“Buyurun, bu meydan, bu da siz!”

0

Müasir Azərbaycan öz tarixinin ən mürəkkəb və həssas mərhələsindən keçir. Biz toplum və millət olaraq vaxtaşırı hərbi və siyasi müstəvidə sınaqlarla üz-üzə qalırıq. Bu gün də növbəti sınaqla üz-üzəyik. Artıq üç gündür ki, Azərbaycan xalqının mənəvi dəstəyinə güvənən və Ali Baş Komandanın iradəsinə, qətiyyətinə söykənən Azərbaycan Ordusu düşmənin genişmiqyaslı təxribatlarının qarşısını mətanətlə və dəyanətlə almağa davam edir. İndi 10 milyonluq Azərbaycan cəmiyyəti və dünyadakı soydaşlarımız yenidən dəmir yumruq kimi birləşərək dövlətinin yanında dayanmağa, ordusuna dəstək verməyə köklənib. Xalqımız növbəti dəfə milli birlik və həmrəylik imtahanından alnı açıq, üzü ağ çıxmaqdadır. Eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də hamımız bir araya gəlmişik. Lakin nə yazıq ki, “fərari”lərimiz də var.

“Fərari” sözünü niyə dırnaq arasında yazıram? Çünki bu “fərari”lər bizim dünya hərb tarixindən eşitdiyimiz, bildiyimiz döyüş meydanlarından, səngərdən qorxaqcasına qaçan, gizlənən klassik fərarilərdən deyil. Bunlar tamamilə fərqli kateqoriyadır. Bu adamlar Vətənimizin ağrılı-acılı günlərində, ümumilli əhəmiyyətli hadisələr zamanı milli həmrəylik meydanından qaçan, düşmənin dəyirmanına su tökən və hətta öz ölkəmizi “təcavüzkarlıq”da ittiham edən miskin varlıqlardır. Əfsuslar olsun ki, sayları da bir deyil, iki deyil. Yağışdan sonra peyda olan göbələk sürətilə artırlar. İndi gəlin görək onların ən “parlaq” nümayəndələrindən biri olan tarixçi Altay Göyüşovun düşüncəsindəki, ruhundakı ermənilik özünü bu günlərdə necə büruzə verdi.

“Xalqın ziyalısı” adına iddialı olan bu adam Ermənistanın təxribatına adekvat olaraq cavab verən Ordumuza dəstək vermək əvəzinə, hamımızı şoka salan gözlənilməz fikirlər səsləndirərək deyir ki, “şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”. Baxın, Altay Göyüşovun bu cür milli xəyanət məzmunlu fikirlərinin İrəvan Dövlət Universitetinin hər hansı bir türkofob, irqçi-faşist mövqeli tarixçi professorunun anti-Azərbaycan səpkili fikirlərindən heç bir fərqi yoxdur. “Daş yuxular” romanını yazaraq Azərbaycana böhtan atan, ermənilərin isə rəğbətini, hörmətini qazanan yazıçı Əkrəm Əylislinin dalınca bir tarixçi alimimizin də eyni koordinata istiqamətlənməsi, milli satqınlar “bataqlığ”ına yuvarlanması ürəkağrıdan hadisədir. Və düşünəndə ki, Altay Göyüşovun bu cür sərsəm düşüncələrini bəyənən, layk edən, paylaşan çoxlu sayda “liberal”lar, “pasifist”lər, “no var”çılar var və onlar hər fürsətdən Azərbaycanı, Azərbaycan hakimiyyətini hədəfə almağa, qaralamağa çalışırlar adamın damarlarında qanı donur.

İndi bir çoxumuz sapı özümüzdən olan bu “balta”lar, bu xainlər nə zaman və necə yetişdilər deyə özümüz özümüzə sual veririk. Bu sualın kökündəki məsələ bu gün olduqca aktualdır. Və əslində bu sualın bir yox, bir neçə mümkün cavab versiyaları var. Lakin biz onlardan ən önəmlisinin üzərində dayanmalıyıq. Qeyd etdiyim anti-Azərbaycan mövqeli “azərbaycanlı”ların bir zümrə halında yetişib ortaya çıxması son 30 ildə müşahidə olunan yanlış müxalifətçilikdən qaynaqlanır. Söhbət özünü “radikal müxalifət”, “əsl müxalifət”, “ana müxalifət” adlandıran AXCP-Müsavat cütlüyünün uğursuz müxalifətçiliyindən gedir. “Əsl müxalifət” adına iddialı olan bu qüvvələrin ötən 30 il ərzində əldə etdikləri yeganə “uğur” bu gün Altay Göyüşov tərzində düşünənlərin, eynilə ermənilər kimi mövqe sərgiləyərək bizə “təcavüzkar” deyənlərin, şəhid və qazilərin üzərindən “kasıb və varlı uşaqları” bölgüsü ilə manipulyasiya edənlərin yetişməsi sayıla bilər.

Bunlar çox böyük bir şəbəkədir. İllərlə həm daxildən, həm də xaricdən bəslənib şəbəkələşiblər. Və bunlar indi saxta “vətənpərvərlik” donuna bürünərək dövlətə və dövlət başçısına qənim kəsiliblər, ordumuzu “təcavüzkarlıq”da ittiham edirlər, 71 hərbçimizin şəhid olmasını boşuna itki kimi qələmə verirlər. Ən pisi də budur ki, bunların fikirlərinə, rəylərinə etiraz xarakterli nəsə bir fikir də yazmaq, münasibət də bildirmək olmur. Bunlara kiçik bir irad bildirən ki, “şanlı müxalifət”imizin trolları dərhal hücuma keçir, ən kobud və təhqiramiz ifadələr işlətməklə adamı haqsız çıxarmağa, susdurmağa çalışırlar. Yəni ki, müxalifətimiz müxalif fikirlərə, fərqli düşünənlərə dözümlə yanaşa bilmir. Sən öz fikrini yazırsan, dövlətçilik maraqlarından çıxış edirsən, ümummilli məsələlərdə bir araya gəlməyin vacibliyini, milli həmrəyliyin alternativsizliyini cəmiyyətə daşımağa, opponentlərin diqqətinə çatdırmağa çalışırsan, lakin tamamilə əks reaksiya ilə, rəzalət dolu münasibətlə qarşılaşırsan.

Bu adamlara indi 71 şəhid üzərindən siyasi xal qazanmağın yolverilməz olduğunu, Fransasından tutmuş İranına qədər bütün ermənipərəst ölkələrin üzərimizə gəldiyi bir məqamda iqtidar-müxalifət ziddiyyətlərini bir kənara qoymağın zəruriliyini, hamımızın Ali Baş Komandana “Vur, Komandir, yanındayıq!” deyərək dəstək nümayiş etdirməyimizin əhəmiyyətini, milli birlik “çətir”i altında birləşib düşmənə – təcavüzkar Ermənistana və ona havadarlıq edən dövlətlərə Azərbaycan xalqının və siyasi qüvvələrinin monolitliyini, mübarizliyini, vətənsevərliyini göstərməyimizin önəmini izah etməyə, başa salmağa çalışırsan, lakin olmur, alınmır. Böyük bir “troll sürüsü” üzərimizə gəlir. Çünki əllərinə fürsət düşüb. Çünki onlar dövləti düşünmürlər, Vətəni düşünmürlər. Onları yalnız siyasi fürsətçilik qayğılandırır.

Ermənistan silahıyla, diversantıyla üzərimizə gəldiyi kimi radikal müxalifətimiz də zəmanəmizin yeni “səlibçi”ləri ilə – troll dəstələri ilə Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin, Azərbaycan generallarının üzərinə gəlirlər və eyni zamanda bu kritik günlərdə dövlətə, Ali Baş Komandan İlham Əliyevə dəstək nümayiş etdirən, milli birlik mövqeyindən çıxış edən siyasi qüvvələri də hədəfə alırlar, onları linç etməyə çalışırlar. Çünki “ağa”larından belə tapşırıq alıblar.

44 günlük Vətən müharibəsi dönəmində milli birlik, siyasi həmrəylik çağırışlarına məhəl qoymayan, siyasi partiyaların Orduya və Ali Baş Komandana dəstək xarakterli birgə bəyanatına qoşulmaqdan imtina edən “Milli Şura”-AXCP-Müsavat “trio”su bu gün də öz ənənəvi ampluasında qalmaqda davam edir. Bunlar ötən iki il ərzində heç dəyişmədilər. Dəyişə bilmədilər. Bəlkə də dəyişmək istəmədilər. Biz gözləyirdik ki, bunlar katarsisdən (daxili təmizlənmədən, yenilənmədən) keçəcək, siyasi yanaşmalarında böyük bir təbəddülat baş verəcək, siyasi dialoqun zəruriliyini anlayaraq inkarçı-barışmaz müxalifətçilik manerasından əl çəkəcək və Azərbaycanda yeni bir mərhələnin – sivil müxalifətçilik erasının başlanmasına start verəcəklər. Lakin bu gözləntilərimiz elə gözlənti olaraq da qalır.

Siyasi hakimiyyəti dəyişməyə iddialı olan, cəmiyyəti inqilaba yönləndirməyə çalışan radikal müxalifətimiz öz daxilində, öz mübarizə vasitələrində, öz siyasi mədəniyyətində, öz ritorikasında “inqilab” etməyi, müsbət dəyişikliklərə imza atmağı bacarmadı. Daxili inqilabdan keçməyən, keçə bilməyən müxalifətin cəmiyyətdə inqilab etməsi, ölkədə siyasi dəyişiklikləri həyata keçirmək iddiasına düşməsi absurddur. Ona görə də radikal müxalifətimiz köhnəlmiş, nimdaşlaşmış radikallıq “mantiya”sından əl çəkə bilmir. Sanki bu qiyafə ömürlük olaraq onların boyuna biçilib. “Dəyişək, inkişaf edək” həqiqəti, fəlsəfəsi bu kəsimin ruhuna tamamilə yaddır.

Maraqlı məqamlardan biri də budur ki, Ermənistanın revanşist müxalifəti ilə Azərbaycanın radikal müxalifəti arasında hazırda bir eyniləşmə, bir identiklik müşahidə olunmaqdadır. Fikir vermisinizsə, onlar da fürsətçilik edir, bunlar da. Onlar da bu son hadisələrin baş verməsində birbaşa ölkənin birinci şəxsini günahlandırır, itiham edir, bunlar da. Onlar da “istefa” deyir, bunlar da. Necə deyərlər, eyni dalğa, eyni koordinat və eyni ssenaridir. Və sanki bu “ssenari” eyni mərkəzdən yazılıb, ötürülüb. Ancaq bizim radikal müxalifətimizə rəhbərlik edən Əli Kərimli, Arif Hacılı və yandaşları fərqində deyillər ki, qalib Azərbaycanın müxalifəti məğlub Ermənistanın revanşist müxalifətinin siyasi gedişlərini təkrarlamamalı, onun kimi davranmamalıdır.

Qalib ölkənin müxalifəti tamam fərqli bir performans nümayiş etdirməlidir. Çünki əsrlərdir parçalanan, yüz yerə bölünən tarixi torpaqlarımızın yavaş-yavaş işğaldan azad edilməsi üçün tarixdə ilk dəfədir olduqca əlverişli şərait yaranıb. Qarabağın mühüm bir hissəsinin işğaldan azad edilməsindən sonra prosesi yarımçıq saxlamaq olmaz. Proses davam etdirilməli, Xankəndidə suverenliyimizi bərpa etməli, Zəngəzur dəhlizinin açılmasını da reallaşdırmalı, Zəngəzura və İrəvana qayıdış hədəflərimizin də gerçəkləşməsi istiqamətində gərəkən addımları atmalıyıq. Bu gün İlham Əliyevin fəaliyyəti, diqqəti məhz bu yönə fokuslanıb.

Ancaq bu cür qlobal hədəflərimizə çatmaq təkcə İlham Əliyevin görəvi, missiyası deyil ki. Bu missiya hamımızındır. Bu missiya 10 milyonun missiyasıdır. Bu missiyadan hər birimizə pay düşür. Bu missiya hər birimizin üzərinə öhdəlik qoyur, yük qoyur – məsuliyyət yükü. Siyasi partiyalar da bu yükü bölüşməlidir. Mövqeyindən və düşərgəsindən asılı olmayaraq bütün partiyalarımız bu hədəflərə odaklanmalıdır, istiqamətlənməlidir. Biz bu missiyada hamımız iqtidara ortaq olmalıyıq, hər birimiz hazırkı dövlət başçımızla eyni mövqedən çıxış etməliyik.

Müxalifətçi (və ya radikal müxalifətçi) olmaq gərəkən məsələlərdə iqtidarla ortaq mövqelərdən çıxış etməkdən imtina etmək demək deyil ki. Bu köhnə paradiqmadan artıq əl çəkmək lazımdır. Ümumilli məsələlərdə iqtidarçı, müxalifətçi yox, sadəcə AZƏRBAYCANLI olmaq lazımdır. Milli həmrəyliyə nail olmağın yolu da məhz bu düşüncədən keçir. Bu mənada bu gün bütün partiyalar tarixi bir imtahan qarşısındadır. Ermənistan və havadarları əl birliyi, dil birliyi ilə üzərimizə gəlirlər. Biz İlham Əliyevin daxili siyasətdəki bu və ya digər addımlarını bəyənsək də, bəyənməsək də, lakin xarici təhlükənin qapımızı kəsdirdiyi bir məqamda hamımız bir araya gəlib, bir yumruq kimi birləşməliyik.

Dövlətimizin başçısı 44 günlük müharibədə olduğu kimi bu gün də millətin və siyasi qüvvələrini birliyini görməli, real dəstəyini hiss etməlidir. Radikal müxalifətimiz də bu imtahandan – milli həmrəylik imtahanından uğurla keçmək haqında düşünməlidir. Dövlətin, xalqın təhlükədə olduğu bir vaxtda, sərhədlərimizin davamlı atəşə məruz qaldığı bir məqamda kimliyindən asılı olmayaraq hamı bir olmalıdır. Belə bir vaxtda siyasi qarşıdurma yaratmaq ancaq və ancaq düşmənlərin xeyrinə ola bilər. Siyasi dividendi başqa vaxt da qazanmaq olar. Bu gün milli mənafeyimiz uğrunda hər kəs bir olmalıdır. Milli həmrəylik göstərmək əvəzinə fürsətçilik etmək, durumdan yararlanmağa çalışmaq lazım deyil. Atəş meydanında və geosiyasi müstəvidə əslində nə baş verdiyini dəqiq bilmədən, anlamadan sosial şəbəkələr üzərindən “isti-isti” bəyanatlar vermək, cəmiyyətdə çaşqınlıq yaratmaq həm siyasi naşılıq, həm də zərərli müxalifətçilikdir.

Bu arada “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil” düşüncəsinə köklənən şəxsləri də öz sıralarınızdan uzaqlaşdırın, bəylər! Çünki belələri ermənidən də betərdi. Bu gün Ermənistanın radikal müxalifətindən fərqli olaraq qalib Azərbaycanın radikal (və ya qeyri-radikal) müxalifətinin əsas işi sosial şəbəkələrdə mövcud iqtidara qarşı ittiham dolu statuslar paylaşmaq olmamalıdır. Siz öz fəallığınızı beynəlxalq təşkilatlara, dünya liderlərinə müraciətlərinizlə göstərməlisiniz. Siz öz radikallığınızı Ermənistana dəstək verən böyük dövlətlərin səfirləri ilə görüşüb onlara təmsil etdikləri dövlətlərin yanlış siyasət yürütdüklərini, Azərbaycana qarşı haqsız mövqe tutduqlarını izah etməklə nümayiş etdirməlisiniz. Siz öz vətənpərvərliyinizi Ermənistan dövlətinin və xaricdəki erməni diasporlarının, erməni lobbisinin yalanlarını ifşa etməklə, Azərbaycana qarşı informasiya savaşını təsirsizləşdirməklə təsdiq etməlisiniz. Bax, bütün bunlar sizin bu dövlətə, bu millətə ən böyük xidmətiniz olardı. Müxalifətçilik təkcə iqtidara qarşı siyasi rəqabət və ya mübarizə aparmaqdan ibarət deyil ki. Müxalifətin ən böyük görəvi elə müxalifətdə ikən ümumilli maraqlara xidmət etməkdir. Buyurun, bu meydan, bu da siz!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »