GÖZLƏNİLƏN İDİ: Özünü “ağır artilleriya” zənn edən Ramiz Mehdiyev nəhayət sükutu pozaraq, hücuma keçib.
Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin AMEA-nın mətbuat xidmətinin adından yaydırdığı bəyanatla sükutu pozması əslində gözlənilən idi. Bu bizim hamımızın yaxşı tanıdığımız Ramiz Mehdiyevdirsə, o uzun müddət susa bilməzdi. Ramiz Mehdiyev özünü “ağır artilleriya” zənn edərək günün birində mütləq sükutu pozacaq, əvvəl-axır hücuma keçəcəkdi. Bu onun ənənəvi dəst-xəttidir. Odur ki, mən bu adamın növbəti dəfə AMEA-nın mətbuat xidmətindən və saytından sanki öz dədə-baba malıymış kimi sui-istifadə edərək bəyanat yaymasına əsla təəccüblənmədim.
Bəyanat AMEA-nın adından yayılsa da, ancaq bu bəyanatın birbaşa R.Mehdiyevin özü tərəfindən hazırlandığına nə mənim, nədəki həmkarlarımızın zərrə qədər də şübhəsi yoxdur. Ölkəmizin tanınmış elm xadimlərinə, millət vəkillərinə, siyasət adamlarına, digər nüfuzlu şəxslərə qarşı cəfəng iddialarla, əsassız ittihamlarla və təhqiramiz ifadələrlə dolu bu “inşa yazısı” tipik “Ramiz Mehdiyev mətbəxi”nin məhsuludur və akademiya prezidenti bu bəyanatı ilə əslində bütün Azərbaycan cəmiyyətinə açıq müharibə elan edib.
Əvvəla onu deyim ki, akademikin qələmindən çıxan və ölkənin aparıcı mətbu orqanlarının elektron poçtuna göndərilən, eləcə də AMEA-nın saytında yerləşdirilən bu yazı-bəyanat akademik üslubdan və məzmundan uzaq, tamamilə qeybət və böhtan xarakterli söz yığınıdır. Yazıda nəzərə çarpan bir çox səhvlər də bu yazının müəllifinin “akademik” səviyyəsini göstərir. Hiss olunur ki, AMEA prezidentinin özü də, R.Mehdiyevin tezislərini hazırlamaqda ona kömək edən, onun adından yazı qondaran spiçrayterlər də elmi-intellektual böhrandan əziyyət çəkirlər, rabitəsiz cümlələrdən ibarət tələm-tələsik bəyanat hazırlayıb yaymaqla psixoloji gərginlik içində çabaladıqlarını nümayiş etdirirlər.
Bunlar bir bəyanatı bu cür bərbad şəkildə “bişirib-düşürüb” ortaya çıxarırlarsa, indi görün Ramiz Mehdiyevin qosqoca AMEA sistemində tətbiq etdiyi köhnə idarəçilik metodları hansı səviyyədədir. Ən pisi də budur ki, AMEA prezidenti bu cür intellektual kasadlıqla həm elmi ictimaiyyətə dirəniş göstərir, həm də dövlətə meydan oxumağa çalışır. Bu lap ölümöncəsi aqoniyaya bənzəyir. Əslində Ramiz Mehdiyev intellekt cəhətdən zəngin biri olsaydı və qrossmeyestr kimi davransaydı, dövlətin və cəmiyyətin üzərinə gəlməz, müdriklik nümayiş etdirərdi. Ancaq Ramiz Mehdiyev kimi zombiləşmiş siyasi fiqurdan belə bir müdriklik, uzaqgörənlik gözləmək sadəlövhlük olardı. Adam pərakəndə, sistemsiz və səviyyəsiz, məntiqsiz formada dirəniş göstərməkdə axıra qədər davam edəcək və sonda özünü bitirəcək.
Bizim mənəvi borcumuz isə Ramiz Ənvəroviçə bu özünübitirmə, özünüifşa prosesində mümkün qədər çox yardımçı olmaqdır. Biz onun haqqında bildiklərimizi, onun indiyə qədər ölkə siyasətində və akademiya sistemində törətdiklərini, Azərbaycanın gələcək inkişafına qarşı yönəlmiş “beşinci kolon” planlarını açıb ortaya qoymaqla, deşifrə etməklə həm elm camiəsini, həm də bütövlükdə cəmiyyətimizi “Ramiz Mehdiyev kabusu”ndan mümkün qədər tez xilas etməyə çalışmalıyıq. Yenə deyirəm biz bu prosesdə AMEA-nın ən uğursuz prezidentinə yardımçı olmalıyıq ki, adam özünü ifşa etməyə davam etsin. Bəli, Ramiz Mehdiyevin sonuncu bəyanatı sözün həqiqi mənasında özünüifşa bəyanatıdır. Heç kim Ramiz Mehdiyevi bir bəyanatla onun özündən daha yaxşı ifşa edə bilməzdi.
Məlum bəyanatda “avtobus müxalifəti”, “cib müxalifəti”, “Milli Məclisin ənənəvi növbətçi trolları”, “özünü buraxmış parlament”, “saxta deputatlar” və digər ifadələrin yer alması, bu ifadələrin Ramiz Mehdiyev tərəfindən dilə gətirilməsi vaxtilə Administrasiya rəhbəri olduğu dönəmlərdə bu biabırçı “yarlıq”ların bilavasitə onun göstərişi ilə siyasi dövriyyəyə buraxıldığını, güncəlləşdirildiyini göstərir. O, bir vaxtlar lənətlədiyi, mübarizə apardığı radikal müxalifətçilərin leksikonundan bu gün onu tənqid edənlərə qarşı utanmazcasına istifadə edir. Ramiz Mehdiyev özünü əsl Jozef Fuşe kimi apararaq riyakarlığa yol verir və bəyanatda seçkilərin nəticələrinin saxtalaşdırıldığını diqqətə çatdırır. Bəli, bu Ramiz Mehdiyev qırmızılığının son həddidir.
Lakin əsl həqiqətdə isə bu adamın seçkilərin saxtalaşdırılmasından dəm vurmağa heç bir mənəvi-siyasi haqqı yoxdur. Çünki ölkədə uzun illər boyu seçki kampaniyalarının təşkil edilməsi prosesinə Administrasiya rəhbəri kimi bilavasitə Ramiz Mehdiyevin özü rəhbərlik edib. İndi bu adam hansı haqla eynən Əli Kərimlinin, Cəmil Həsənlinin ritorikasından çıxış edir? Seçkiləri saxtalaşdıran adam indi birdən-birə süddən çıxmış ağ qaşığamı döndü? Deməli, özünün uzun illər boyu təmsil olunduğu, daha doğrusu, lap yüksək eşalonda yer aldığı siyasi sistemi hədəfə almaq, “baltalamaq” üçün məhz Ramiz Mehdiyev “əxlaq”ına malik olmaq lazımdır.
Bu adam vaxtilə “xaç ata”lıq etdiyi, bilavasitə təşkilatçısı olduğu kampaniyaların, siyasi hadisələrin məsuliyyət yükünü indi bu qədər asanlıqla başqalarının üzərinə atmağa çalışırsa, demək ki, Ramiz Mehdiyev üçün nə siyasi proseslərdə, nədəki mənəvi anlamda heç bir “qırmızı xətt”lər yoxdur. Adam öz ambisiyalarını gerçəkləşdirmək üçün hər kəsi əzib keçməyə və hər şeyi ayaqlar altına atmağa hazırdır. Bax, belələrini əsl siyasi “monstr” adlandırmaq olar. Bu “monstr”ı neytrallaşdırmaq, zərərsizləşdirmək lazımdır ki, ölkənin ictimai-siyasi mühitini gün-gündən daha da toksikləşdirməsin, zəhərləməsin.
Ramiz Mehdiyev məlum bəyanatı ilə siyasi hakimiyyətə ismarıc və eyhamlar göndərir, onun haqqında tənqidi fikir söyləyənləri riyakarlıqda ittiham edir, onlara qarşı psixoloji hücuma keçir, onları şantaj edir, hətta bəzilərini maliyyə yeyintisində, digərlərini övladlarına karyera qurmaqda suçlayır, bəzilərinə qarşı isə siyasi ittihamlar irəli sürür. Bütün bunlar həm onun çaşqınlığından, həm də kələfin ucunu, daha doğrusu, başını itirməsindən irəli gəlir. Ona görə də şantaja əl atır və eyni zamanda ona qarşı mətbuatda çıxış edən şəxsləri mövqe dəyişikliyində ittiham edir.
Ancaq Ramiz Mehdiyevin özünün mövqeyindəki təzadlı dəyişikliklərdən isə xəbəri yoxdur. O, bir tərəfdən yazısında ölkə başçısının adını tez-tez çəkir və mədhiyyə səpkisində ifadələrə geniş yer verir, ancaq digər tərəfdən isə vaxtilə ideoloqu olduğu sistemi “baltalayır”. Bunu isə yalnız əqidəsinə xəyanət etmiş, cəbhəsini dəyişmiş, silahdaşlarını satmış şəxslər edə bilər. Ramiz Mehdiyev isə belələrininin bariz nümayəndəsidir. Ramiz Mehdiyev özü “ştreykbrexer” olduğu halda, bu gün başqalarını mövqe dəyişdiklərinə görə tənqid edib aşağılamağa çalışır. Bu əsl absurddur.
Qocalıq marazmına tutulmuş bu qondarma “akademik” (onun akademik titulunu necə alması da ayrıca araşdırılmalıdır) adi, ənənəvi şantaj üsuluna əl ataraq, yazısında uzun illər yüksək vəzifə tutduğunu və hələ də Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladır. Əlbəttə, bu xatırlatma boşuna deyil. Mehdiyev bununla eyham vurur ki, guya, hansısa sirləri aça bilər və əlində yetərincə kompromat var. Ancaq Mehdiyevin bu eyhamları, şantajları hamısı boş şeydir. Çünki Ramiz Mehdiyev “blef”lə məşğuldur, görüntü yaradır. O, özünü yalandan məlumatlı, çox informasiyalı, faktlarla və komromatlarla zəngin biri kimi göstərir. Ancaq əsl həqiqətdə isə AMEA prezidentinin nə əlində, nədəki , “seyf”ində heç bir tutarlı bəlgə, komromat yoxdur. Bu, sadəcə keçmiş “boz kardinal”ın ənənəvi taktikasıdır.
Ramiz Mehdiyev ömrü boyu belə olub, vəzifə səlahiyyətlərindən öz dar, şəxsi maraqları üçün istifadə edərək bu və ya digər rəqibinə qarşı cılız təzyiq metodlarından istifadə edib, insanları qorxutmağa, gözümçıxdıya salmağa çalışıb. Düşünür ki, yəqin ki, həmin metodlar bu gün də keçərlidir, effektivdir. Bu isə bir daha onu göstərir ki, 83 yaşlı Ramiz Mehdiyev hələ də sovet dövründə ilişib qalıb, 21-ci əsrə adlaya bilməyib. Odur ki, bu adamın nə inzibati-amirlik psixologiyasından doğan hədə-qorxularından, nədəki komromat eyhamlarından əsla çəkinmək lazım deyil. Bir sözlə, bu dəqiqə Ramiz Mehdiyevin əlində “xolostoy” güllələrdən başqa heç nə yoxdur.
Mən hesab edirəm ki, AMEA-nı yubanmadan “Mehdiyev çətəsi”ndən təmizləmək lazımdır. Bu “çətə” orda lövbər salmağa davam etdikcə, Ramiz Mehdiyev həm elmi mühitimizi, həm də ölkənin ictimai-siyasi həyatını terrora məruz qoymağına davam edəcək. Belələrini cəmiyyətdən və siyasi mühitdən təcili surətdə təcrid etmək lazımdır. Ramiz Mehdiyevlə gündəlik ünsiyyət imkanı olan və ona cəmiyyətin mövqeyini çatdırmağa cəsarəti çatan şəxslər varsa, lütfən, bu adama desinlər ki, onun AMEA prezidenti kimi yaydığı bəyanat da, atdığı addımlar da artıq cəmiyyətdə gülüş doğurur, kinayə hədəfinə çevrilir. Ramiz Mehdiyev indiyə qədər törətdiyi bütün məkrli əməllərinə və yol verdiyi səhvlərinə görə xalqdan da, bir zamanlar təmsil olunduğu siyasi düşərgədən də, bəyanatlarında ittiham və şantaj etdiyi siyasət və elm adamlarından da üzr istəməlidir.
Əgər bu qocaman şəxsdə özünə qarşı, keçib gəldiyi siyasi ömür yoluna qarşı heç olmasa, zərrə qədər də olsa hörmət hissi qalıbsa, siyasi arenanı və elm məbədimizi – AMEA-nı üzüsulu tərk etməli, istefa verib getməlidir. Onun özü bunu könüllü şəkildə etməzsə də, zaman və reallıqlar onsuz da onu süpürüb elm tarixinin “küllüyü”nə atacaq. Bu mənada könüllü şəkildə istefa verib AMEA-dan getmək bəlkə də Ramiz Mehdiyev üçün öz “sifət”ini qoruyub saxlamaqdan ötrü sonuncu şansdır. Heç olmasa, sonuncu şansınızı düzgün dəyərləndirin, Ramiz Mehdiyev!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri