“Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir”

0

Prezident İlham Əliyev: “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub” .

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev bildirib ki, müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Azərbaycanın görkəmli şəxsiyyətləri, xalqını,dövlətini sevən ziyalıları daim mədəniyyətimizin inkişafına, adət-ənənələrimizin zənginləşdirilməsinə çalışıb, öz töhfələrini veriblər. Onlar gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinə böyük diqqət və həssaslıqla yanaşıblar.

Mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik,dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrumolmuş uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilənsiyasətin bariz nümunəsidir.

Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir.

Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı sahəsində də böyük işlər həyata keçirilib. Bu istiqamətdə atılan addımlar hər bir Azərbaycan gəncini sevindirir. Fərəhlənirik ki, Azərbaycan gəncləri bu təqdirəlayiq işlərə, gözəl əməllərə seyrçi qalmırlar. Bu sahədə də fəallıq nümayiş etdirir, milli-mənəvi dəyərlərimizin qorunmasına, yaşadılmasına öz töhfələrini verirlər. Hər bir gənc dövlətini, millətini sevməli və ona xidmət etməlidir. Azərbaycan gəncliyi böyük potensiala malikdir, sağlamdır, güclüdür, mübarizdir. Bizim gənclik heç vaxt yad təsirlərin altına düşməz, çünki o gənclik dövlətini, dövlətçiliyini sevir, Prezidentinə sadiqdir.

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »