FUAD QƏHRƏMANOV – Vətən müharibəsi dövründə canlarını Vətən yolunda qurban verən hər bir şəhidi balam bilirəm
FUAD QƏHRƏMANOV – Vətən müharibəsi dövründə canlarını Vətən yolunda qurban verən hər bir şəhidi balam bilirəm.
Fuad Qəhrəmanov Azərbaycanda öz sözünü deyən, peşəkar və uzun müddət milli mətbuatımızda fəal şəkildə çalışan bir jurnalistdir.
O, bu peşəkarlığa zəhməti, öyrənməsi və yorulmadan qələm çalması ilə nail olub. F. Qəhrəmanov hər gün yeni bir mövzuya müraciər edir, yazacağı sahənin problemlərini, incə məqamları diqətlə öyrənir və sonra qələmə sarılır.
Fuad Qəhrəmanov Cahangir oğlu 1966-cı ildə Salyan rayonunun Boranıkənd kəndində dünyaya göz açıb.
Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sovetlər birliyi dağılanadək, Salyan rayon ROİ idarəsində Baş Aqranom vəzifəsində çalışıb. Sonralar müxtəlif işlər də çalışsa da, artıq 17 ildir ki, bir vaxtlar Salyon rayon İH-nin qəzetində redaktor müavini çalışan mərhum əmisi Qəhrəmanov Fazilin yolunu davam etdirir.
İctimairey.az F. Qəhrəmanov aparılan qısa müsahibəni diqqətinizə çatdırır.
– Bu peşəni nədən seçdiniz?
– Sözün doğrusu, bu peşəni seçməkdə məqsədim, haqsızlıqları yazıb, istinad olunası təşkilatları agah etmək və insanların pozulmuş hüquq və haqqlarının bərpa edilməsində az da olsa, köməkliyimin dəyməsi istəyi olub. Əsl jurnalist xalqına xidmət eləməlidir.
– Nail olmusunuzmu, bir iş görə bilmisinizmi?
– Əlbəttə. Mən deyərdim ki, bu illər ərzində çox xeyirxah işlər görmüşəm. Düzü deyim ki, daha çox şikayət ərizələri almışam. Elə bu gün də, demək olar ki, hər gün alıram. Görünür ki, insanlar fəaliyyətimdən razı qaldıqları üçün, mənə daha çox müraciət edirlər. Məişət qazı olmayan, işıq çəkdirmək istəyən, əkin sahəsini suvara bilməyən, haqqı tapdanan, hətda doğum üçün, xəstəxanaya gedən də müraciət edib. Mən öz işimlə qürur duyuram. Bilirsiniz niyə? Bu dünyada var-dövlət qazana bilməsəm də, axirətimi qazanmağım üçün çalışıram.
– Heç elə olubmu ki, hansısa idarə-təşkilat rəhbərliyinə müraciət edəsiniz, sözünüzü dinləməsinlər?
– Mən deyərdim ki, yox. Şükürlər olsun, yaşadığım rayonda sözüm imkan daxilində ötüb. Hər hansı bir idarə, təşkilat, müəssisə olsun, əhalinin müraciətini, problemlərini onlara çatdırdıqda, müsbət mənada həll etməyə çalışıblar.
– Səhv etmirəmsə, TV kanalda ekspert kimi də çıxış etmisiniz.
– Bəli. “Qorxma, mən səninləyəm” layihəsinin eksperti olmuşam. Təkcə Pandemiya dövründə yaşadığım kəndin iş adamlarına, sahibkarlara səslənməyimlə lazımı qədər az təminatlı insanlara ərzaq paylaya bildik.
– Bir ara, Fb səhifənizdə su məsələsi ilə bağlı paylaşımlar edirdiniz. Bu nəylə bağlı idi?
– Hə yadıma düşdü. Bu Neftçala rayonunda içməli su qıtlıqı yaranan zaman idi. Millət Vəkili Jalə Əhmədova, sağ olsun, tez bir zamanda bu məsələnin həll olması üçün, işə başladı. Jalə xanım Əhmədovanın çağırışına dəstək oldum və ik ay Neftçala rayonuna sisternlərlə su daşımağı təşkil etdim. Əlbəttə, Milli Məclisin çox saylı deputatlarının mənə göndərdikləri vəsait hesabına.
– Vətən müharibəsi zamanı da, gördüyünüz işlərin sorağını almışam. Bu barədə nə deyə bilərsiniz?
– Vətən müharibəsi dövründə canlarını Vətən yolunda qurban verən hər bir şəhidi balam bilirəm. Onların hər birinin dəfnində iştirak edib, göz yaşımı tuta bilməmişəm. Məkanları cənnət olsun. Şəhid valideynlərinə Allahdan səbr diləyirəm. Vətən Müharibəsi dövründə dostlarımla birlikdə, Millət Vəkili Jalə xanım Əhmədovanın çağrışına qatılıb, yaşadığım kənddən iki gün ərzində 17.000 manat vəsait toplayıb Müdafiə Nazirliyi Fondunun hesabına köçürdük.
– Sonda ürək sözlərinizi eşitmək istərdik
– Bu vətən hamımızındır, hər bir Azərbaycan vətəndaşınındır. Biz olmayanda da, bu vətən duracaq, yaşayacaq. Bilirsiniz, ötür- ötür dünyasıdı. İstərdim ki, gələcək nəsillər də, bütün qanları, canları ilə Vətənə bağlı olsunlar, onu sevsinlər. Vətən yolunda canlarından keçən şəhidlərimizə, fədakarlıqla bu Vətənə qulluq edənlərə baxıb, örnək götürsünlər və yolumuzu davam etdirsinlər.
Müsahibəni apardı Güloğlan Məmmədov.
İctimairey.az