Fransa Bakı üçün nə hazırlayır? – Fransız ekspert detalları açdı

0

Axar.az Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti, fransalı siyasi ekspert Emmanuel Düpüyün 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycan əleyhinə müzakirəyə çıxarılacaq qətnamə ilə bağlı müsahibəsini təqdim edir:

– Noyabrın 15-də müzakirəyə çıxarılacaq qətnamə Azərbaycanda bizim beynəlxalq hüquqlarımızın pozulması kimi qiymətləndirilir. Fransa Senatının üzvləri qətnamənin qəbul olunmasında niyə bu qədər istəklidirlər?

– İcazənizlə, sizinlə razılaşmayım, qətnamə Azərbaycanın hüquqlarının yox, Ermənistanın ərazi bütövlüyünün pozulması ilə bağlıdır. Prezident Emmanuel Makronun qeyd etdiyi kimi, məsələ ilə bağlı 1991-ci Almatı bəyannaməsində elan edilmiş Azərbaycan və Ermənistan sərhədlərinin pozulub-pozulmamasının təyin edilib araşdırılması üçün AB-nin missiyası hazırlanacaq. Müzakirəyə çıxarılması planlaşdırılan qətnamənin başlanğıc nöqtəsi budur. Senatın bəzi üzvləri də var ki, bir qədər irəli gedərək, 2 il əvvəl müzakirə edilən bir faktı – Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq mövqeyinin dəyişdirilməsi üçün qətnamə reallaşdırmaq istəyirlər. Noyabrın 15-də təqdim olunacaq qətnamə birinci növbədə son həftələr ərzində Azərbaycanla Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması faktını qiymətləndirmək məqsədi daşıyır.

Bir daha qeyd edim ki, qətnamə ötən həftələrdə baş verən hadisələrlə bağlı təqdim olunacaq, burada söhbət 44 günlük müharibədən getmir. Söhbət Qarabağ məsələsindən yox, Ermənistan-Azərbaycan sərhəd gərginliyindən gedir. Sülh sazişinin imzalanması məsələsinin uzadılması da ön plandadır. Bu suala daha diplomatik şəkildə necə cavab verəcəyimi bilmirəm, düzünü desəm (senator olmadığımı nəzərə alın, dediklərimin hüquqi qüvvəsi yoxdur, mənim vəzifəm sadəcə şərh etməkdir), Fransa ictimaiyəti üçün bu tamamilə simvolik bir qətnamədir və Fransanın rəsmi mövqeyini əks etdirməyəcək. Fransa hər zamankı kimi BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə və 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə qoyulub qəbul edilmiş 62/243 saylı qətnaməyə sadiq qalacaq. Fransanın rəsmi mövqeyi belədir və Fransa Qarabağın Azərbaycanın bir hissəsi olması faktının tam qəbul edir. Qeyd etdiyim kimi, Şarl Mişel, Emmanuel Makron, Prezident Əliyev və Baş nazir Paşinyan arasında Praqa Sammitindən sonra dinamikada dəyişiklik olub, iki ölkə arasında sərhədlərin pozulub-pozulmadığını nəzərə almaq lazımdır. Ancaq yenə də hamı başa düşməlidir ki, bəzi fransız senatorlar, deputatlar, eləcə də Fransanın bəzi rəsmi orqanları bu fürsətdən istifadə edərək ölkənin icraedici orqanına, yəni nazirlərinə və Fransa prezidentinə hər iki məsələ ilə bağlı – qondarma Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq və ya Azərbaycanla bağlı danışıqlarda Ermənistanın əlini gücləndirmək – mövqe dəyişdirməsi üçün təzyiq göstərməyə çalışırlar. Mən bu qətnaməni tam olaraq Azərbaycana qarşı hazırlanmış bir layihə kimi görmürəm. Bu, Fransanın təkcə ATƏT-in deyil, həm Avropa Siyasi Birliyinin sadiq üzvü kimi münaqişənin həllində vasitəçi kimi çıxış edəcəyi faktını ortaya çıxarmaq üçün bir qətnamədir. Sülhün təminatçısı kimi rol oynamaq üçün bu yaxınlarda yaradılıb təqdim edilmiş Avropa Siyasi Birliyi bu tip münaqişələrin həll edilməsində də aktiv rol oynamaq niyyətindədir.

Hamının bildiyi kimi, 2020-ci ilin 10 noyabr tarixində başlayan vasitəçiliyi Fransa yox, Rusiya edib və bunu da qeyd etməliyik ki, biz artıq Rusiya ilə eyni diplomatik müstəvidə deyilik.

– Qətnamənin bəndlərindən biri Ermənistanın hərbi gücünü arıtmaqla bağlıdır. Sizcə, bu, Azərbaycanla Ermənistan arasında yeni müharibəni alovlandırmayacaq? Çünki qətnamə qəbul edildiyi təqdirdə bu bəndin özü Ermənistanın revanşist qüvvələrini hərəkətə keçirə bilər.

– Bu, Azərbaycanın Türkiyədən hərbi texnika alması, Türkiyə və İsraillə güclü hərbi əməkdaşlıq etməsi ilə eynilik təşkil edir. 2020-ci ildə baş verən hadisələrdən əvvəl Bakı, Ankara və Təl-Əviv arasında hərbi əməkdaşlığın intensivləşdirilməsinin çox təhlükəli addım olduğunu deyərkən biz də bunu nəzərdə tuturduq. Biz də o zaman qeyd edirdik ki, bu, düşmənçiliyi qızışdıracaq və müharibə əhval-ruhiyyəsi yaradacaq. Amma hazırda Fransanın eyni şeyi etdiyini iddia edə bilməzsiniz. Çünki Fransa hərbi əməkdaşlıq etdiyi hər bir ölkə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə mükəlləfdir. Ermənistan isə Fransanın hərbi əməkdaşlığı olan ölkələrdən biridir. Burada əsas məsələ silahların alış-verişi ilə deyil, Ermənistanın hərbi potensialının dayanıqlı hala gətirilməsi ilə bağlıdır və biz bunu planetdəki hər bir ölkə üçün edirik. Yeri gəlmişkən, bunu vaxtilə Azərbaycana da təklif etsək də, Bakı bu təklifimizi qəbul etməmişdi. Nəticə olaraq, Türkiyənin Azərbaycanın hərbi potensialını artırmaqla dərinləşdirdiyi müharibə mühitində Fransanın məsuliyyət daşıdığını iddia edə bilmərik. Türkiyənin Azərbaycana satdığı silahlarla və texnikalarla Azərbaycanın kiber, kəşfiyyat, təlim və pilotsuz uçuş imkanlarını artırmasını qiymətləndirərək qeyd edirəm ki, Fransa Ermənistana heç bir hərbi texnika və ya silah satmaq fikrində deyil. Lakin Fransa Türkiyənin Azərbaycan üçün etdiyi kimi, Ermənistanın hərbi potensialını artırmağı planlaşdırır. Silahlardan söz düşmüşkən, birincisi, Fransanın Ermənistana hansı silahları sata biləcəyini də bilmirəm, çünki biz onların hamısını Ukraynaya göndərmişik. İkincisi, Fransa və Ermənistan müdafiə nazirlərinin görüşü də bir sıra mətləblərdən xəbər verirdi və bu görüşlərin əsas mahiyyəti ondan ibarətdir ki, Türkiyənin Azərbaycana etdiyi kimi biz də Ermənistan ordusunu müasirləşdirib peşəkarlaşdıracağıq.

– Sizcə, Makronun ermənipərəst açıqlamalarının və ümumilikdə, ermənipərəst siyasətinin arxasında nə dayanır?

– Qeyd etmək istərdim ki, bu siyasət Ermənistanı dəstəkləməklə bağlı deyil, intensiv və sərt antitürk mövqeyi, daha dəqiq desək, antiərdoğan siyasətidir. Aydındır ki, Emmanuel Makron Ərdoğana, Ərdoğan isə öz növbəsində Makrona nifrət edir. Ərdoğanın bütün tərəfdaşlarına “bullinq” tətbiq etməyimizin səbəblərindən biri də budur və sizin Türkiyə ilə qardaşlıq bağlarınız olduğundan, siz də bu siyasətdən öz nəsibinizi alırsınız. Bunu antiazərbaycan siyasəti kimi qəbul etməyiniz tamamilə normaldır ki, bu, əslində, antitürk siyasətinin nəticəsidir. İkinci bir gümanımı da bildirim ki, mənim fikrimcə, Emmanuel Makron Azərbaycanı deyil, Moskvanı hədəfə alıb. Moskvanın xaosa görə məsuliyyət daşıdığını deyərək, Rusiyanı son hadisələrin qarşısını almamaqda günahlandırıb. Çünki dəhlizin təhlükəsizliyini təmin etməkçün bölgədə 2000-ə yaxın Rusiya sülhməramlısı xidmət göstərir. Fransa prezidenti bu çıxışı zamanı Moskvanı hədəfə alıb bildirib ki, bu gərginliyin artmasına imkan verən Rusiyadır. Düşünürəm ki, bu bəyanatın mahiyyəti və təfsiri ondan ibarətdir ki, Rusiya regionda öz sülhməramlı rolunun öhdəsindən gələ bilmir. Türkiyə Fransanı hazırda regionda hadisələrə mənfi təsir edən ölkə kimi hesab etsə də, biz sadəcə Ermənistanın dayanıqlılığını təmin etməyə çalışırıq.

– Erməni əsilli insanların Fransa hökumətinə və xüsusilə Makrona təsirini necə təsvir edərdiniz?

– 1950-ci ildən Fransa hökumətlərinə hər zaman intensiv və aktiv təsir göstərilib. Burada heç bir izaha və ya təsvirə ehtiyac yoxdur, bu insanların hökumətə təsir etmək imkanı və hüququ var. Amma ortaya sual çıxır ki, niyə azərbaycanlılar bunu eyni şəkildə etmirlər? Azərbaycan niyə düşünür ki, Fransa öz ərazisində yaşayan 650.000-dən çox erməniyə qulaq asmamalıdır? Fransa ermənilərin ən çox məskunlaşdığı ikinci ölkədir. Ona görə də geosiyasi vəziyyəti nəzərə alsaq, bu icma tərəfindən hökumətə siyasi təzyiqlərin olması tamamilə normaldır. Erməni diasporu hər zaman ya Fransa hökumətlərinə necəsə təsir etmiş, ya da Fransanın Nikola Sarkozi, Jak Şirak, Emmanuel Makron və s. kimi əksər prezidentləri ilə əlaqələr saxlamışdır. Söhbət bunun doğru və ya yanlış olduğunu aydınlaşdırmaqda deyil, söhbət ondadır ki, niyə Azərbaycan və ya azərbaycanlılar eyni şeyi etmirlər?..

 58 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »