Ermənistan ordusu aprel döyüşlərində anlamalı idi ki, könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək!

0

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi bir dərs oldu.
Bu tarixi dərs “Dəmir Yumruğun” sarsıdıcı zərbəsi sayəsində həyata keçdi. Ali baş komandanın dəmir iradəsi ordumuzun, əsgərlərimizin canı, qanı ilə geri qayıdan torpaqlarımız dirçəlmə dönəminə qədəm qoydu. Artıq qarşıda duran ən önəmli vəzifələr Qarabağın bərpası, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesini həyata keçirilməsidir.
“Böyük Qayıdışın” başlanğıcı Aprel qələbəsi zamanı Cocuq Mərcanlı kəndinin bərpası ilə qoyulub. 2016-cı ilin aprel döyüşləri ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Əks hücum əməliyyatları aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə, 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Ermənistan ordusu aprel döyüşlərində anlamalı idi ki, könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək! Bəli, çox keçmədi ki, Ali Baş komandanın qətiyyəti, xalq və ordunun sarsılmaz birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi sayəsində xalqımızın illərdir yaşadığı yurd həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 44 gündə qazanılan şanlı Qələbə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Hərbi əməliyyatların bitməsindən sonra, Prezident İlham Əliyevin mütəmadi olaraq, Işğaldan azad edilmiş rayonlara səfər etməsi, dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində Füzulidə hava limanının istifadəyə verilməsi bölgənin inkişafına böyük kömək olacaq. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, Laçın və Kəkbəcər rayonlarının ərazisində hava limanının tikintisi üçün yerin seçilməsi və bu istiqzmətdə işlərin aparılması davam edilir. Torpaqlarımızın işğaldan azad edlməsindən sonra, Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi də tətbiq edilir. Bu layihə Zəngilanın Ağalı kəndini əhatə edəcək. Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı, bu layihənin təməlini qoyub. Bununla da azad edilmiş ərazilərdə beynəlxalq standartlara cavab verən yeni inkişaf modelinin icrasına başlanılıb. Layihədə ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə, 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğulayıb ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracayıq ki, bütün dünya bizə qibtə edəcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və ikinci Qarabağ müharibəsindəki birrinci ciddi uğurumuz da, məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bütün bunlar Qarabağın bərpası və yenidənqurmasının bir hissəsidir. Təbii ki, ermənilərin 30 ildir ki, talan edib, viran qoyduğu yerləri qısa müddətdə bərpa etmək çətindir. Amma, hazırda bu istiqamətdə görünən işlər ölkə başçısının diqqət mərkəzindədir.
30 ildir ki, torpaq həsrəti ilə yaşayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında, yaxın zamanda Qarabağa qayıdacaq. Elə Cənab Prezidentin də hazırki hədəfi budur. Bu hədəfə çatmaq Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycanın yenilməz ordusu və xalqın birliyi ilə baş tutur.
Qarabağımız, rahat nəfəs al, “Böyük Qayıdış”başlayıb!
Rafik ƏZİZOV

Leave A Reply

Your email address will not be published.

Tərcümə »