“Bu Ermənistan üçün həqiqətən də son şansdır”

0

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülməli olan işlər, atılmalı olan addımlarla bağlı səsləndirdiyi fikirləri ilk növbədə Ermənistanın hazırkı hakimiyyətinə açıq mesajlar kimi dəyərləndirirəm. Bununla belə, dövlət başçısının çıxışında BMT, ATƏT və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlarla da bağlı olduqca maraqlı fikirlər yer alıb, eləcə də artıq tamamilə amorf instituta çevrilən Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətinə (daha doğrusu, tam fəaliyyətsizliyinə) də bir daha aydınlıq gətirilib. Habelə, Prezident Ermənistanı yenidən silahlandırmağa cəhd göstərə biləcək ölkələrə də ismarıc ünvanladı.

Çıxışında bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son 30 il ərzində ilk dəfə olaraq telefon söhbətinin baş tutduğunu vurğulayan və bunu müsbət qiymətləndirdiyini bəyan edən Azərbaycan Prezidenti çox önəmli bir məqama toxundu və bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətləri bu iki ölkə özləri həll etməlidir. Buna köməklik göstərmək istəyənlər isə buyurub kömək edə bilərlər. Bu, İlham Əliyev tərəfindən Nikol Paşinyana ünvanlanmış çox ciddi və cəsarətli çağırış idi. Azərbaycan lideri bu çağırışı ilə yeni reallığın əsasını qoydu.

Prezident öz çıxışında Zəngəzur dəhlizinin açılması planından vaz keçmədiyimizi, bu məsələnın əvvəlki kimi yenə də gündəmdə olduğunu, bizim üçün prioritet təşkil etdiyini bir daha vurğuladı və Naxçıvana çıxış üçün İranla imzalanan memorandumun Zəngəzur dəhlizinin açılmasının təxirə salınması kimi başa düşülməməsinin vacibliyini qeyd etdi. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, bu addımı ilə ilk növbədə 10 noyabr razılaşmasını pozmuş sayılacaq, bu isə öz növbəsində Azərbaycanın da analoji addım atması ilə nəticələnə bilər. Əgər Ermənistan tərəfi öz öhdəliyini yerinə yetirmək istəmirsə, o zaman Azərbaycan da öhdəliklərin yerinə yetirilməsinə xitam verə bilər. Bu İlham Əliyev tərəfindən Ermənistana qəti xəbərdarlıq kimi başa düşülməlidir.

Dövlətimizin başçısı Ermənistanın gələcək inkişafının ilk növbədə bu ölkənin Azərbaycan və Türkiyəyə qarşı düzgün və sülhsevər münasibətindən asılı olduğunu diqqətə çatdırdı. Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistanın inkişaf edə bilməyəcəyi bu gün hər kəsə, o cümlədən Ermənistanı idarə edənlərin özlərinə də kifayət qədər yaxşı məlumdur. Onlar başa düşməlidirlər ki, bu Ermənistan üçün həqiqətən də son şansdır. Rəsmi İrəvan revanşizmdən, ərazi iddialarından və türkofobiyadan əl çəkib, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq norma və prinsipləri əsasında münasibətləri normallaşdırmaq yolunu tutmalıdır. Ermənistanın xilas yolu yalnız bundan keçir. Bunun üçün Ermənistan rəhbərliyi ikibaşlı siyasət yürütməkdən, öhdəliklərin yerini yetirilməsini süni surətdə yubatmaqdan, qeyri-konstruktiv addımlar atmaqdan əl çəkməli və qeyri-müəyyənliyə son qoymalıdır.

Ermənistandan fərqli olaraq Azərbaycan nə istədiyini, hansı hədəflərə çatmaq istədiyini dəqiq bilir. Bunu Prezident İlham Əliyev də sözügedən çıxışında qeyd etdi. Biz qlobal düşünürük, zamanın çağırışlarına adekvat qərarlar veririk. Həmçinin bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz postmünaqişə dövrü ilə bağlı böyük quruculuq işlərinə start vermişik, bölgə ölkələri ilə sıx əməkdaşlıq münasibətləri qurmağı özümüz üçün prioritet seçmişik. Ermənistan da eyni mövqedən çıxış etməli, konstruktiv siyasət yürütməlidir. Bütün bunlar isə son nəticədə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasına köklü zəmin yaradacaq, müharibə risklərini azaldacaq və beləliklə, bölgə xalqları rahat nəfəs almaq, dinc yaşamaq imkanı əldə edəcək. Rəsmi İrəvan və erməni xalqı İlham Əliyevin bu çağırışlarına sağlam təfəkkürlə yanaşmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »