Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı 

0

Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilmi.dir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan biridir/

Forumda qeyd olunmuşdur ki, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkə kimi tanınır.  Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Azərbaycanın Prezidenti İlham Əliyev qeyd etmişdir ki,  Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma vardır. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.

Qeyd etmək lazımdır ki, ölkəmiz pandemiya ilə mübarizədə böyük uğurlar əldə etmişdir. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu günə qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu artıq iki dozanı almışdır. Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası istifadəyə verilmişdir. Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları miqdarındadır.

Ümumilikdə əhalimiz vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycanda əsasən “Sinovac” və “Pfizer”dən peyvəndlərindən istifadə olunur.  Ölkəmizdə peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirilmişdir.

Qeyd olunmuşdur ki, rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürütmüşdür. Belə ki, Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, onlar “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşırlar. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri bu təxribata qarşı səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmiş təbliğat idi.

Dünya dövlətlərinin ikili standartlar siyasətini görən Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, yəqin ki, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.

Çünki bu müddət ərzində Ermənistan yalnız status-kvonu möhkəmləndirmək və danışıqlar formatını münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi.

Hazırda 44 günlük Müharibə nəticəsində işğaldan azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır. Artıq genişmiqyaslı bərpa proqramı həyata keçirilir. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaqlar. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. İndi postmünaqişə dövrüdür və Ermənistana bir sıra təkliflər verilmişdir. Sülh müqaviləsi üzərində işləməyə hazırıq.

Otuz illik işğal müddətində düşmənin verdiyi əziyyətlərinə, azad edilmiş ərazilərdə göstərdikləri vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Biz gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaqdır, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan tərəfi sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına tam hazırdır.

Sabir Fətəliyev — Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »