Əsgərlərin sosial təminatı ilə yanaşı, sağlamlığı da diqqət mərkəzindədir.

0

Ordunun gücü sağlam və möhkəm əsgərləridir. Əsgərlərin keçirilən dərslərdə və təlimlərdə fəal iştirak edərək, hərbi bilik və vərdişlərə dərindən yiyələnməsi üçün əhval-ruhiyyələri daim yüksək olmalıdır. Bunun üçün də ordumuzun bütün bölmələrində yaradılan yüksək sosial-məişət şəraiti onların mənəvi-psixoloji hazırlığına müsbət təsir edən əsas amillərdəndir. Əsgərlərin sosial təminatı ilə yanaşı, sağlamlığı da diqqət mərkəzindədir. Fəlsəfə tarixində pessimist alman kimi tanınan filosof Artur Şopenhauer deyib ki, sağlam deyilsənsə, yediyin bal da zəhər olacaq.
Hərbi hissələrdə xidmət keçən gənclərin sağlamlığını ciddi nəzarətdə saxlayan, müasir tibbi avadanlıqlarla təchiz olunmuş peşəkar həkimlərin çalışdığı tibb məntəqələri fəaliyyət göstərir.
“N” hərbi hissəsinin tibb məntəqəsində əsgərlərin sağlamlığının qeydinə qalan həkimlərlə, feldşerlərlə, digər işçilərlə söhbətləşdik. Məntəqənin səliqə-sahmanı, təmizliyi, çalışanların nizamlı geyim forması göz oxşayırdı. Tibb xidməti mayoru Emil Nəbiyev bizi palata, müayinə və müalicə otaqları ilə tanış etdi. Söhbət zamanı Tibb Universitetinin məzunu olan zabit peşəsindən söz açaraq, həkimliyin özünəməxsus xüsusiyyətləri olduğunu dedi: “Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlara münasibətilə fərqlənməlidir. Ən əsası səmimiyyəti ilə özünə inam yaratmağı bacarmalıdır. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstənin narahatlığına məlhəm olan ilk amillərdir. Ona görə də bu sənətin sahibləri xəstəni tibbi müayinə etməzdən əvvəl onunla səmimi söhbət etməli, problemini tam aydınlıqla öyrənməlidir. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbirləri səmərəsiz olur. Biz də əsgərlərimizi müayinə və müalicə edərkən bu prinsipi rəhbər tutur, onlara xüsusi qayğı ilə yanaşırıq. Məntəqəyə müraciət edən əsgərlərlə elə ünsiyyət qururuq ki, onlar sərbəst şəkildə narahatlıqlarını bizimlə bölüşsünlər”.
Ən təsirli müalicə vasitəsinin həkimin qayğıkeşliyi və səmimiyyəti olduğunu deyən zabit vurğuladı ki, əsgərlərin xəstələnməməsi üçün qabaqcıl profilaktik tədbirlərin həyata keçirilməsi ən birinci vəzifələrimizdəndir.
Qəbul otağına daxil olduq. Bir neçə əsgər növbə ilə həkim yoxlanışından keçirdi. Tibb xidməti leytenantı Elməddin Əliyev Hərbi Tibb Fakültəsinin məzunudur. Əsgər Nadir Quliyevi müayinə edən zabit dedi ki, insan həyatı üçün ən  vacib şərt sağlamlığıdır. “Sağlamlıq olmayan yerdə heç bir işgüzarlıqdan söhbət gedə bilməz. “Sağlam bədəndə sağlam ruh olar” deyilir. Hərbi xidmət keçən gənclərimizin də sağlam olması onların mənəvi-psixoloji durumuna, döyüş qabiliyyətinə müsbət təsir edir. Əlimizdən gəldiyi qədər çalışırıq ki, əsgərlərimiz xəstələnməsinlər, narahatlığı olanlar isə tezliklə sağalıb xidmətinə davam etsinlər. Qəbul otağında müraciət edənlərin ilkin müayinəsi və qeydiyyatı aparılır. Sonra ambulator müayinə edilir, ehtiyac olarsa məntəqədə saxlanılır. İki müqəddəs peşə sahibi kimi gördüyüm işdən qürurlanıram. Çünki hərbi qulluqçuların sağlamlığı bizə əmanət edilir. Vəzifəmiz səhhətində problemi olanları  müalicə etməklə yanaşı, həm də xəstəliklərin qarşısını əvvəlcədən almaqdan ibarətdir. Bunun üçün mütəmadi olaraq bölmələrdə geniş profilaktik işlər görülür, xəstəlik törədən viruslardan qorunmağın yolları haqqında  şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, tövsiyələrimizi çatdırırıq”.
Nadir də göstərilən qayğıdan razılığını bildirdi: “Başımda ağrı hiss etdiyim üçün məntəqəyə gətirildim. Həkim sorğu-suallarla ağrının hansı səbəbdən, nə vaxtdan olmasını təyin etdi. Sonra temperaturumu və təzyiqimi ölçərək müayinə və müalicə etdi. Artıq hər şey qaydasındadı, ağrım azalıb. Həkim bir neçə saat nəzarətdə qaldıqdan sonra bölməmə qayıdacağımı bildirdi. İlk dəfədir tibb məntəqəsinə gəlirəm. Burada doğma münasibət gördüm. Məntəqənin tibb xidməti kollektivinə minnətdarlığımı bildirirəm”.
Feldşer gizir Məhəmməd Mansurov xəstəlik törədən virusların  çox yayıldığı bu vaxtlarda şəxsi heyətin səhhətini xüsusi diqqətdə saxladıqlarını və qabaqlayıcı tədbirlər gördüklərini bildirdi. “Şəxsi heyəti viruslardan qorumaq üçün vaxtaşırı onları yoxlanışdan keçirir, immuniteti zəif olanları xüsusi diqqətdə saxlayırıq. Üzərimizə qürurlu olduğu qədər məsuliyyətli olan vəzifələr düşür. Ana Vətənimizi qoruyan mərd oğulların sağlamlığı bizə əmanət olunur. Əsgərləri sağlam və gümrah görəndə sevinirik ki, vəzifələrimizin öhdəsindən layiqincə gələ bilirik”.
Bir neçə gündür tibb məntəqəsində  müalicə alan əsgər Fəhmin İbadovla da söhbətləşdim. Kəskin respirator xəstəliyi olduğu üçün burada müalicə olunduğunu bildirdi. “Hərbi hissədə hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Heç nədən korluq çəkmədən xidmət edirik. Həkimlər də tez-tez bölməmizə gəlir, səhhətimizlə maraqlanırlar. Müalicəm uğurla davam edir, səhhətim gündən-günə yaxşıya doğru gedir. Həkimlərin qayğısı sayəsində tezliklə tam sağalıb bölməmə qayıdacağam”.
Hərbi hissənin əsgər yataqxanalarında yaradılan  yüksək məişət şəraiti, həmçinin şəxsi heyətin sağlamlığını nəzarətdə saxlayan ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi bir daha sübut edir ki, ordumuz Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub.

Mahmud MÖHBALIYEV

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »