İsrail hökuməti Latviya, Litva və Estoniyaya bu ölkələrin İsraildə əldə etdiyi silahların Ukraynaya təhvil verilməsi sorğusuna cavab olaraq, rədd cavabı alacaqları barədə əvvəlcədən xəbərdar edib.
İctimairey.az xəbər verir ki, bu barədə Amerikanın müdafiə və silah təchizatı üzrə ixtisaslaşan Breaking Defense portalı məlumat yayıb.
Səlahiyyətli mənbənin nəşrə verdiyi məlumata görə, Ukrayna İsrailin “Spike” tank əleyhinə raket komplekslərini alacağını gözləyir.
Bütün Baltikyanı ölkələr müxtəlif variasiyalarda bu kompleksə sahib olsalar da, Latviya İsrail silahlarının ən müxtəlif arsenalına malikdir.
Breaking Defence-ə görə bu dövlətdə LR, LR2, ER və SR adlı tank əleyhinə sistemlər üçün seçimlər var. Lakin Baltikyanı ölkələrin heç biri bu silahları Kiyevə ötürə bilməz.
İsrail xaricə satılan silahlara ciddi “son istifadəçi” qaydaları tətbiq edir ki, bu da alıcı ölkənin ilkin istehsalçının icazəsi olmadan avadanlığı üçüncü tərəfə göndərmək imkanını qanuni olaraq məhdudlaşdırır.
Nəşrin məlumatına görə, hələ dekabr ayında İsrail Müdafiə Nazirliyi üç Baltikyanı ölkəyə Ukraynaya silah ötürmək istəsələr, rədd cavabı veriləcəyi barədə bildiriş göndərib.
İndiki təcrübədə bu cür qabaqlayıcı xəbərdarlıq görünməmiş haldır. Lakin İsrail, bu nümayişkaranə addımı “Rusiya ilə münasibətlərini balanslaşdırmaq” üçün atıb.
Qeyd edək ki, bu baxımdan İsrailin mövqeyi ABŞ-ın mövqeyindən kəskin şəkildə fərqlənir. Yanvar ayında ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyanın sorğusuna cavab olaraq, Ukraynaya Amerika istehsalı olan silahların, xüsusən də tank əleyhinə sistemlərin tədarükünə icazə verib.