Heç kim bizə müstəqilliyi pay vermədi. Biz bu azadlığımızı əziz şəhidlərimizin qanı bahasına qazanmışıq.

0

Bu gün Qanlı Yanvar qətliamından 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və bölgələrdə qırmızı sovet imperiyası tərəfindən törədilən qırğınlar xalqımızın qan yaddaşına yazılan ən faciəli hadisələdən biri olmaqla bərabər, həm də çağdaş tariximizə parlaq qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bəli, 20 Yanvar müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tariximizdir. Mənfur sovet rejimi 20 Yanvar qırğınını xalqımızın müstəqillik arzularını boğmaq üçün, xüsusi amansızlıqla hazırlayıb həyata keçirsə də, lakin bu müdhiş ssenari Azərbaycan xalqının mübarizə ruhunu əsla qıra bilmədi.

Qanlı sovet lideri Mixail Qorbaçovun üzərimizə göndərdiyi qatillər ordusu tərəfindən kütləvi qırğına məruz qalan yenilməz xalqımız azadlıq əzmini itirmədi. İşğalçı sovet tanklarının üzərinə əliyalın yürüyən Azərbaycanın mübariz övladları, həmin məşum gecədə öz canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Müstəqillik uğrunda mübarizəmizin bu ağır tarixi sınağından xalqımız qalib çıxdı və haqq səsini daha da ucadan bəyan etməyə başladı. Məhz şəhidlərimizin misli görülməmiş fədakarlığı sayəsində 20 Yanvar tariximizin məğlubiyyət səhifəsinə yox, milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda mübarizəmiizin rəmzinə çevrildi. Kreml Bakıda 20 Yanvar qətliamını törətməklə milli azadlıq mübarizəmizin qarşısını almağı hədəfləsə də, lakin bu qırğından sonra sovet imperiyasının özünün daha sürətlə çökməsi prosesi başlandı. Beləliklə, 20 Yanvarda qatil sovet ordusunun gülləbaranı qarşısında geri çəkilməyən Azərbaycan xalqı bu mətinliyi ilə bütün dünyaya örnək oldu və qırmızı sovet imperiyasının çökməsində həlledici, təkanverici rol oynadı.

Bunu da vurğulamalıyıq ki, heç kim bizə müstəqilliyi pay vermədi. Heç bir xarici qüvvə istiqlaliyyəti bizə sinidə hədiyyə etmədi. Biz bu azadlığımızı əziz şəhidlərimizin qanı bahasına qazanmışıq. Allah o gecəki bütün qəhrəman soydaşlarımızdan razı olsun. Biz bugünkü müstəqilliyimizi məhz onlara borçluyuq. Onların axan qanları bizə müstəqil Azərbaycan Dövlətini miras qoydu. Odur ki, mənfur sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi o qanlı qırğından artıq 32 il keçməsinə baxmayaraq xalqımız nə M.Qorbaçov və onun Yazov, Mixaylov kimi cəlladlarının əmri ilə törədilən faciənin ağrı-acısını, nədəki şəhidlərimizin qəhrəmanlıq salnaməsini unutmur. Bu cür şanlı və qanlı tariximizi əsla unutmaq olmaz!

Ümumiyyətlə, tarix heç bir halda unudulmamalıdır. Ona görə unudulmamalıdır ki, xoş olan tarixlər yenidən təkrarlansın, davamlı olsun, tariximizin hüznlü olan səhifələri isə gələcəkdə yenidən təkrarlanmasın. Faciəli günlərin təkrarlanmaması üçün, o hadisələr daim araşdırılmalı, öyrənilməli və düzgün nəticələr çıxarılmalıdır. Eyni zamanda o faciələrə səbəb olmuş, şərait yaratmış qüvvələr və şəxslər daim lənətlənməlidir. Xüsusən də yetişməkdə olan gənc nəsil sovet imperiyasının ovaxtkı rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi faciənin tarixini dərindən öyrənməlidir.

İstər 20 Yanvar qırğını, istərsə də Xocalı soyqırımının qurbanları və 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında əsas borcumuz öz tarixinə və dövlətçiliyinə sahib çıxan bilikli, mübariz nəsil yetişdirməkdir. Hər bir gəncimiz bilməlidir ki, 20 Yanvar həm milli qürur günümüz, həm də hüznlü hadisəmizdir. Gənclərimiz şəhidlərimizin səpdiyi azadlıq toxumlarından cücərib, müstəqi dövlətə çevrilən Azərbaycanı göz bəbəyi kimi qorumalı, Vətəni necə sevməyi şəhidlərdən öyrənməlidirlər. “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarı isə yaşımızdan, işimizdən asılı olmayaraq hər birimizin həyat fəlsəfəmizə çevrilməlidir. Çünki bu Vətən bizim hər birimizə əmanətdir!

Biz bu gün Milli Həmrəylik Partiyası olaraq 20 Yanvar şəhidlərini, cəmi şəhidlərimizi böyük ehtiram və şükranlıq hissilə yad edirik! Ruhunuz və məqamınız çox ucadır, əziz şəhidlər! Siz ölməzsiniz, Vətənimiz isə bölünməzdir! Qarşınızda baş əyirik! Tanrı Azərbaycanımızı qorusun!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »