Güman edirəm ki, İranın Ermənistana hədiyyə etdiyi raketlər Rusiya arsenalına keçəcək. Ermənistan KTMT-nin üzvüdür və Moskvanın razılığı olmadan İrəvan gizli silahlanma ilə məşğul ola bilməz. Kremlin bu raketlərdən öncədən xəbəri olub.
Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov bildirib.
Qeyd edək ki, İran oktyabr ayında gizli yolla Ermənistana 600 ədəd raket göndərib. Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.
Rusiyalı politoloq Arkovun fikrinə əsasən, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının bir addımlığında olan Ermənistan bu cür silahlara əslində ehtiyac duymamalıdır:
“Bu onlara yalnız danışıqlarda öz mövqelərini gücləndirmək üçün lazım ola bilər. Bunun üçün də sadəcə İranın hədiyyəsi haqqında məlumat kifayətdir. Əslində Ermənistana gələn bu raket kompleksləri indi daha çox ehtiyacı olan Rusiya Federasiyasına gedəcək. Və bu bir “hədiyyə” olduğundan, heç bir müqavilə və sənədlə təsdiqlənmir. İrəvan da bir-iki gün sonra rəsmi olaraq bəyan edəcək ki, guya belə bir məlumat düzgün deyil”, – deyə o qeyd edib.