Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Günahsızlar” tamaşası ilə açacaq

0

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanmış tamaşa ilə açacaq.
Teatrın direktoru Məhəmməd Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi “Günahsızlar” tamaşası Qarabağ hadisələrinə həsr olunub. Bu mövsüm teatrda, həmçinin Ə.Haqverdiyevin “Dağılan tifaq” əsəri tamaşaya qoyulacaq. Bundan başqa yeni mövsümdə uşaq tamaşalarının hazırlanması da nəzərdə tutulur.
Məhəmməd Hüseynov deyib ki, bir neçə ay öncə Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti Ağdam Dövlət Dram Teatrının qonağı olub. Görüş zamanı iki teatr arasında yaradıcılıq əlaqələri müzakirə edilib, qarşılıqlı əməkdaşlığa dair niyyət sazişi imzalanıb. Sazişə əsasən, teatrlar arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi planlaşdırılır.
O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin, işğal altında olan torpaqlarımızın azad edilməsinin hər bir azərbaycanlı kimi, teatrın kollektivini də qürurlandırdığını, yeni yaradıcılıq uğurlarına sövq etdiyini söyləyib. “Vətən müharibəsində qazanılan qələbə sayəsində Ağdam şəhəri də azadlığına qovuşdu. Mən də bir çox həmyerlilərim kimi 30 ilə yaxın həsrətində olduğum Ağdamı gedib gördüm. Şəhərdəki bütün tikililər, o cümlədən Ağdam Dram Teatrının binası erməni vandalları tərəfindən dağıdılıb. Kollektivimizlə Ağdamda – teatrın binasının qalıqları qarşısında kompozisiya göstərmək istəyirik. Bunun üçün Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması əsasında kompozisiya hazırlamışıq”, – deyə Məhəmməd Hüseynov bildirib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »