Azərbaycan səfiri: İkinci Qarabağ müharibəsi beynəlxalq hüququ bərpa edib

0

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin RFİ radiosuna müsahibə verib.

Həmçinin müsahibənin mətni “Azərbaycanın Fransadakı səfirinin fikrincə, İkinci Qarabağ müharibəsi beynəlxalq hüququ bərpa edib” başlıqla radionun internet portalında dərc olunub.
İctimairey.az xəbər verir ki, müsahibədə əvvəl Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin sentyabrın 27-də başladığı və 44 günlük müharibənin Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsi ilə başa çatdığı qeyd edilib. Azərbaycan Ordusunun 1990-cı illərdə itirdiyi rayonları azad etdiyi vurğulanıb.
Sonra səfir Rəhman Mustafayevlə müsahibənin mətni təqdim edilib. Səfir müsahibədə qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin müddəalarına uyğun olaraq, beynəlxalq hüququn bərpa olunmasına təkbaşına nail olub və Ermənistan silahlı qüvvələrini 30 il işğal altında saxladığı ərazilərdən çıxarıb. Artıq regionda yeni nizam yaranıb.
Bildirib ki, Minsk qrupunun mandatı mövcud olsa da, onun indiki reallıqlara adaptasiya etməsi zərurətdir. Azərbaycan Minsk qrupunun səylərini bir şərtlə qəbul edir, o, qərəzsiz olmalıdır. Həmçinin Minsk qrupu anlamalıdır ki, münaqişə artıq həllini tapıb. Belə ki, münaqişənin səbəbi Azərbaycan torpaqlarının işğalı idi və bu gün o torpaqlar artıq azad edilib.
Bu gün bir çox məsələlər üçün dəstək gözlənilir: Azərbaycan üçün böyük çağırış olan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi, həmin zonaların yenidən qurulması və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlı mülki əhalinin və hərbçinin taleyi. Ancaq mütləq prioritet sülh sazişinin imzalanmasıdır. Müharibə başa çatıb, ancaq Ermənistanla rəsmi sülh yoxdur. Bütün səylər bu istiqamətdə sərf edilməlidir.
Sülh şərtlərindən söz açan səfir diqqətə çatdırıb ki, Azərbaycanın inzibati bölgü xəritəsində Dağlıq Qarabağ bölgəsi deyilən bir ərazinin olmadığı birmənalı olaraq qəbul edilməlidir. Ölkəmizdə inzibati mərkəzi Xankəndi olan Xocalı rayonu da daxil olmaqla 66 rayon var. Bu yeni regional reallıqdır. Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası üzərində çalışılmalıdır. Artıq Ermənistana bu istiqamətdə ikitərəfli komissiya yaradılması ilə bağlı təklif etmişik, çünki bu iki ölkəyə məxsus olan məsələdir. Minsk qrupu da təkliflər verə bilər, ancaq əsas iş iki ölkə arasında olmalıdır.
Səfir vurğulayıb ki, bu, qonşuları ilə iqtisadi, siyasi və mədəni mübadiləyə ehtiyacı olan Ermənistanın maraqları naminə edilə bilər. Ermənistanın İran və Rusiya bazarlarına dəmir yolu vasitəsilə çıxışını təmin edə bilərik. Ölkələrimiz arasında sülh üçün perspektivlər mövcuddur.
İki ölkə arasında dialoqun olması ilə bağlı səfir deyib ki, bir neçə gün əvvəl Minsk qrupunun himayəsi ilə Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirləri arasında fikir mübadiləsi aparmaq və bölgədəki vəziyyəti qiymətləndirmək məqsədilə işçi görüş keçirilib. Bu, ötən il müharibə bitəndən sonra ilk belə görüşdür.

Məmmədov Güloğlan  İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »