Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında andiçmə mərasimi keçirilib.
İctimarey.az- a Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq elan edilib.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.
Mülki Müdafiə Alayının komandiri, mayor Şərif Əsədov, zabit Mətin Amanov, əsgər Yalçın İsmayılov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir. Əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan verir.
Mərasimdə çıxış edən gənc əsgər Süleyman Babayev bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.
Valideyn Məmmədbağır Kərimov qeyd edib ki, bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimiz də hərbi anda sadiq qalacaq, intizamlı olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər.
Fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının Fövqəladə hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb.
Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.