Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Beynəlxalq iqtisadiyyatdakı mövcud konyuktur, neft-qaz qiymətlərindəki hiperbolik hərəkətlər, müxtəlif təbii hadisələr, iqlim şəraitindəki fərqliliklər, lokal münaqişələr fonunda bu gün dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinin kəskin artımı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi inkişaf etmiş dövlətlərdə belə əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan bu neqativ dalğalanmadan kənarda qalmaq, ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısını almaq, ölkədə ərzaq təhlükəsizliyini və kənd təsərrüfatı sektorunun dayanıqlılığını təmin etmək məqsədilə hansı addımlar atmalıdır?

Bu barədə iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov “Report”a açıqlamasında aşağıdakı məqamlara toxunub:

Aqrar sahə iqtisadiyyatın əsasıdır

Azərbaycanda ölkə başçısı tərəfində çox böyük iqtisadi islahatlar aparılır. Amma bu islahatlar bəzən öz bəhrəsini gec verir. Amma dünya iqtisadiyyatı getdikcə böyüyür və böyüdükcə bu iqtisadiyyatda kəskin problemlər yaranır. Bu gün yerinə yetirilməyən bir iqtisadi proses sabah başqa bir iqtisadi prosesin başlanmamasına səbəb olur. Odur ki, zaman etibarilə beynəlxalq iqtisadi axından geridə qalmaq olmaz. İqtisadiyyatın bütün sahələri bir-birilə əlaqəlidir. Bütün bu sahələrin əsasında aqrar sahə dayanır. Torpaq kənd təsərrüfatı üçün əsas vasitə, sənaye üçün bazadır. Yer kürəsinin üst münbit qatı sayılan torpaq həyatımızın həm təməli, həm də yekunudur.

Torpağın əmələ gəlməsi üçün min illər tələb olunur. Torpaq hava, su, istilik, bitki və heyvan orqanizmləri, xüsusilə də mikroorqanizmlərin iştirakı ilə yer kürəsinin aşınması nəticəsində əmələ gəlir. Torpaq yerin bitki bitən hissəsidir. Bitkiləri becərən zaman torpaqdan qida maddələri sorulur, onun keyfiyyəti aşağı düşür. Odur ki, torpağın münbitliyini yüksəltmək üçün gübrələr verməklə insanlar torpağa dolayı yolla təsir edir. Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır. Yer kürəsi əhalisinin sayı artdıqca ərzağa olan tələbat da artır. Bu tələbat ödənilmirsə, ərzaq təhlükəsizliyi təhlükə altında qalır. Gəlin bir qədər beynəlxalq təcrübəyə nəzər salaq. Götürək Hollandiyanı. Bu gün Hollandiya bütün dünyaya istixanalar üçün toxumdan tutmuş gübrə və kimyəvi vasitələrə qədər müxtəlif məhsullar satır. Kiçik bir ölkə bu qədər nəaliyyətə necə nail olub? Məsələn, Hollandiyada 1 200 baş keçi təsərrüfatı 12 hektar torpaqda illik 350 min avro xalis mənfəət əldə edir. Mən özüm vaxtilə dövlət layihələrinin icrası zamanı həmin təsərrüfatda olmuşam və həmin mühasibat sənədləri ilə özüm yaxından tanış olmuşam.

Təsərrüfatda cəmi 4 adam işləyir və çox da böyük bir texnologiyası yox idi. Mən orda yem bazası və yemin qiymətlərini araşdırdım. Dedilər ki, biz yoncanın bir tonunu Fransadan 175 avroya alırıq. Qüvvəli qarışıq qranula yemin isə bir tonunu 250 avroya alırdılar. Hər bir xırda buynuzlu mal qaranın sürü cədvəlinə görə ayrı qidalanma norması var. Ana heyvanın ayrı qidalanma norması, törədici heyvanın ayrı, doğulmuş balaların ayrı qidalanma norması var idi və həmin qidalanma normaları bu təsərrüfatda divardan asılmışdı. Orda yemləməyə baxan zootexnik həmin norma ilə yemləməni gün ərzində təyin olunmuş saatlarda aparırdı. Mən orda yemlərin qiyməti və təminatı ilə süd sağımı arasında bir əlaqə tapdım. Gördüm ki, südün qiymətinin dəyişməməsi, hətta artması, yeminsə qiymətlərinin stabil qalması müsbət düzünə əlaqə yaradıb.

Azərbaycanda da xırda və orta keçi təsərrüfatlarının sayını artırmalıyıq

Bizim fermerləri və aidiyyatı dövlət qurumlarını keçi təsərrüfatlarının daha çox yaradılmasına üstünlük verməyə səsləyirəm. Azərbaycanda Sahibkarlığın İnkişafına Dəstək Fondu yaradılıb ki, xeyli böyük işlərə imza atıb, hazırda kiçik və orta fermer təsərrüfatlarının qurulmasını maliyyələşdirir. Son dövrlərdə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Onun da fəaliyyətini çox alqışlayıram və ciddi şəkildə izləyirəm. Onlar kiçik və orta biznesin problemlərinin həlli istiqamətində, xüsusilə maarifləndirmə sferasında düzgün tədbirlər həyata keçirirlər. Amma fermeri təkcə maarifləndirməklə yeni bir məhsul ortaya çıxarmaq olmaz. Bu sahədə daha yumşaq və güzəştli maliyyə məsələləri olmalıdır. Elə fermer var ki, onun biliyi, təcrübəsi və ailə tərkibi imkan verir ki, 250-300 baş keçi təsərrüfatı qurub saxlasın və südünü bazara çıxarsın, yaxud südündən başqa məhsullar istehsal etsin. Bu gün 500 baş qoyun saxlamaqdansa, 200 baş keçi saxlamaq daha səmərəlidir. Çünki keçi südü daha bahalı və xəstəliklərə qarşı daha davamlıdır. Qapalı şəraitdə onu saxlamaq və məhsuldarlığı da artırmaq mümkündür.

Aqrar sahədə 4 amil: Torpaq, insan, su, təchizat

Bu gün Azərbaycanda işləyə bilən əhalinin 36-39 %-i kənd təsərrüfatı ilə məşğuldur. Amma onların yaratdığı dəyər 7 milyard manatı keçmir. İsraildə işləyə bilən əhalinin 1-2 %-i kənd təsərrüfatında çalışır, daha çox dəyər əldə edir. Hollandiyada əhalinin cəmi 2 %-i kənd təsərrüfatında çalışır və 100 milyard manatdan çox dəyər əldə edir. Belə bir sistemi bizdə də yaratmaq mümkündür, hətta biz bir az da gecikmişik. Bu sahədə ölkəmizdə böyük islahatlar da aparılıb, qanunvericilik bazası da yaradılıb. Bəs niyə bu gün bir sıra meyvələrin və ya başqa kənd təsərrüfatı məhsulunun bir kiloqramının qiyməti 8-10 manatdır? Bu məsələni yerli icra hakimiyyətləri, bələdiyyələr ciddi şəkildə araşdırmalıdır.

Kənd Təsrüfatı Nazirliyinin elmi-tədqiqat institutları bu sahədə tədqiqatlar aparır. Amma bu bir nazirliyin çərçivəsində həll olunan məsələ deyil. Bir nazirlik bu tədqiqatları aparır, problemi bilir, amma maliyyələşmə ondan yox, başqa bir qurumdan asılıdır. Ona görə də aqrar sahənin inkişafı bizim aidiyyatı dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mümkündür. Amma elmi yanaşma olmasa, mövcud təsərrüfatçılıq formalarına, torpaq və su məsələlərinə və texnologiyaya birgə yanaşma olmasa, nəticələr müsbət ola bilməz. Kənd təsərrüfatında bir tərəfdə torpaq, bir tərəfdə insan, bir tərəfdə su və bir tərəfdə də təchizat amili dayanır.

Torpağa münasibəti dövlət səviyyəsində dəyişməliyik

Azərbaycanda torpağa yanaşma sahəsində təbii iqlim şəraiti, torpağın tərkibi, keyfiyyəti, strukturu nəzərə alınmaqla böyük bir araşdırma hazırlanmalıdır. Bu sahədə qismən də olsa ixtisaslaşdırma aparılıb. Torpağın becərilmə üsullarını, mövcud metodikaları dəyişməliyik. Məsələn, tirə üsulu ilə becərməyə üstünlük verilməlidir. Qeyd etdiyim üsul Türkiyədə özünün tam təsdiqini tapıb. Hollandiyada, İspaniyada, Almaniyada istifadə edilir. Latviya kimi kiçik bir ölkə özünü dənli bitkilərlə tam təmin edir. Çünki orda torpağa düzgün yanaşma var. Onlar harada nəyin əkilməli olduğunu düzgün elmi yanaşma ilə təyin edirlər.

Torpaqlara yanaşma istiqamətində qanunvericilikdə bir qədər düzəlişlər etmək lazımdır. Azərbaycanda 860 min pay torpağı var. Bu pay torpaqlarının əhali arasında paylanma vəziyyəti heç də qənaətbəxş deyil. Bir adamın bir rayonda və ya kənddə 10 sot torpağı var, başqa bir rayonda və ya kənddə torpaq resursları çox olduğu üçün orda vətəndaşın torpağı 1 hektar, bəzi adamlarda 3 hektardır. Bu gün bəzi adamlar sonradan pul qazanıb o pay torpaqlarının bir qismini alıblar. Nəticədə bir adamda 5 hektar torpaq toplanıbsa, digərində 10 sot, 50 sot torpaq var.

Məsələn, Masallıda bir kvadrat metrə düşən əhalinin sıxlığı həddən çoxdur, torpaq resursları isə azdır. Orda insanlara çox az ərazi düşür və həmin torpaqda nə əkilsə də, məhsuldarlıq lazımi səviyyədə olmur. Nəticədə vətəndaş məhsulunu bazara çıxarıb satır və cəmi 3-5 min manat pul qazanır. Azərbaycanda sənaye məhsullarının, nəqliyyatın, yanacağın qiyməti ilə bu gəlirlər uzlaşmadığı üçün fermer özünün, ailəsinin bir ildə olan bütün tələbatını ödəyə bilmədiyi zaman kənd təsərrüfatından soyuyur, artıq işinə həvəssiz və ya necə gəldi yanaşır. O fermer bilmir ki, dünyada 20-25-30 sentner anlayışları artıq qəbul edilmir. Bizim qonşu ölkələrdə belə bu anlayış qəbul edilmir və o ölkələrdə məhsuldarlıq anlayışı həddən çoxdur. Fermer 25 sentnerdən artıq məhsul ala bilmir, o məhsulun bir qismini özündə saxlayır, o biri qismini satana qədər başqa məhsulların da qiyməti qalxır. Yanacaq resurslarının da bahalaşması kənd təsərrüfatına birbaşa təsir edir. Çünki aqrar sahədə yanacaq xərci məhsulun maya dəyərinin əsas tərkib hissəsidir. Şumlama, kultivasiya, səpin, suvarma, məhsulun yığılandan sonra daşınması, bunların hamısı yanacaqla bağlı olduğu üçün yanacaq kənd təsərrüfatında əhəmiyyətli amildir. Tutalım, gilas 2 il bundan əvvəl də 8-15 manat idi, bu il də eyni qiymətədir. Bu proses sonda insanların qidalanma normasını tam yerinə yetirə bilməməsinə gətirib çıxardır.

Ümumdünya Səhiyyə Təştkilatının insanların yaş qrupuna görə qidalanma norması var. Azərbaycanda insanlar ət və ət məhsullarını, süd və süd məhsullarını, o cümlədən balıq məhsullarını həmin normadan aşağı həddə istehlak edir. Biz ət və ət məhsullarının qonşu dövlətlərin əhalisindən az istehlak edirik.

Taxılçılıqda da problemlər var

Gəlin taxılçılıqda olan vəziyyətə baxaq. Un və un məmulatlarının istehsalı üçün yumşaq buğdadan hazırlanmış un olmalıdır. Azərbaycan yazlıq dənli bitkilər əkmir. Bizdə payızlıq dənli bitkilər əkilir ki, onlardan da bərk buğda alınır. Bu məsələyə çox ciddi yanaşılmalıdır. Bu gün Azərbaycanda makaron və makaron məmulatları istehsalçıları Rusiyadan xammalı idxal edərək məhsulları istehsal edirlər. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana 105,2 milyon ABŞ dolları dəyərində 308 min ton qarğıdalı idxal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı idxalı üçün 12,2 milyon ABŞ dolları (19,307 min ton) çox pul xərclənib. Bu, tələbatın artdığını təsdiq edir.

Azərbaycan ildə 100 min tona yaxın soya idxal etməlidir ki, yem istehsalı və emal sənayesinin tələbatı ödənilsin. Bunun üçün təxminən 90-100 milyon ABŞ dolları arasında vəsait xərclənir. Azərbaycana bir neçə il öncənin qiymətlərilə ildə təxminən 90-100 milyon ABŞ dolları məbləğində ət və ət məhsulları, süd və süd məhsulları idxal olunur. Ölkəyə il ərzində 1,2 milyon tona yaxın buğda idxal olunur. Bunların hamısı xarici valyutanın Azəbaycandan kənara çıxması deməkdir. Həmin vəsait Azərbaycan torpaqlarında məhsul yetişdirilməsinə sərf olunsa, görün nə qədər dəyər yaradarıq.

Su həyat mənbəyidir

Su məsələsinə də ciddi yanaşılmalıdır. Təcili şəkildə Azərbaycanda damlama suvarma sistemini çox ciddi formada dövlət tənzimləməli, lazım olarsa nəzarətə götürməlidir. Bu sahə də subsidiyalaşan sahədir. Damcılama suvarma sisteminin olmaması suyun həddən çox israf olunmasına və su resurslarının qeyri-rasional istifadəsinə səbəb olur. ABŞ-da belə selləmə suvarma sistemi var. Bu gün bizdə kütləvi şəkildə bu sistemdən istifadə edilir. Amma ABŞ-da torpağın relyefini xüsusi texnika ilə elə hazırlayırlar ki, su sürətlə bitkini suvarıb növbəti əraziyə keçir. Bizdə selləmə suvarma sisteminin olması o demək deyil ki, biz bütün ölkələrdən geri qalmışıq, xeyr. Bu, inkişaf etmiş ölkələrdə də var, amma təkmilləşdirilmiş formadadır. Orda əsasən damcılama suvarma sistemi tətbiq edilir. Bu gün bizdə də belə qabaqcıl təsərüfatlar var, amma sayları kifayət deyil, çox az saydadır. Taxılçılıq təsərrüfatlarında hökumət bu işə ciddi dəstək verməli, geniş maliyyə ayrılmalı və təqribən üç il vaxtdan sonra həmin pulların geri ödənilməsi tələbi qoyulmalıdır. Bu gün ölkədə aqrar sahədə subsidiyalaşdırma var, amma bu tətbiqə əlavə üsullar qatmaq lazımdır. Başqa cür kreditləşmə formaları tətbiq etmək lazımdır ki, fermer təsərrüfatları bundan kütləvi yararlana bilsinlər.

Təcili şəkildə gecəmizi gündüzümüzə qatıb müasir suvarma sistemlərinin təbiqinə başlamalıyıq. Bunun üçün bütün resursları, bank-maliyyə və qanunvericilik sistemlərini birləşdirməliyik. Azərbaycan dünyada su problemi olan ölkələr sırasındadır. Ona görə də alternativ mövsümi su dəryaçaları yaradılmalıdır. Onlardan suvarma üçün istifadə etməliyik. Arazdan və Kürdən qidalanan suvarma sistemlərini qismən yükdən azad etməliyik. Yaradılmış su dəryaçasındakı sudan çox səmərəli şəkildə istifadə etməyin yeganə yolu müasir suvarma sistemlərinin qurulmasıdır. Dağlıq ərazilərdə yığılmış qar suyunu, yağış sularını toplayıb bu dəryaçaları yaratmaq mümkündür.

Aqrar sahə üzrə mütəxəssislər sahələrdə olmalıdır

Bu gün Azərbaycanda aqrar sığorta sistemi tətbiq edilir. Aqrar Sığorta Fondu bu sahədə yaxşı maarifləndirmə işini aparır. Amma bu işdə maarifləndirmə çox azdır. Bu iş birbaşa müəyyən dövlət qurumlarının işidir. Digər tərəfdən kənd təsərrüfatı mütəxəssisi kabinetdə oturmaqla yaxud danışıqla idarə edilmir. Mütəxəssislər sahələrdə olmalıdır. Bu sferada bizim elmi-tədqiqat institutları var. Onların əməkdaşları aktiv şəkildə ilin 365 günün ən azı 250 gününü sahədə fermerin yanında, aqroparklarda olmalıdır.

Mən həmişə planlaşdırmanın və uçot sisteminin aparılmasını təbliğ etmişəm. Bütün fermer təsərrüfatları fəaliyyətlərində planlaşdırma aparmalıdır. Düzdür, dövlət kənd təsərrüfatı sahəsinə bir sıra üstünlüklər verib və güzəştlər tətbiq edib. Amma bu tətbiqlər hər il korrektə olunmalıdır. Bu gün fermer təsərüfatlarının uçotu yoxdur. Fermer uçotunu primitiv qaydada öz dəftər-kitabında aparır. Orda nə yem norması, nə sağımın dinamikası göstərilir. Sağımın dinamikası azalıbsa, fermer apardığı uçotdan rəqəmləri və səbəbləri götürə bilər. Bununla o təyin edə bilər ki, hansı səbəbdən loktasiya dövründə normada süd istehsal edə bilmədi. Bir inəyin loktasiya dövrü 305 gündür. Yəni o bala doğdusa, 305 gün süd verməlidir. Əgər inək 280 gün süd verib südünü qurudursa, məhsuldarlıq təbii aşağı düşəcək.

Heyvandarlıqdakı vəziyyət

Azərbaycanda təqribən 2 milyon 800 mindən bir qədər artıq iri buynuzlu mal-qara var. Təqribən iki-üç il bundan öncənin rəqəmlərinə görə onların 39-40 mini cins mal-qara idi. Bizim yerli inəklər 7-10 litrdən artıq süd vermir. Çünki onlar təmiz qanlı deyil, cır mallardır. Tutaq ki, bir fermerin 100 baş mal-qarası var, bir il ərzində, məsələn, 10 baş balanı itirir. Deməli o hələ azı 12 ay həmin mal-qaranı saxlamalı, xərc çəkməlidir ki, məhsul alsın. İir buynuzlu mal-qaranı 150 kiloqram olanda kəsib satırlar. Bununla da ət balansı pozulur. Hər rayonda gündə əlli baş bu cür 150 kiloqram çəkidə heyvan kəsilərsə, bu artıq ciddi məsələyə çevrilir. Çünki heyvan 300-400 kiloqram çəkidə olanda kəsilməlidir.

Ət balansının qorunmaması ətlə təminata mənfi təsir edir. Dünyanın hər yerində iri buynuzlu mal-qaranın ciddi uçotu var. Bu gün Avropada həyətdəki toyuqlar belə nömrələnir. Orda mərkəzləşdirilmiş qaydada hansı regionda hansı inəkdə bir xəstəlik varsa, o məlumat sistem vasitəsilə hər yerə ötrülür. Hər bir ana inəyin və ya törədici buğaların, qoçların uçotu ona görə aparılır ki, onlar əsas vəsait hesab olunurlar.

Azərbaycanda qoyunçuluqda da, iri buynuzlu mal-qara təsərrüfatlarında da il ərzində kütləvi şəkildə bala salma olur. Bir qoyun beş ay ərzində doğmalıdır Amma o ikinci və ya üçüncü ayında bala salır. Bundan sonra o təzədən bir də dölə gəlməlidi, beş ay gözləməlisən ki, həmin qoyun bala versin. Bu zaman həmin fermerin vaxtı gedir, dövlət də özünün ət balansını itirir. Biz bunu nəzərə almırıq.

Min baş qoyunu olan təsərrüfat il ərzində 1 200 baş bala almalı idisə, 700-800 baş bala alır.

Quşçuluğun da özünün spesifik problemləri var. Xüsusilə yemçilikdə idxal xammallarından asılılıq mövcuddur.

Son üç ilin rəqəmlərinə görə, Azərbaycana çox az miqdarda cins mal-qara idxal olunub. Bu, o deməkdir ki, heyvanlarda cins dəyişdiyilməsi prosesi ləng gedir və biz beləliklə heç 50 ilə də ölkədə ət və ət məhsullarının, süd və süd məhsullarının emal sənayesini təmin edə bilməyəcəyik. Mənim bir neçə il bundan öncəki hesablamalarıma görə, Azərbaycanda 450 min baş cins mal-qara olmalıdır ki, ölkənin bütün ət və ət, süd və süd məhsullarına olan tələbatı tam ödənsin. Amma bu gün bizdə cəmi 40 min baş damazlıq mal-qara var. Ölkədə olan iri buynuzlu mal-qaranın 10 %-i belə cins deyil.

Yemçilik ən böyük problemlərdəndir

Bu gün quşçuluq sahəsində yemin 1 tonunun dəyəri təqribən 1 000 manatdan çoxdur. Ona görə də quş ətinin qiyməti qalxacaq. Çünki biz əhəmiyyətli dərəcədə quşçuluq üçün xammalın idxalından asılıyıq Qeyd etdiyim kimi, ildə 100 min tonadək soya idxal edirik. Soyasız isə yem yoxdur. Çünki onun tərkibində həm protein, həm zülal, həm karbohidrat, həm də mineral maddələr var. Bu dörd maddə olmalıdır ki, biz qarışıq yem istehsal edək, heyvanlara, quşlara verək və yüksək məhsuldarlıq əldə edək. Azərbacyanda təqribən 15-20 yem zavodu var. Onların böyük əksəriyyəti işləmir. Hətta dövlətin vəsaitləri ilə tikilmiş yem fabriklərinin qapısı bağlıdır. Məcburuq yemi idxal edək. Amma qiymətlərin qalxması səbəbindən idxal azalacaq. Onda belə çıxır ki, biz quşları yemləməməliyik? Onda da quş əti satışında kütləvi problem yaranavcaq. Burda alternativ yol yerli istehsalın inkişaf etdirilməsidir.

Ev təsərrüfatlarını inkişaf etdirməliyik

Bazar iqtisadiyyatının əsası qoyulmuş ABŞ və Avropa ölkələrində ev təsərrüfatları xüsusi bir konsepsiya əsasında inkişaf etdirilir. Tutaq ki, bir rayonda 80-90 kənd var və bu kəndlərdə ortalama 500 ev təsərrüfatı var. Bu ev təsərrüfatlarının içində müəllim də var, sənətkar da, həkim də. Bu gün kimsə müəllimdirsə, biz ona fermer deyə bilmirik. Amma 25-30 il bundan əvvəl o müəllimin həyətində 200 toyuq, 15 baş qoyun, 5 baş inək olurdu. Belə olanda həmin şəxs özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər və artıq qalan hissəni isə bazara çıxarıb satar.

Bizə elə gəlir ki, ancaq aqroparklar və ya iri fermer təsərrüfatlarını yaratmaqla ərzaq təhlükəsizliyini təmin edəcəyik. Amma belə olmamalıdır. Gəlin statistikaya baxaq görək ölkədə nə qədər fermer, nə qədər ev təsərrüfatı və nə qədər istehlakçı var. Bura Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdəki əhalini də əlavə edək. O əhalinin 95 %-i kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmur.

Təchizat məsələlərində dəyişikliklər etməliyik

Əkinçilik üçün toxum, gübrə, texnika və texnologiya lazımdır. Texnika ilə texnologiyanı qarışdırmayaq. Məsələn, bir hektar torpaqda taxıl əkmək istəyən fermer bir dəfə traktora minib şum aparır, sonra geri qayıdıb bir də yanacaq işlədərək kultivasiya işlərini görür, sonra bir də geri qayıdıb başladığı yerdən toxum və gübrəni səpir. O, texnikadan üç dəfə istifadə edir və çox həcmdə yanacaq işlədir. Nəticədə həm də üç dəfə əmək haqqı verir, o texnika üç dəfə daha artıq köhnəlir və bir hektarın maya dəyərində bir iş üçün üç dəfə xərc yaranır. Amma dünyada üçü birində texnologiyalar mövcuddur. Üçü birində texnologiyasını tətbiq etməklə biz bir dəfəyə həm torpağın işlənməsini, həm kultivasiyanı, həm də səpini apara bilərik. Maşın-traktor parkımızda ciddi dəyişiklik etməyə ehtiyac var.

Torpaqların keyfiyyətinin yaxşılaşdırılmasından başlamalıyıq

Gələk gübrə və bitki mühafizə vasitələrindən istifadə məsələsinə. Nəinki Azərbaycanda, dünyanın hər yerində gübrələmə və herbisitlərdən istifadə etmədən yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Bu gün Azərbaycanda şoranlaşmış və şoranlaşmaqda davam edən torpaqlar var. Bu proses ildən-ilə artır və məhsuldarlığın aşağı düşməsinin, sənayenin xammalla təmin olunmamasının əsas səbəblərindən biridir. Biz birinci torpaqların keyfiyyətinin yaxşlaşdırılmasından başlamalıyıq. Dünyada təbii və kimyəvi üsul tətbiq edilir. Azərbaycanda qanunvericiliyə mütləq təbii üsul salınmalıdır.

Digər tərəfdən, torpaqların yuyulması və təmizlənməsi prosesi aparılmalıdır. Bu, Azərbaycan dövləti və əhalisi üçün həyati əhəmiyyətli bir məsələdir.

Torpağı elmi qaydada hazırlasaq, toxum da yaxşı olsa yaxşı məhsul götürə bilərik. Yaxşı məhsul götürülməsinin əsasını 30-40 % toxumun keyfiyyəti təşkil edir. Digər amil isə torpağın necə hazırlanmasıdır. Axı o torpaq toxumun evidir və toxum həmin evdə cücərir sonra yerin üzünə çıxır. Dünyada inkişaf etmiş ölkələr tirə əkin üsuluna keçib. Bunun üçün xüsusi texnika var. O texnika torpağı emal edib o vəziyyətə gətirir ki, orda torpağın strukturunu dağıtmadan toxum və şitil üçün ev yaradılır. Hətta qarğıdalı istehsalında belə bu üsuldan istifadə edilir. Azərbacyan il ərzində 140-150 min ton qarğıdalı idxal edir. Biz qarğıdalını tirə üsulu ilə becərsək, tələbatımızı ödəyərik və qarğıdalı idaxlına verdiyimiz pulu ölkədə saxlayıb kənd təsərrüfatının emal sahəsinə qoya bilərik.

Dünyada gübrənin qiyməti kəskin artıb

İkinci məsələ, kimyəvi üsuldur. Dünyada gübrələrin qiyməti o qədər artıb ki, bu proses bir-iki il davam etsə, bir sıra ölkələrin kənd təsərrüfatı sistemi çökəcək. Bu gün azot gübrəsinin qiyməti 700-800 ABŞ dollarıdır. Azərbaycanda gübrə satışının subsidiyalaşdırılmasını alqışlayıram. Amma gəlin görək bu addım gübrə satan şirkətlərin vəziyyətinə necə təsir etdi. Bu gün həmin şirkətlər məhv olmaq ərəfəsindədir. Bəzi hallarda bu islahatlara tədricən getmək lazım idi. Azərbaycanın bir regionunda bunu pilot layihə olaraq həyata keçirib, nəticələrə baxıb sonra addım atmaq lazım idi. Əvvəl fermer gübrəni 160 manata alırdı və cibindən pul verdiyi üçün o gübrədən səmərəli istifadə etməkdə və torpaqdan gəlir götürməkdə maraqlı idi. Daha ətraflı desək, əvvəllər gübrənin 1 tonuna sərf olunan 530 manatdan fermer 160 manatını verirdi, 370 manatı isə dövlət idxalçı şirkətə subsidiya kimi ödəyirdi. Bu gün fermer həmin 160 manatı artıq vermir, ancaq subsidiya miqdarında vəsaitə gübrə alır. Ayrılan subsidiyanın 25 %-ni nəğd şəkildə çıxardıb başqa ehtiyaclarına sərf edir, qalan vəsaiti gübrə alışına sərf edir. Yəni nəticədə gübrəyə sərf olunan vəsait xeyli azalır. Eyni zamanda gübrənin qiyməti həddən artıq qalxdığı üçün bir hektara 250 kiloqram əvəzinə 150 kiloqram gübrə verir. Fermer torpağa az gübrə verdiyi üçün də az məhsul götürəcək. Odur ki, bu məsələyə yenidən baxılmalı və ya bu məsələ mütəxəssislərlə ciddi şəkildə yerlərdə müzakirə edilib qanunvericiliyə dəyişiklik olunmalıdır.

Gübrə satan şirkət fermerdən ödənişi yığmaqda da çətinlik çəkir. Çünki fermer kartlarına ödənişlər hissə-hissə vurulur. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 544 minə yaxın fermer kartı verib. Dövlətin ayırdığı subsidiya həmin 544 minə yaxın fermer kartının arasında bölünüb. Bayaq dediyimiz kimi, bir kənddə, məsələn, 200 ev varsa, onun deyək ki, 150-si gübrə istehlakçısıdır. Deməli 150 evə gedib həmin fermerdən o ödənişi tələb etmək lazımdır.

Satılmış gübrənin pulunun yığılmasının problemi aidiyyatı qurumları narahat etməlidir. Aidiyyatı dövlət qurumları gübrə idxal edən şirkətlərin inkişaf etdirilməsinə dəstək olmalı və bu istiqamətdə səylərini birləşdirməlidir. Sistem elə qurulmalıdır ki, həmin şirkətlər pullarını yığa bilsinlər. Bu şirkətlər olmasa təchizat necə təmin ediləcək? Şirkətlər də müasir metodikaları öyrənməlidir. Bu gün dünyada azota alernativ gübrə var. Onun qiyməti 300-400 ABŞ dollarıdır. Dünyada bu gübrədən istifadə edilir, Azərbaycanda isə yox. Şirkətlər belə üsulları axtarıb tapmalıdırlar.

Azərbaycanın təxminən 1 milyon ton üzvi, mineral və suda həll olunan gübrələrə tələbatı var. Amma bu gün Azərbaycana təxminən 350-400 min ton mineral gübrə, 50-60 min ton da suda həll olunan gübrə və miroelementlər idxal olunur. Keyfiyyətli buğda və digər məhsul almaq üçün mütləq ona mineral maddələr verilməlidir.

Kənd təsərrüfatı kooperativləri yaradılmalıdır

Bütün bu problemlərin həlli üçün Azərbaycanda kənd təsərrüfatı kooperativləri yaradılmalıdır. Təcili şəkildə subsidiya sistemi tam dəyişdirilməlidir. İdxalçı şirkətlər Dövlət Gömrük Komitəsində nə qədər gübrə idxal etdiklərini bəyan edirlər. Dövlətin bu sahəyə ayırdığı subsidiya var. Nə üçün təchizatçı şirkət 544 minə yaxın fermeri ev-ev axtarıb pulunu yığmalıdı?

Görün bu zaman o şirkətin xərci nə qədər artır. Yanvar-mart aylarında kütləvi şəkildə hamının kartına pul vurulsa, insanlar vegetasiya dövründə o pulu idarə edə biləcək. Bu işi ASAN xidmətə də həvalə etmək olar. Yaxud bu iş banklar vasitəsilə həyata keçirilsin. Mən təchizatçı şirkətlərə, iri, orta və xırda fermerlərə bir mesaj ötürmək istəyirəm. Tutalım, fermerin torpağı var, o bu torpaqda arpa, buğda və ya qarğıdalı yetişdirir. Tutaq ki, həmin fermerə bir hektar üçün 250 kq toxum, 200 kq fosfor gübrəsi, 250 kq azot gübrəsi yaxud müəyyən qədər mineral maddələr lazım olur. Təchizatçı şirkətlə həmin fermer arasında müqavilə bağlanılır ki, şirkət fermeri bütün vasitələrlə təmin edir, fermer də məhsulunu yığıb ya həmin şirkətlə ortaq satır, ya da məhsulu həmin şirkətə verir. Beləliklə o təchizatçı şirkətlər həm də fəaliyyətini genişləndirib tədarükçü şirkətə çevrilir. Bu zaman həm də təchizatçı ilə istehsalçı arasında bir kooperasiya əlaqələri qurulur.

Loading

Comments are closed.

Tərcümə »