Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar Startaplar Formu” keçirilib.
Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.

Forumun açılışında çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov son illər ərzində işğaldan azad olunan ərazilərdə aqrar sahədə həyata keçirilən layihələrdən danışıb. O deyib ki, innovativ lahiyə və startapların xüsusilə gənclər arasında təbliği vacibdir. Forumda keçirilən innovasiya sərgisindən danışan Z. Qurbanov bildirib ki, “Aqrar Startaplar Formu”da 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq forumun işinə uğurlar arzu edib.
Tədbirdə aqrar innovasiyalarla bağlı videoçarx nümayiş olunub.

Sonra çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusib Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, millət vəkili Müşfiq Cəfərov da “Aqrar Startaplar Formu”nun keçirilməsinin yüksək qiymətləndiriblər.

Sonda Forum panel müzakirələrlə davam edib. “Regional İnkişaf” İctimai Birliyi, “İ2B:İdeyadan biznesə” layihəsinin rəhbəri Rəşad Əzizovun moderatorluğu ilə 3 ayrı mövzuda 12 nəfər mütəxəssisin çıxışı dinlənilib.