Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin xarici ölkələrdə təbliği olduqca vacibdir

0

Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin xarici ölkələrdə təbliği olduqca vacibdir

Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürüb. Bu gün də Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı: “Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığı təsbit olundu. Respublikamızda yaşayan hər bir etnik azlığın, hər bir xalqın təmsilçilərinin mədəniyyətinin, dəyərlərinin müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit edilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması və digər bu kimi mühüm addımlar da aparılan bu məqsədyönlü siyasətin tərkib hissəsidir”.

Mərkəz rəhbəri deyib ki, tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir: “Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında məhz bizim xalqa xas olan tolerantlığın, humanizmin və multikultural dəyərlərin müstəsna rolu var. Təbii ki, yeni dövlət quruculuğunda bunlar da nəzərə alındı və ölkəmiz bu sahədə yeni konsepsiya ortaya qoydu. Dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırıldı. Ona görə bu gün Azərbaycan bütün dinlərin, etnosların bərabər şəkildə, dostluq şəraitində yaşadığı və hüquqlarının təsbit olunduğu dövlətdir. Həmçinin Azərbaycan din siyasətinə, insanların vicdan azadlığına görə dünyada nadir nümunəvi ölkələrdən biridir. Dini etiqad azadlığı, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində islahatlar aparıldı, dini və milli dəyərlərin dirçəlişi prosesi sürətləndi. Azərbaycan dövlətinin din siyasətinin dinamikasını təşkil edən amillər müəyyənləşdirildi,  dini tolerantlıq və multikulturalizm siyasətinin qanunvericilikdəki bazası  göstərildi, dini qurumların maliyyələşdirilməsinin və onların dövlət ilə qarşılıqlı münasibətlərinin hüquqi əsasları müəyyənləşdirildi. Milli-dini modelin formalaşdırılması üçün dini  təhsil sistemində köklü islahatlar aparıldı”.

Cavid Şahverdiyevin sözlərinə görə, fəxrlə qeyd edə bilərik ki, müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət öz milli-mənəvi dəyərlərinə bağlı olan Azərbaycan xalqının milli xüsusiyyətidir: “Bu gün Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudilər, eyni zamanda digər dini inanclara sahib insanlar öz ibadətlərini sərbəst şəkildə həyata keçirirlər, tolerant və multikultural cəmiyyətin imkanlarından yararlanırlar. Azərbaycanda heç bir dini konfessiyanın birinin digərindən üstünlüyü yoxdur. Bir çox xalqlarla müqayisədə Azərbaycan identikliyi multikulturalizm, tolerantlıq üçün həm əlverişli, həm də müasir dövr üçün olduqca aktualdır. Amma Azərbaycanda tolerantlıq və multikultural dəyərləri həzm edə bilməyən qüvvələr də var ki, onlar hər vəchlə bu modelə kölgə salmağa cəhdlər göstəriblər. Beynəlxalq ictimaiyyətin fikrini dəyişməyə səy göstəriblər. Belə ki, ABŞ-ın Dini Etiqad Azadlığı Komissiyası (USCIRF) 2013-cü ildən etibarən heç bir fundamental əsası olmayan hər il Azərbaycanı dini etiqad azadlığının pozulmasına görə “2-ci Səviyyə” ölkələr siyahısına daxil edib, “Dövlət Departamentinin xüsusi nəzarəti altında olan siyahı”da təqdim olunub. Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviqi adlı qəbul etdiyi  qətnamədə ölkəmizdə “din azadlığının pozulması”, “Amnesty International” və  Human Rights Watch kimi beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı həmişə Azərbaycana qarşı qeyri şəffaf və qərəzli mövqe nümayiş etdiriblər.  Belə qərəzli bəyanat və hesabatları ifşa etmək, beynəlxalq ictimaiyyətə düzgün və dolğun məlumat çatdırmaq üçün hesab edirik ki, dünyaya örnək olan Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin xarici ölkələrdə təbliği olduqca vacib və zəruridir”.

Cavid Şahverdiyev onu da diqqətə çatdırıb ki, mövzunun aktuallığını nəzərə alaraq  Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu il “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsinə start verib: “Layihənin məqsədi dünyaya örnək olan Azərbaycanda tolerant və multikultural dəyərlərin, ölkəmizin dinlərarası dialoq məkanına çevrildiyi, müxtəlif dini baxışlı insanların birgəyaşayışın, müxtəlif din və etiqad azaqlıqların, mədəni müxtəlifliyi, tarixi, dini abidələr, ibadət yerlərinin qorunub saxlanıldığı, həmçinin rəsmi Bakının qoşulduğu beynəlxalq konvensiyalar, yerinə yetirdiyi öhdəliklər, dini etiqad azadlığı, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində aparılan islahatlar, qəbul edilən qanunların əhəmiyyətini  Rusiya, Hindistan, Pakistan, Türkiyə, Misir, Əlcəzair  və Ukrayna (rus, ingilis, ərəb, türk və Ukrayna dillərində) beynəlxalq ictimiayyətin diqqətinə çatdırmaqdır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »