Co baydenin son günlərdə İlham Əliyevə məktub göndərməsi nədən xəbər verir…

0
IctimaiRey.az ABŞ Prezidenti Co Baydenin son 10 gündə Azərbaycan Prezidenti İlham Əliyevə ard-arda ikinci dəfə məktub göndərməsi və həmin məktublarında həm xalqımızı, həm də dövlət başçımızı təbrik etməsi Birləşmiş Ştatların Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsindən və bu ölkənin ikitərəfli əlaqələrin daha geniş formatda inkişaf etdirilməsində maraqlı olmasından xəbər verir.
Birləşmiş Ştatların Prezidenti birinci təbrik məktubunu 28 May – Müstəqillik Günümüzə həsr etmişdi. Co Bayden İlham Əliyevə ünvanladığı ikinci məktubu isə Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə göndərib.
Ağ Ev rəhbəri hər iki məktubda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edib. Bayden buna xüsusi önəm verərək vurğulayıb ki, ötən müddət ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq.
ABŞ Prezidenti ikinci məktubunda onu da bildirib ki, hazırda bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı zəruri tədbirlər həyata keçirir və bu gün enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaqda şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir. O, bu məqsədə nail olmaq üçün Azərbaycanın regional səylərdə mühüm rol oynadığını qeyd edib.
C.Bayden onu da bildirib ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında olduqca əhəmiyyətli ölkədir. Həmçinin ölkəmizin Ukrayna üçün mühüm olan yanacağı təmin etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynadığı göz qabağındadır.
İstər ABŞ Prezidenti, istərsə də bir sıra digər Qərb liderləri heç şübhəsiz ki, Azərbaycanın sərgilədiyi etibarlı ölkə, ciddi tərəfdaş səylərini yüksək qiymətləndirirlər. Çünki Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşdığını dəfələrlə təsdiqləyib, etibarlı ölkə imicini formalaşdıra bilib. Bu da müasir beynəlxalq münasibətlər sistemində çox önəmli məqamdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »