“Ermənistan dövləti hazırda “başsız atlı”ya bənzəyir, çünki…”

0

Ermənistan dövləti hazırda “başsız atlı”ya bənzəyir. Çünki nə istədiyini, nəyə can atdığını bilmir və nə etdiyinin fərqində deyil. Bu ölkənin hərbi-siyasi rəhbərliyinin hərəkətləri xaotik addımlardan və situativ qərarlardan başqa bir şey deyil. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan və ötən bir il ərzində Azərbaycana qarşı yol verdiyi bütün təxribatları uğursuzluqla nəticələnən Paşinyan hakimiyyəti hazırda qeyri-müəyyənlik girdabında çabalayır və əsas strateji xəttini, Azərbaycana münasibətdə “yol xəritəsi”ni müəyyənləşdirə bilmir. Ermənistanın hazırkı ziddiyətli davranışları, taktiki addımları da məhz bundan qaynaqlanır.

Paşinyan paralellik prinsipindən çıxış edir, ikibaşlı siyasət yürüdür və öz aləmində guya çox ağıllı “strateq” kimi gedişlər edir, kombinasiyalar qurur. Belə ki, o, bir tərəfdən sərhədlərin delimitasiyasının vacibliyindən, kommunikasiyaların açılmasının önəmindən danışır və sülh danışıqlarına hazır olduqlarını bildirir, ancaq digər tərəfdən isə biz ənənəvi erməni xislətindən törəyən təxribatları, teraktları, atışmaları demək olar ki, tez-tez müşahidə etməkdəyik. Elə bu günlərdə baş verən olaylar da bunu deməyə və əslində Paşinyanın sülhə dair açıqlamalarında səmimi olmadığını düşünməyimizə əsas verir. Bu gün nə Paşinyan, nədəki bütövlükdə erməni cəmiyyəti sülhə hazır deyil. Onlar yalançı “sülh”dən dəm vurub dünyanı aldatmağa çalışa bilərlər, ancaq bizi aldatmaları isə qeyri-mümkündür. Sülhə hazır olan ölkə və xalq təxribat törətməz, revanşizmə can atmaz. Ancaq biz bunun əksini görürük.

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində və Ermənistan-Azərbaycan sərhəddində son günlər düşmən təxribatları daha da artıb. Şuşanın yaxınlığında erməni terrorçunun Azərbaycan Ordusunın postuna qumbara atması, eyni zamanda Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizin tez-tez atəşə tutulması Ermənistanın və separatçıların sülhə yox, revanşizmə can atdıqlarını göstərir. Məqsəd aydındır, Ermənistanın hərbi-siyasi rəhbərliyi sərhədlərin delimitasiyasını yubatmaq və sülh danışıqlarını əngəlləmək yolunu seçib. Onlar bununla vaxt qazanmağa və mövqelərini gücləndirməyə çalışırlar. Ancaq Ermənistanın bu cür hiyləgər, hoqqabaz siyasəti və separatçıların get-gedə cızığından çıxmaları son nəticədə yenə də onların öz əleyhinə işləyəcək.

Ermənistanın destruktiv mövqeyi Azərbaycanı yumşaq güc siyasətini davam etdirməklə yanaşı, qarşı tərəfin hərbi yolla sülhə məcbur edilməsi variantı üzərində düşünməyə vadar edir. Norayr Mirzoyanın qumbara ilə törətdiyi son terror hadisəsi fonunda Qarabağda antiterror əməliyyatının keçirilməsi artıq qaçılmaz olur. Bəli, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirib, 10 noyabr Bəyanatının şərtlərinin həyata keçirilməsinə nail ola bilər. Sülhməramlıların fəaliyyətsizliyi və Ermənistan hakimiyyətinin məsuliyyətsiz davranışları Dəmir Yumruğumuzun növbəti dəfə öz gücünü göstərməsinə zəmin yaradır. Lakin Azərbaycan tərəfi yenidən qan tökülməsini istəmir.

Azərbaycan dövləti və Azərbaycan xalqı sülhə, quruculuğa köklənib. Biz ermənilər kimi müharibəyə susamamışıq. Odur ki, dövlət və xalq olaraq mümkün qədər təmkinli davranır, Ermənistana şans veririk ki, sülhün vacibliyini dərk etsin. Paşinyanın qatı anti-Azərbaycan mövqeli müdafiə naziri Arşak Karapetyanı Ermənistanın müdafiə naziri vəzifəsindən azad etməsi və bu vəzifəyə Suren Papikyan kimi mülki şəxsi təyin etməsi hardasa müəyyən qədər ümid yaradır ki, Ermənistan hakimiyyəti bundan sonra konstruktiv addımlar atmağa başlayacaq. Bütün hallarda, sonda proseslər Azərbaycanı qane edən ssenari üzrə yekunlaşacaq.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »