Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının üzvləri bir araya gəlib

0

Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin sədri Əli Təkin Ataların ev sahibliyi ilə keçirilən tədbirdə çoxsaylı icma nümayəndələri, Britaniyadakı Azərbaycan səfirliyinin əməkdaşları, o cümlədən səfir Elin Süleymanov, eləcə də Milli Məclisdə Britaniya ilə Dostluq Qrupunun sədri Cavanşir Feyziyev bir araya gəlib.
Tədbirdə çıxış edən Əli Atalar Böyük Britaniyada yaşayan azərbaycanlı icma nümayəndələrinin hər zaman bu ölkənin siyasi və ictimai dairələrində Azərbaycanın tanıdılması və təbliğinə öz töhfəsini verdiyini qeyd edib və bu səyləri davam etdirməyə hazır olduqlarını söyləyib.
Səfir Elin Süleymanov xarici ölkələrdə, o cümlədən Britaniyada yaşayan həmvətənlərimizə vətənimizin hüdudlarından kənarda yaşamalarına baxmayaraq Azərbaycana olan bağlılıqlarını qoruyub saxladıqlarına, eləcə də yaşadıqları ölkələrdə Azərbaycanın təbliğatı istiqamətində göstərdikləri səy və fədakarlıqlara görə minnətdarlıq bildirib. Səfir, bu xüsusda, uzun illər Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin Britaniyada tanıdılması uğrunda yorulmadan çalışan Əli Atalar və onun timsalında icmamızın digər fəal üzvlərinə xüsusi təşəkkürünü ifadə edib.
E.Süleymanov, Azərbaycan üçün tarixi bir anda – ötən il 44 günlük Vətən müharibəsi dövründə Britaniyada, eləcə də bütün xarici ölkələrdə yaşayan azərbaycanlı icma nümayəndələrinin Müzəffər Ali Baş Komandan, Azərbaycan ordusu və xalqı ətrafında sıx birləşərək haqq səsimizin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyət sərgilədiklərini və bununla da dünyaya nümunə göstərdiklərini xatırladıb.
Səfir əlavə edib ki, Ali Baş Komandanın liderliyi altında Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaət və mərdlik, eləcə də xalqımızın qətiyyət və birliyi sayəsində ölkəmiz Vətən müharibəsində qalib gələrək dünya tarixinə adını müzəffər və qalib ölkə kimi yazdırıb. E.Süleymanov bu tarixi nailiyyətin, həmçinin bundan sonrakı nəsillər üçün yeni məsuliyyət yaratdığını söyləyib və Britaniyada yaşayan həmvətənlərimizi bundan sonra da azərbaycanlıların səsinin Britaniya siyasi və ictimai dairələrinə çatdırılması istiqamətində aktiv olmağa səsləyib.
Elin Süleymanov, həmçinin Britaniya da daxil olmaqla dünyanın hər bir yerində Azərbaycan icmasına dəstək verən türk icması nümayəndələrinə xüsusi minnətdarlıq bildirib və ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin bu gün dünyada bir-birinə iki ən yaxın ölkə olduğunu vurğulayıb. Səfir, eyni zamanda əlavə edib ki, bu gün ölkələrimiz bir-birinə tarix boyu heç olmadığı qədər yaxındır. Səfir Azərbaycan icmasının da hər zaman türk qardaşlarımızın yanında olmasının vacibliyinə diqqət çəkib. O, Azərbaycan icmasına göstərdikləri dəstəyə görə Pakistan, İsrail və bu kimi digər dost ölkələrin nümayəndələrinə də minnətdarlığını ifadə edib.
Bu gün müstəqil, suveren və güclü dövlət olan Azərbaycanda hökm sürən multikultural və tolerant mühitdən söz açan səfir ölkəmizdə dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasından bəhs edərək, ölkəmizin bu xüsusda dünya dövlətləri üçün parlaq nümunə təşkil etdiyini qeyd edib.
Azərbaycanlı icma nümayəndələrini hər zaman yaşadıqları ölkələrin qanunvericiliyinə hörmətlə yanaşmağa və ictimai həyatında fəal iştirak etməyə çağıran E.Süleymanov Azərbaycanın Britaniyadakı səfirliyinin bütün vətəndaş və soydaşlarımızın evi olduğunu və səfirliyin qapılarının onlar üçün daim açıq olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev Britaniyadakı azərbaycanlı icma nümayəndələrinin indiyədək gördüyü işlər, xüsusən ötənilki Vətən müharibəsi dövründə həyata keçirdiyi çoxsaylı etiraz aksiyaları və digər tədbirləri xatırladıb. Azərbaycanın regionda müzəffər və söz sahibi olan bir ölkəyə çevrilməsinin və post-münaqişə dövründə regionda yaranmış yeni reallıqların dünyaya çatdırılmasının əhəmiyyətini vurğulayan deputat, sədri olduğu Milli Məclisdə Britaniya ilə Dostluq Qrupunun Azərbaycan həqiqətlərinin Britaniya Parlamentində irəli aparılması uğrunda gördüyü işlərdən bəhs edib.
Tədbirdə, həmçinin Britaniyada yaşayan türk icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak edib.
Aynurə Tağıyeva

Leave A Reply

Your email address will not be published.

Tərcümə »