəsarətini göstərirdi, indi isə sıradan bir geyimdir. Yaxud cinsi inqilab dövründə açıq-saçıq geyimlər etirazçı ruhiyyəni simvolizə edirdisə, indi bu da anlamını itirib. Xüsusi peşə sahibləri seçilmək üçün formalardan istifadə edirlər, bu da onların bir növ peşə kimliyinə çevirilib.

Bu sözləri Kult.az-a açıqlamasında QMİ sədrinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Quranda qadınların geyimi ilə bağlı nələrin nəzərdə tutulduğu müzakirəsi haqda qeyd edib.

O bildirib ki, günümüzdə dress-kod anlayışı var:

“İnsanın istədiyi yerə, istədiyi tərzdə geyinərək getməsi zövqsüzlük və hörmətsizlik sayılır. Məsələn, işə və əyləncə mərkəzinə eyni şəkildə getmək düzgün sayılmır. Çünki hər iki məkanın fərqli ab-havası, fərqli tələbləri var. İşə elə geyinmək lazımdır ki, iş prosesinə mane olmasın. Əyləncə mərkəzinə də elə geyinmək lazımdır ki, insan özünü rahat hiss edə bilsin. Son illərin gözəl tendensiyalarından biri də odur ki, insanlar əmək hüququnu pozan və ətraf mühitə ziyan vuran şirkətlərin hazırladığı paltarlardan imtina edir. Bütün bu qaydalar insan azadlığının məhdudlaşdırılması kimi də qələmə verilə bilər, zövq və mədəniyyət məsələsi kimi də. İnsan çılpaq gəzmək də, heyvan xəzinə bürünmək də, dəmir geyim geyinmək də istəyə bilər, amma ictimai normaları gözləmək məcburiyyətindədir. Hamımız anlayırıq ki, hansı şəkildə olmasından asılı olmayaraq, ictimai normalar var və onlara riayət etmək zəruridir”.

İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə geyim forması ilə bağlı bir neçə ayə mövcuddur:

“Allah mömin xanımları “cəlabib”, yəni bədəni örtən uzun libas geyinməyə (Əhzab, 33:59), başa atılan örtüklə yaxalarını də örtməyə (Nur, 24:31) çağırır. Təbii ki, bu ayələrdə konkret tərzdən söz açılmır, amma ümumi çərçivələr cızılır. Belə demək olarsa, Quran kişilərlə yanaşı, xanımlara da ictimai yerlər üçün dress-kod müəyyən edir. İlahi qaydalar birbaşa insan təbiətilə əlaqəli olduğu üçün örtünmənin də qadın təbiətilə mütənasibliyi var. Birinci səbəb elə son zamanlar dəbdə olan fikirlərlə səsləşir: qadın cinsi meyillərin obyekti olmamalıdır. Nə özü gözəlliyini istismar etməlidir, nə də başqalarına buna imkan verməlidir. Qadın kiməsə xoş gəlmək üçün yaşamamalı, diqqətini zahiri görünüşünə fokuslamamalıdır ki, şəxsi inkişafına təmərküzləşə bilsin. Yalnız bu halda qadın kişi ilə bərabərhüquqlu ola bilər.

Digər səbəb dinimizdə qadının yeri ilə bağlıdır. İrfanda qadın yaradılışın batini, kişi isə zahiri inikası kimi başa düşülür. Yəni yaradılışın əsl, həqiqi, gizli siması qadın, üzdə olan, görünən tərəfi isə kişidir. Qadın daha mühüm xüsusiyyətin daşıyıcısıdır, nəinki kişi. Ona görə də həmişə qadın kişini daha dərindən cəlb edir, kişi qadını yox. Bu baxımdan qadının kişi üzərində mənəvi və emosional hakimiyyəti var. Bu hakimiyyəti saxlamaq üçün qadın hicaba riayət edir. Kim ona baxacaq, kim onun məhəbbətinə layiq görüləcək deyə qadın qərar verir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »