Prezident İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur. Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır.
İctimairey.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə ünvanladığı təbrik məktubunda yer alır.
Məktubda Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik. Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açmışdır.
“Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaqdır. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə məktubda qeyd olunur.