Milli Hərəkatçılar Birliyi (MHB) 15 Sentyabr – Bakının Qurtuluş Günü münasibətilə bildiri yayıb.
“Dəyərli yurddaşlar!
Azərbaycanı soyqırımdan qurtarmaq üçün Nuri Paşanın komandanlığı altında yola çıxan Türk Qafqaz İslam Ordusu 1918-ci il 15 Sentyabr tarixində başkənd Bakıya girərək görəvini uğurla tamamladı: Bakını bolşevik-erməni işğalından azad etdi!
Bu önəmli tarixi hadisənin 104-cü ildönümüdür. Biz MHB olaraq daha öncəki açıqlamalarımızda bu günü əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməsini tələb etmişdik. Təəssüf ki, aradan keçən müddət ərzində Azərbaycan hökuməti bu tələbləri həyata keçirmədiyi kimi, onlara münasibət də bildirməmişdir.
1918-ci ilin İyun-Sentyabr aylarında Azərbaycanı işğalçı erməni-bolşevik qoşunlarından təmizləyən və 15 Sentyabr tarixində Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusunun tarixi xidmətlərini, Azərbaycan-Türkiyə qardaşlağının bu möhtəşəm nümunəsinin əziz xatirəsini layiqincə yaşatmaq məqsədilə təklif edirik:
1. 15 Sentyabr Bakının Qurtuluş Günü Azərbaycan Respublikasının milli bayramları sırasına
daxil edilsin;
2. Bakıda böyük bir küçəyə 15 Sentyabr küçəsi adı verilsin;
3. Bakıda Parlament prospektinə Nuri Paşa caddəsi adı verilsin və Əzizbəyov meydanında Nuri
Paşaya heykəl qoyulsun;
4. Əzizbəyov parkı Nuri Paşa parkı adlandırılsın.
MHB olaraq, tərəfdarlarımızı və bu önəmli tarixi günü dəyərləndirən bütün yurddaşlarımızı tələblərimizə qoşulmağa, Azərbaycan-Türkiyə qardaşlığına və həyati önəm daşıyan milli birliyimizə dəstək verməyə çağırırıq.
Milli Hərəkatçılar Birliyi
14 sentyabr 2022-ci il”