UNESCO-nun mənzil qərargahında Novruz bayramı qeyd edilib-FOTO

0

Azərbaycanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı və dəstəyi ilə qurumun mənzil qərargahında bu ölkələrin milli adət-ənənələrini ehtiva edən Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

İctimairey.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, qurumun işçiləri, bu ölkələrin diaspora üzvləri iştirak ediblər.

Təntənəli mərasimdə təşkilat komitəsinin rəhbəri qismində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, Novruz bayramı, onun mənəvi əhəmiyyətindən, 12 ölkənin hər birində Novruz ənənələrinin qorunub saxlanılmasından söz açıb. Novruzun xalqımızın milli adət-ənənələrini yaşatdığını diqqətə çatdırıb.

Tədbirin fəxri qonağı qismində UNESCO Baş Konfransının prezidenti, səfir Santiaqo İrazabal Mourao Azərbaycan nümayəndəliyinə tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib, hələ də pandemiyadan bərpa olmağa çalışan bugünkü dünyamızda Novruzun necə gözəl və əhəmiyyətli mesaj verdiyini, keçmiş və gələcək arasında bir körpü rolunu oynadığını qeyd edərək, mədəniyyətin gücünün zəruriliyinə toxunub.

UNESCO Baş Direktorunun müavini Şinq Qu 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının məziyyətlərinə toxunub, onun müxtəlif xalqları birləşdirməsindən, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirməsindən, nəsildə-nəslə ötürülən milli mənsubiyyət, kimlik nümunəsi olmasından danışıb.

Tədibrə qatılan UNESCO-nun Baş direktoru Odri Azuley hər kəsi salamlayaraq, Novruz bayramı münasibətilə təbrik edib. O, dünyanın müxtəlif yerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq, bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması, ailələrimiz və dostlarımız ilə görüşlər, ümid rəmzi olduğunu bildirib. Daha sonra Baş direktor ölkələrin hazırladıqları bayram süfrələrinə yaxınlaşaraq, bu ölkələrin Novruz xonçası, stolu ilə yaxından tanış olub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra, Azərbaycan, Əfqanıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın musiqiçiləri milli musiqi və rəqs nümunələri ifa ediblər.

Tədbirdə ud və nağaranın müşayiəti ilə balabanda “Sarı Gəlin”, “Bahar qızı”, “Heyva Gülü” kimi musiqi parçaları səsləndirilib. Fransada yaşayan istedadlı musiqiçi Səddam Novruzbəyov milli musiqilərimizi balabanda ifa edib.

Konsert proqramı 12 ölkənin milli təamlarını təqdim edən ziyafətlə müşayiət olunub.

Qeyd edək ki, pandemiya səbəbindən Novruz tədbirləri UNESCO-da son iki il ərzində təxirə salınmış və bu il iki illik fasilədən sonra Azərbaycanın təşəbbüsü ilə yenidən təşkil olunub.

Şəhla Ağalarova Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »