“Bu gün Azərbaycan bölgədə şərtləri diktə edən tərəf kimi qəbul edilir”

0

Əvvəllər dekabrın 1-i bizim təqvimimizdə hansısa önəmli bir hadisəni yaddaşlarımıza həkk edən günlərdən sayılmırdı. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanmağımız bölgədəki geosiyasi realllıqlları dəyişdiyi kimi bizim tarix şüurumuzu, qan yaddaşımızı da yaxşı mənada silkələdi və ən yeni tariximizin qızıl səhifələrindən birinə çevrildi. Bəli, bu gün Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsindən iki il ötür.

Biz düz 28 il məğlubiyyətin ağır yükü altında əzilən bir toplum kimi hər il Qarabağın və Şərqi Zəngəzurun tərkibinə daxil olan rayonlarımızın, o cümlədən Laçının da işğal gününü dərin kədər hissilə qeyd edirdik. Bu, çox pis ənənəyə çevrilmişdi. Lakin Azərbaycan Ordusu Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi.

Bununla da həm BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun “dondurmağa” çalışdığı, yerinə yetirmək istəmədiyi missiyanı həyata keçirdi, həm də tarixi ədalətin bərpa edilməsinə nail oldu. Nəticədə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarıldı. Özü də bir güllə belə atılmadan, bir nəfər də şəhid vermədən geri aldıq Laçını.

Beləliklə, Ordumuz və Ali Baş Komandanımız işğal günlərinin ildönümlərinin qeyd olunması “ənənə”sini pozdu və Qələbə günlərinin, işğala son qoyulması günlərinin qeyd olunması ənənəsinin başlanğıcını qoydu. Laçın rayonunun 2020-ci ilin dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılması da tariximizin qürur doğuran günlərindən biri kimi yaddaşlara yazıldı.

Laçın əhəmiyyətli geostrateji mövqeyə malik olduğu üçün, bu rayonun işğaldan azad edilməsi bölgədə dəngələri dəyişdi. Dünya birliyi ermənilərin maraq və mənafelərinə xidmət edən mənfur “status-kvo”nu darmadağın etməyimizlə, işğala son qoymağımızla və öz ərazi bütövlüyümüzü bərpa etməyimizlə barışmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycan bölgədə şərtləri diktə edən tərəf kimi qəbul edilir.

Biz Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını, yeni təhlükəsizlik və əməkdaşlıq formatının təşkil edilməsini təklif edirik. Fransa və İran kimi düşmən ölkələr tərəfindən qızışdırılan Ermənistan dövləti, Rusiya tərəfindən silahlandırılan və rus sülhməramlıları tərəfindən himayə edilən erməni separatçıları bu gün hər nə qədər revanşizmə can atsalar da, lakin sonda Azərbaycanın şərtlərini, təkliflərini qəbul etməli olacaqlar.

İranın Ermənistanı aşkar surətdə himayə etməsi, Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə ard-arda qətnamələr qəbul etməsi, Rusiyanın ikibaşlı oyunları onsuz da heç nəyi dəyişməyəcək. Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Zəfərin nəticələrini möhkəmləndirməyə davam edəcək. Biz Qələbəmizi qorumağı bacarırıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »