Dağlar gözəli Kəlbəcər

0

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra düşmən həmin ayın 25-də Kəlbəcəri boşaltmaq haqqında öhdəlik götürdü və acı məğlubiyyətin dadını bildikləri üçün, deyilən vaxtda Kəlbəcəri tərk etdilər. 44günlük Zəfər daha bir rayon ərazisinin qan tökülmədən azad olunmasına səbəb oldu.

Dağlar qoynunda yerləşən Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması “Kevliçer” kimi qəbul edilib) “Çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır.

İnzibati rayon statusunu Kəlbəcər 1930-cu il 8 avqust tarixində almışdır. İşğala qədər rayonun əhalisi 88 300 nəfər, ərazisi isə 3054 kv. km. təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi olmuşdur. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər mülki əhali əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşlar. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Kəlbəcər işğal olunduqdan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edilmişdir. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və çox təəsüflər olsun ki, beynəlxalq təşkilatlar onun icrasını heç zaman tələb etmədilər. Amma Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Ərazisində mühüm strateji yüksəkliklər olan Kəlbəcərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Bu barədə Prezident İlham Əliyevin aşağıdakı fikri çox qiymətlidir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular və Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycanın bayrağını qaldırdı.

Prezidentin göstərişi ilə Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri həyat keçirilməyə başlanılmışdır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydular. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq oldu, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edildi. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyuldu. Tezliklə rayon ərazisində infrastruktur işləri başa çatdırılacaq və təsdiqlənəcək baş plan əsasında Kəlbəcər şəhərinin və digər yaşayış məntəqələrinin inşasına start veriləcəkdir.

Rüstəmova Selenay Elşən qızı,

Nərimanov rayonunun fəal gənci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »