Universitetlərlə şirkətlər arasında əməkdaşlıqla bağlı problemlərin aradan qaldırılmasına həsr olunan müzakirələr başlayır

0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi “Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirdi ki, layihə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına həsr olunub. Əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən universitetlərlə şirkətlər arasında əməkdaşlığın qurulması ilə ali təhsilin praktikliyini təmin etmək, hazırlanan kadrların iş yerlərinin tələblərinə cavab verməsini təmin etməkdir.

Bunun üçün kadr hazırlığında səylərin birləşdirilməsi, məzunlarda peşə kompetensiyalarının formalaşdırılması və təhsil sistemində bu innovativ təşəbbüsün reallaşdırılmasına yönəlmiş fəaliyyətlərə xüsusi yer ayrılıb. M.Rəhimov qeyd etdi ki, məzunlarda formalaşdırılan peşə kompetensiyaları işəgötürənlərin tələblərinə adekvat olmalıdır. Əks halda universiteti bitirən məzunların işlə təmin olunmasında problem öz həllini tapmayacaq.

Tədbirdə çıxış edən ekspert, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Ramil Quliyev dedi ki, Azərbaycanda universitet və iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması hazırda əsas müzakirə mövzularından və həllini gözləyən məsələlərdən biridir. Universitetlər iş dünyasının ehtiyaclarını öyrənib, ona uyğun mütəxəssis hazırlamalıdırlar. Yəni iş dünyası və universitet əlaqələri çox ciddi qurulmalıdır. Təəssüf ki, hazırda bizim universitetlərin əksəriyyəti bunun heç birinə əməl etmir.

R.Quliyev daha sonra bildirdi ki, müşahidələr göstərir ki, universitetlərimiz iş dünyası ilə əməkdaşlıq edə bilmirlər. Əslində bu əməkdaşlıq həm universitetlər, həm də şirkətlər üçün faydalıdır. Belə ki, hazırda texnologiya sürətlə inkişaf edir. Bu inkişafla tanış olmağa, ondan istifadə etməyə şirkətlər daha çox maraqlıdırlar.

Ona görə də texnologiyada baş verən yeniliklərdən universitetlərdən daha çox, şirkətlər xəbər tutur və istifadə edirlər. Bunun özü də universitetlərlə iş dünyası arasında sıx münasibətlərin olmasının böyük önəm kəsb etdiyini diqtə edir. Əgər universitet neft mühəndisliyi sahəsində mütəxəssis hazırlayırsa, gərək bu sahə üzrə ölkədə fəaliyyət göstərən böyük şirkətlərlə görüşsün, tədris planını hazırlayarkən onlarla məsləhətləşsin və s. Çünki elə ola bilər ki, universitetin tədris etdiyi fənlərin bəziləri həmin şirkətlərdə işləmək üçün lazım deyil. Buna görə də onların universitet rəhbərliyinə daha lazımlı fənlərin tədris olunmasını tövsiyə edəcəkləri gözləniləndir.

Ekspert sonda dedi ki, ölkəmizdəki situasiyanın analizi göstərir ki, Azərbaycanda universitet və şirkətlər arasında əlaqə və münasibətlərin qurulması, əməkdaşlığın inkişaf etdirilməsi və kadr hazırlığında səylərin birləşdirilməsi ilə bağlı işlərin görülməsinə ehtiyac var. Əgər bu proses uğurla davam etdirilsə ölkəmizin sosial, iqtisadi inkişafı daha sürətlə gedər, məzunlar isə işsizlik problemi ilə qarşılaşmazlar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »