Bu günlərdə Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə çox mühüm məsələlərə toxundu.
Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, İkinci Qarabağ müharibəsinin başlamasına səbəb olan amillər, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, ikili beynəlxalq standartlar, postmüharibə dövründə dayanıqlı sülhün təmin olunması, ölkəmizə qarşı informasiya təxribatları, 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasının təmin olunması, Zəngəzur dəhlizinin açılması və ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən digər vacib məqamlara münasibət bildirdi.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
Deputat deyib: “Qeyd etmək istərdim ki, bu gün Ermənistanın üzləşdiyi uğursuzluqların əsas səbəbi onun öz işğalçı siyasətindən əl çəkməməsidir. Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri, əsassız ərazi iddiaları Ermənistanın qaçılmaz məğlubiyyətinə gətirdi. Belə görünür ki, Ermənistanın hakimiyyətə yeni gəlmiş rəhbərliyi hansısa hərbi uğurla da öyünmək istəyirdi, lakin bu səhvin nəticələri onlar üçün çox ağır oldu. Çünki hər bir ölkənin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Ermənistan isə bu keyfiyyətdən məhrumdur”.
O bildirib ki, əslində, beynəlxalq vasitəçilər müharibənin qarşısını ala bilərdilər. Əgər Ermənistana vaxtında ciddi təzyiq göstərilsəydi, sanksiyalar tətbiq olunsaydı, müharibəyə ehtiyac qalmazdı. Lakin Minsk qrupunun status-kvo ilə bağlı manipulyasiyaları vasitəçilik institutunun legitimliyini sual altına qoydu. İndiki dövrdə isə Minsk qrupu tamamilə fəaliyyətsizdir. Müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif gəlməyib.
Hazırda münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın reallıqlarla barışmaq istəmədiyini söyləyən deputat deyib: “Bu gün Ermənistan təbliğat maşını Azərbaycan-Rusiya münasibətlərinin pozulmasını əsas hədəf seçib. Lakin Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli münasibətlərdir və Ermənistanın mənfur təbliğat cəhdləri uğursuz olacaq.
Bu gün Ermənistan üçün Azərbaycanla münasibətləri normallaşdırmaq önəmlidir. Çünki daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlışdır. Ermənistan maraqlı olmalıdır ki, həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətləri normallaşdırsın. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayan ermənilər anlamalıdırlar ki, xoşbəxt gələcəkləri ancaq Azərbaycan dövləti ilə bağlıdır. Bizim ölkəmiz strateji nöqteyi-nəzərdən gələcəyə barış mövqeyindən yanaşır. Bu baxımdan Ermənistan onun üzərinə düşən öhdəlikləri icra etmək məcburiyyətindədir. Çünki Ermənistanın kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə götürdüyü öhdəliklərdən biri də odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu gün Zəngəzur dəhlizinin açılması ilə bağlı davamlı işlər görülür. Zəngilana həm dəmir yolu, həm də avtomobil yolu çəkilir. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir.
Əminik ki, o ərazilər tezliklə bərpa olunacaq və müharibədən əvvəl orada yaşamış bütün insanlar öz doğma yurdlarına qayıdacaqlar”.
MƏMƏMMƏDOV GÜLOĞLAN: İCTIMAIREY.AZ