Polşadan sərhəd xətti boyunca atəş səsləri eşidilib.
İctimairey.az TASS-ın hadisə yerindən olan müxbirinə istinadən məlumat verir ki, Belarus sərhədçiləri miqrantlarla Polşa təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmaya müdaxilə etmir.
Bundan əlavə, polyaklar miqrantların qarşısında bir neçə səs-küylü qumbara partladıb və su şırnaqlarını işə salaraq, onları hasardan uzaqlaşdırıblar.
Noyabrın 16-da səhər saatlarında Belarus və Polşa sərhədində toplaşan qeyri-qanuni miqrant qrupları fəal şəkildə hasarları qırmağa və polyaklara daş atmağa başlayıblar. Nəticədə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Qeyd edək ki, noyabrın 8-dən Belarus-Polşa sərhədində Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantlar toplaşıb. Müxtəlif hesablamalara görə, miqrantların sayı iki – beş min nəfər arasındadır, onlar küçədə yaşayır və bəzən hasara hücum etməyə çalışırlar.
İctimairey.az