Rusiya-Ukrayna müharibəsi davam edərkən, yüksək səviyyəli bir rus komandiri “Ukraynanın cənubunda nəzarətin təmin edilməsinin Moldovada Rusiyanın dəstəklədiyi separatçıların olduğu Dnestryanıya yeni qapı açacağını” söyləyib. “Rusiya gözünü Ukraynadan kənara çəkib” narahatlığına səbəb olan bəyanatdan sonra, Moldova Rusiyaya nota verib. Ukrayna prezidenti Zelenski də Rusiyanın başqa ölkələri işğal etməyə hazırlaşdığını iddia edərək, “Ukrayna hələ başlanğıcdır” deyib.
Rusiya-Ukrayna müharibəsinin demək olar ki, iki ayı arxada qoyduğu bir vaxtda yüksək rütbəli rus komandiri Ukraynanın cənubunda nəzarətin saxlanmasının Moldovanın separatçı bölgəsi olan Dnestryanı bölgəyə yeni qapı açacağını bildirib və bu, “Rusiyanın Ukraynadan kənara çıxması” ilə bağlı narahatlığa səbəb olub.
Rusiya Mərkəzi Hərbi Dairə komandanının müavini Rüstəm Minnekayev dünən verdiyi açıqlamada Ukraynanın cənubunda nəzarətin saxlanmasının Moldovada Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi Dnestryanıya qapı açacağını bildirib. Minnekayev bəyan edib ki, Rusiyanın məqsədi Donbas və qismən separatçı qüvvələrin nəzarəti altında olan Ukraynanın cənubuna tam nəzarətə nail olmaq və Rusiyanın 2014-cü ildə işxal etdiyi Krım ilə Donbas arasında quru dəhlizi yaratmaqdır. “Ukraynanın cənubuna nəzarət rusdilli əhalinin sıxışdırıldığı Dnestryanıya gedən başqa bir yoldur”, – Minnekayev bildirib.
MOLDOVA RUSİYAYA NOTA VERDİ
Bu açıqlama bölgədə gərginliyin sürətlə artmasına səbəb olub. Moldova, ərazisinin bir hissəsi olan, lakin 1990-cı ildə Rusiyanın dəstəyi ilə birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı Respublikası ilə bağlı bəyanatlara görə, Rusiyaya nota verib.
Moldova Xarici İşlər Nazirliyi yazılı açıqlamada rus komandirin sözlərinin “narahatedici” olduğunu bildirib və Moskvanı ərazi və suveren hüquqlarına hörmət etməyə çağırıb.
ZELENSKİ: RUSİYA BAŞQA ÖLKƏLƏRİ DƏ İŞĞAL EDƏCƏK
Ukrayna prezidenti Vladimir Zelenski də dünən axşam verdiyi açıqlamada bildirib ki, rus komandirinin bu sözləri Rusiyanın Ukrayna hüdudlarından kənara çıxan məqsədlərini açıq şəkildə ortaya qoyur. Zelenski “Rusiyanın Ukraynaya təcavüzü yalnız başlanğıcdır” deyərək, bu açıqlamanın Rusiyanın başqa ölkələri işğal etməyə hazırlaşdığının sübutu olduğunu bildirib.
TRANSDİNİESTER PROBLEMİ NƏDİR?
1990-cı ildə keçmiş SSRİ ölkəsi Moldovada birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgə BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmır. 1992-ci ildə bölgədə qanlı vətəndaş müharibəsi olub. Təxminən 500 min əhalisi olan Dnestryanı bölgədə əhalinin əksəriyyəti Moldovalılarla yanaşı Rusiya pasportlarına da sahibdir. Bölgədə əksəriyyət Rusiyaya bağlanmaq istəyir, lakin ölkənin Rusiya ilə quru əlaqəsi yoxdur.
Moldova ötən həftə Ukraynanı işğal edən Rusiyanı Moldova vətəndaşlarını işə götürmək cəhdində ittiham edib. Rusiyanın Ukraynanın cənub-qərbində yerləşən Dnestryanı bölgəyə çoxlu sayda hərbçi yerləşdirdiyi də bildirilir.
Rusiya Ukraynanı işğal etməzdən əvvəl, 2014-cü ildə bu ölkədən birtərəfli müstəqillik elan edən separatçı qüvvələrin nəzarətində olan Donetsk və Luqansk xalq respublikalarını tanıyıb.