Soçi görüşü öncədən də gözlədiyimiz nəticələrlə yekunlaşdı. Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanat Azərbaycanın maraqlarına cavab verir və qarşımıza qoyduğumuz məqsədlərə nail olduğumuzu göstərir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bir illik nəticələrinə həsr olunmuş Soçi görüşündə imzalanan bəyanat prinsipcə 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır. Bu bəyanat öncəki bəyanatların əsasında tərəflərin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi işinin sürətləndirilməsi üçün yeni “yol xəritəsi” cızır və qarşıya yeni vəzifələr qoyur. Artıq real addımların atılması mərhələsi başlanır.
Həm nəqliyyat dəhlizlərinin açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ortaq məxrəcin əldə edilməsi yaxın zamanlarda bu istiqamətlərdə praktik addımların atılacağını göstərir. İlk növbədə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulur. Sözügedən komissiya sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərini bu ilin sonuna kimi işləyib hazırlayacaq. Soçi görüşündə alınan bu qərarlar və proseslərin sürətlənməsi Azərbaycanın maraqlarına tam cavab verir. Görüşdə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dəfələrlə açıq bəyan edib ki, sərhədlərin delimitasiyası prosesinə təxirə salınmadan başlamağa hazırdır. Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyi və Vladimir Putinin vasitəçi tərəf kimi tələbkarlığı Ermənistanın avantürist baş naziri Nikol Paşinyanı da sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Azərbaycan və Rusiya ilə eyni mövqedən çıxış etməyə məcbur etdi.
Biz bu görüşdən öncəki açıqlamalarda da qeyd etmişdik ki, Paşinyanın bütün bəhanə və manevrləri, 10 noyabr və 11 yanvar bəyanatlarının şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq üçün bütün imkanları artıq tükənmək üzrədir və Paşinyanın Azərbaycanın tələblərini qəbul etməkdən, sülhə razılaşmaqdan başqa bir yolu, çarəsi yoxdur. Görüşün nəticələri də bu fikrimizi təsdiqləyir. Bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru, İlham Əliyevin aktivinə yazılan siyasi qələbə kimi qiymətləndirilməlidir. Azərbaycan bu görüş nəticəsində istədiklərini əldə etdi, qarşı qoyulan hədəflərinə nail oldu. Erməni mətbuatı və müxalifəti isə Soçi görüşünü Ermənistanın növbəti məğlubiyyəti kimi dəyərləndirir. Bu da təbiidir.
Paşinyanın bu görüşdə Azərbaycan və Rusiya liderlərinin iradəsi ilə razılaşmaqdan və ortaq mövqe nümayiş etdirməkdən başqa bir yolu yox idi. Paşinyan Soçi görüşündə maket rolunu oynayırdı. Soçi bəyanatının mətnində yer alan məsələlər də bu fikrimizi təsdiqləyir. Bəyanatda əsas etibarilə rəsmi Bakının diktə etdiyi məsələlər öz əksini tapıb. “Qarabağın statusu” kimi təxribatçı ifadənin bəyanatın mətninə salınmaması, habelə Ermənistan tərəfinin Soçi görüşü öncəsi tez-tez gündəmə gətirdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da bu görüşdə Ermənistanın deyil, Azərbaycanın həlledici mövqeyə sahib olduğunu sübut edir. Bir sözlə, Soçi görüşü, Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin qalib gəlməsini təmin etdi. Bu isə öz növbəsində Brüsel görüşü ərəfəsində Azərbaycanın mövqeyini gücləndirmiş oldu.
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri