Əlisahib Hüseynov: Laçın yenidən qurulur, laçınlılar isə, Böyük Qayıdış gününə hazırlaşırlar

0

Yaxşı ki, Tanrı və zaman bizə ulu və şərəfli bir millət olaraq işğal təqvimini Zəfər təqvimi ilə əvəzləməyə imkan verdi.

44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbələr işğalçı Ermənistanı kaputilyasiya sənədini imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də heç bir döyüş əmliyyatı keçirilmədən, itki vermədən mənfur düşməndən təmizlənərək Azərbaycana geri qaytarılıb. Bu şəhidlərimizin şücaətinin, qazilərimizin qəhrəmanlığının nəticəsində mümkün oldu. Ağdam və Kəlbəcərdən sonra Laçının da döyüşsüz azad edilməsi Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik mübarizəsinin məntiqi yekunu idi. Bu qeyri-adi bir mübarizə idi. Dünya hərb tarixində bu cür mübarizə nümunələrinə müstəsna hallarda rast gəlinir. Çox nadir müharibələr var ki, onlar tarixə illərlə işğal altında qalan ərazilərin bir qisminin real hərbi əməliyyatlar nəticəsində, digər qisminin isə diplomatik savaş sayəsində azad edilməsi ilə düşüb. 44 günlük müharibə də məhz belə müharibələrdən biridir və biz bunu hər yerdə qürurla vurğulaya bilərik.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi millətçi-şovinist erməniləri necə sevindirmişdisə, 28 illik aradan sonra Laçının yenidən öz tarixi sahibinə qovuşması da bu xəstə təfəkkürlü toplumu ikiqat artıq məyus etdi. Çünki onlar vaxtilə Şuşanın ardınca Laçını işğal etməklə bu rayonun ələ keçirilməsinin onlar üçün necə böyük strateji əhəmiyyətə malik olduğunu göstərirdi. Təcavüzkar qonşularımız əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçınını işğal etməklə həm Azərbaycanın digər rayonlarını işğal etmək üçün əlverişli mövqe qazanmaq imkanı əldə etmişdilər, həm də iqtisadiyyatımıza ciddi ziyan vurmuşdular. Laçın rayonu həmin vaxt Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm paya malik olan rayonlarımızdan biri sayılırdı.

İşğaldan öncə Laçın Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olub. Erməni qəsbkarları işğal dönəmində bu rayonun bütün iqtisadi infrastrukturunu, mədəni-məişət obyektlərini, tarixi abidələrini, məktəblərini, məscidlərini dağıdaraq talan ediblər. Bu onların iç üzünü, faşist xislətini göstərməklə bərabər, həm də bizə qarşı etnopsixoloji zəmində nifrətlərini təsdiqləyir. İrqçiliyə, milli zəmində nifrətə, türkofobiyaya söykənən erməni faşizmi bəşəriyyətə ağır zərbə vurmuş alman faşizmindən də daha qəddar və amansızdır. Bunun əyani təsdiqini bu gün işğaldan azad edilmiş rayonlarımıza səfər edən istənilən əcnəbi qonaq gedib öz gözləri ilə görə bilər.

Ermənilər vəhşi qəbilələr, vandallar kimi Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən Laçın rayonunda hər şeyi yerlə-yeksan ediblər, müasir dövrümüzdə misli görünməmiş barbarlığa imza atıblar. Lakin şükürlər olsun ki, Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın davam edən bu barbarlığa 44 günlük müharibə ilə son qoydu və erməni faşizmini cəzalandırdı, torpaqlarımızı işğaldan azad etdi. Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa edilməsidir. Biz tarixi ədalətin qalib gələcəyinə inanırdıq. Bütün Azərbaycan xalqı buna inanırdı. Yurd həsrəti ilə yaşayan laçınlılar da buna qeyd-şərtsiz inanırdılar. Və budur, indi laçınlıların böyük səbr və mətanətlə dözdüyü yurd həsrətinə artrıq son qoyulmaqdadır.

Bu gün Laçının işğaldan azad edilməsinin birinci ildönümü tamam olur. İndi Laçın ikinci həyatına başlayır. Prezident İlham Əliyev ötən bir il ərzində Laçın rayonuna iki dəfə – 14 fevral və 16 avqust tarixlərində səfər edib və işğalın ağır nəticələrinin aradan qaldırılması, bərpa və yenidənqurma işlərinin aparılması üçün bütün lazımi tapşırıqlarını verib. Hazırda Laçında çox ciddi quruculuq və bərpa işləri gedir. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və böyük infrastruktur layihələri reallaşdırılır. Bir sözlə, Laçın yenidən qurulur, laçınlılar isə Böyük Qayıdış gününə hazırlaşırlar. İnşAllah Laçın tezliklə öz əvvəlki gözəlliyinə, bənzərsizliyinə qovuşacaq. Amma biz bədnam qonşularımızın bu son 30 ildə bizə qarşı törətdiyi vəhşilikləri bundan sonra heç zaman unutmamalıyıq. Biz bundan sonra qalib xalq kimi hər zaman torpaqlarımızı göz bəbəyi kimi qorumalıyıq!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »